Məlum həqiqətdir ki, hazırda ölkəmizdə xeyli sayda valyutdəyişmə məntəqəsi fəaliyyət göstərir. Həmin valyutadəyişmə məntəqələrinin qazancı isə valyuta məzənnəsinin fərqindən olan gəlirlərdən formalaşır. Lakin maraqlıdır ki, bu gəlirlərdən hələlik heç bir vergi tutulmur. Amma bir çox xarici praktikada dəyişdirilən valyutanın dəyərinə uyğun verginin tətbiqi mövcuddur. Elə MDB ölkələrindən Ukrayna da bu kimi vergitutulma mexanizminin tətbiqinə hazırlaşır. Bəs görəsən həmin vergitutma mexanizmi ölkəmiz üçün nə dərəcədə effektiv olar? Burada isə ekspertlər fikirləri fərqlidir.
İqtisadçı ekspert Samir Əliyev
bildirir ki, Azərbaycanda valyutadəyişmə prosesi Avropa ölkələri
ilə müqayisədə kifayət qədər liberaldır: "O baxımdan ki, bu gün
istədiyimiz məbləğdə pul dəyişə bilərik. Valyuta dəyişməsi zamanı
da bizdən heç bir sənəd tələb olunmur. Amma halbuki inkişaf etmiş
ölkələrdə belə, konkret olaraq Avropanın əksər ölkələrində valyuta
dəyişdirilməsi zamanı mütləq sənəd tələb olunur. Digər tərəfdən də
orada valyuta dəyişdirilən zaman əlavə komisyon haqlarüı da
tutulur. Ona görə də müqayisə etsək, Azərbaycanda hər hansı
valyutanı dəyişmək sərfəlidir, nəinki Avropada. O baxımdan
Azərbaycanda bu iş sadədir və müştəri üçün daha əlverişlidir".
Samir Əliyev bildirdi ki, bizdə vergitutma prinsipi bir qədər başqadır: "Çünki, maliyyə xidməti göstərən qurumlar sadələşdirilmiş vergi ödəyicisi ola bilməz. Digər tərəfdən ƏDV ödəyicisi də ola bilməz. Sadəcə olaraq ƏDV ödəyiciləri ya bankların tərkibində, ya da onların lisenziyası əsasında fəaliyyət göstərir. Burada əsas vergi ödəyicisi qismində bankın özü iştirak edir. Odur ki, bütün vergi yükünün az olması valyuta dəyişməsinin daha ucuz olmasına gətirib çıxarıb. O baxımdan hazırda Azərbaycanda olan sxemin tərəfdarıyam. Çünki, bu, müştəri üçün çox rahatdır".
Ekspert qeyd etdi ki, Mərkəzi Bank hər gün Azərbaycan manatının xarici valyutalara nisbətən məzənnəsini dərc edir: "Burada müəyyən bir limit də qoyur ki, valyutadəyişmə məntəqələrində Mərkəzi Bankın qoyduğu limitdən çox ola bilməsin. Bu əslində ölkədə valyutaların qiymətini tənzimləmək üçündür. Yəni, hərə öz bildiyi qiymətə satmasın. Əgər bizdə də həmin vergi tətbiq edilərsə, valyutadəyişmə məntəqlərdəki qiymətlərə Mərkəzi Bank qiymətləri arasındakı fərqin böyüməsinə gətirib çıxaracaq. Eyni zamanda həmin valyutdəyişmə məntəqələri öz vergilərini kompensasiya etmək üçün əhalidən əlavə komisyon haqları tutacaqlar. Bu da nəticədə insanların daha baha qiymətə valyuta dəyişməsinə gətirib çıxaracaq".
İqtisadi Resursların
Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev bildirir ki,
Azərbaycanda valyutadəyişmə xidmətləri əsasən banklar tərəfindən
həyata keçirilir: "Burada əlavə haqq tutulmur. Həmin xidmət zamanı
sadəcə olaraq valyutanın məzənnə fərqindən gəlirlər formalaşır.
Amma bankda hesab açılanda valyuta dəyişməyə ehtiyac yaranan zaman
banklar konventasiya fəaliyyəti həyata keçirirlər. Həmin
konventasiyaya görə, məzənnə fərqindən əlavə komisyon haqqı
tutulur. Bütün bunlardan da gəlirlər əldə olunur ki, bu gəlirlərə
görə də banklar müvafiq qaydada gəlir vergisi verirlər. Amma Avropa
ölkələrində geniş spektrlı, adi valyutdəyişmə məntəqəsinə müraciət
edilən zaman əhalidən əlavə komisyon haqqı tutulur. Yəni, məzənnə
fərqindən əlavə pul ödənilir. Bu əlavə tutulan məbləğ də
dəyişdirilən valyutanın miqdarına görə dəyişkən olur. Müvafiq
olaraq da həmin vəsaitlər yenə də vergiyə cəlb olunur".
Ekspert bildirdi ki, göstərilən hal bizdə tətbiq olunarsa, bu, yalnız valyutdəyişmə məntəqələri üçün ola bilər: "Çünki, banklarda açılmış hesablara görə , onsuz da konventasiya haqları tutulur. Bu mexanizmin tətbiq olunması valyutdəyişmə məntəqələri arasında rəqabətin daha da artmasına gətirib çıxaracaq. Çünki, əhali daha az komisyon haqqı tutan məntəqəyə müraciət edəcək. Amma bu gün həmin mexanizmin tətbiqinə o qədər də ehtiyac yoxdur. Çünki, banklarda faiz dərəcələrinin yüksək olduğu bir şəraitdə belə bir mexanizmin tətbiq olunması məqsədəuyğun hesab olunmur. Gələcəkdə isə xidmət keyfiyyətinin artırılması baxımından nəzərdən keçirilə bilər".
Ruslan Atakişiyev onu da qeyd etdi ki, əlavə olaraq komisyon haqlarının tutulması məzənnələrin dəyişməsinə təsir etmir: "Çünki, o, öz əksini məzənnənin daxilində yox, sadəcə əlavə xidmət haqq kimi alınır. Məzənnələrin müəyyənləşdirilməsi isə Mərkəzi Bank tərəfindən həyata keçirilir".