Əlaqə Arxiv
news Image
2012.11.16
12:00
| A A A
Qubanın ağ almasının qara günləri
Vahid Məhərrəmov: "Hazırda emal müəssisələri üçün Qubadakı almanı almaq sərf etmir" Akif Nəsirov: "Fermerin yerli və xarici bazara çıxışı asanlaşdırılmalıdır"

Bu günlərdə millət vəkili Vahid Əhmədov parlamentdə çıxışında Quba əhalisinin yetişdirdiyi alma məhsulunu sata bilmədiklərini diqqətə çatdırıb. O bildirib ki, Qubada cari ildə alma məhsulu bol olsa da, əhali onu sata bilmədiyindən çaya atır. Qeyd edək ki, yerli alma məhsulu ölkədə bol olsa da  xaricdən də Azərbaycana xeyli miqdarda həmin məhsuldan gətirirlər. Özü də xaricdən gətirilən məhsullar əsasən genləşdirilmiş məhsuldur.

Bunun müqabilində Azərbaycan əhalisi öz təmiz məhsulunu sata bilmir. Görəsən, fermerlərin alma məhsulunu sata bilməməsində yaranmış problemlər nədən ibarətdir?

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmovun fikrincə, Quba almasının satılmamasının əsasında emal müəssisələrinin bu məhsulu qəbul etməmələri dayanır: "Quba fermerlərinin almanı sata bilməməsi problemi istehsalla bağlıdır. Dəfələrlə vurğulamışıq ki, ölkədə keyfiyyətli uzun müddət saxlanılması mümkün olan meyvə-tərəvəz istehsal olunmalıdır ki, həmin məhsullar tez xarab olmasın. Ona görə də məhsulun keyfiyyətinə, məhsuldarlığa xüsusən diqqət yetirilməlidir. Hazırda daxili bazarda almaya olan tələbatımızı belə ödəyə bilmirik. Bu da almanın qiymətinin baha olması və alıcılıq qabiliyyətinin aşağı olmasından irəli gəlir. Bu iki məqam bir-birindən həddən artıq asılıdır. Qubalı fermerlər yetişdirdikləri alma məhsulunu sağlam olmadığına görə çaya tökürlər. Onu uzun müddət saxlamaq mümkün deyil. Belə olsaydı, saxlayıb qışda daha yüksək qiymətə satardılar. Millət vəkili Vahid Əhmədov da yəqin ki, alma ilə bağlı problemi emal müəssisələrinin həmin məhsulu qəbul etməsi üçün qaldırıb. Lakin hazırda emal müəssisələri üçün Qubadakı almanı almaq sərf etmir. Onlar hardansa asanlıqla ucuz qiymətə konsentrat əldə edirlər. Alma isə qəbul olunandan sonra yuyulmalıdır, sıxılandan sonra da onun daşınması və atılması kimi problemlər var. Emal müəssisələri də həmin problemlərlə məşğul olmaqda maraqlı deyillər. Bu tip emal müəssisələr fermerlərin nəzdində yaradılsaydı, vəziyyət belə olmazdı. Hökumət hər hansı formada çalışmalıdır ki, fermerdə istehsal prosesində maraqlı olsun. Hökumət ilk növbədə daha yaxşı sort almanın gətirilməsinə nail olsun. Həmçinin istehsal olunan məhsulun keyfiyyəti yüksək olmalıdır ki, onu uzun müddət saxlamaq mümkün olsun. Saxlama şəraiti də yaxşılaşdırılmalıdır. Alma məhsulu müəyyən dövrdə tam yetişməmiş dərilməlidir və eyni vaxtda aşağı temperaturda saxlanılmalıdır. Bunun üçün də xüsusi mexanizm, avadanlıq tələb olunur. Belə avadanlıqlar isə ölkəmizdə yoxdur. Həmçinin almalar xüsusi vasitələrlə "obrabotka" olunmalıdır. Bu kimi tədbirlər isə vəsait tələb edir. Nə qədər ki, məsələ həllini tapmayıb, alma ilə bağlı problemlər də uzanmaqda davam edəcək. Problemin kökünü dərindən araşdırmaq üçün kənd təsərrüfatına rəhbərlik edən şəxslər Milli Məclisə çağırılmalıdır ki, onlardan qəbul olunan proqramların nə dərəcədə yerinə yetirilməsi, ayrılan vəsaitlərin hara xərclənməsi soruşulsun".

Müstəqil iqtisadçı ekspert Akif Nəsirov da Quba almasının satılmaması problemini emal müəssisələrinin onları qəbul etməməsilə əlaqələndirdi: "Bazar iqtisadiyyatı ölkələrində istehsal olunan məhsulun satılıb-satılmaması özünü çox aktual şəkildə büruzə verir. Təkcə alma deyil, bütün kənd təsərrüfatı məhsulları dünyanın əksər dövlətlərində mövsümi yetişir. Alma məhsulu da yay və payız aylarında bol olur. Digər tərəfdən, həmin məhsulun saxlanması və satışının təşkili kimi məsələlər təkcə fermerin üzərinə düşməməlidir. Dövlət istehsal olunan məhsulun statistikasını uçota alıb məhsulun bazarın tələbatına uyğun olub-olmadığını da dəqiqləşdirməlidir. Buna uyğun da məhsul istehsalı ilə bağlı fəaliyyət proqramı hazırlanır. Azərbaycanda kənd təsərrüfatı zəif inkişaf etdiyindən dövlətin dəstəyi olmadan fermerlər mövcud problemləri təkbaşına həll edə bilməzlər. Birincisi, fermerin yerli və xarici bazara çıxışı asanlaşdırılmalıdır. Dövlətin dəstəyilə bölgələrdə saxlama kameraları tikilib. Bildiyimə görə belə saxlama kameraları Qubada və ona yaxın rayonlarda da var. Həmin kameralardan səmərəli istifadə edilməsi yolu ilə məhsulun qış və yaz aylarına saxlanılması təşkil olunmalıdır. Digər tərəfdən ixracatla bağlı problem də həllini tapmalıdır. Almanın satış probleminin həlində əsas yol xaricə çıxışdır. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qəbulu məsələsi reallaşdığı təqdirdə də fikrimcə, kənd təsərrüfatı məhsullarının bolluğundan çəkdiyimiz əziyyət 50-60 faiz aradan qalxacaq. Çünki sərbəst şəkildə təbii məhsula ehtiyacı olan ölkələr var ki, meyvə-tərəvəzimizi də həmin ölkələrə sata bilərik. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv qəbul olunsa, bu quruma üzv ölkələrə çıxışlar asanlaşacaq, belədə alma ilə bağlı problemlər də aradan qalxa bilər. Bu halda dövlətin yardım proqramlarına da o qədər ehtiyac qalmır.

Çünki sahibkar maneəsiz olaraq hərəkət edərək, məhsulunu ixracın daha çox mənfəət gətirən məkanlarına daşımaqda geniş imkanlar qazanacaq. Onu da qeyd edim ki, hazırda Avropa ölkələrini genləşdirilmiş alma və digər meyvə məhsulları bürüdüyündən həmin dövlətlərin Qubanın saf almalarına böyük ehtiyacı vardır. Amma biz burada onlara sahib dura bilmirik".

Sizin Reklam Yeriniz