ABŞ-ın "The Washington Times" qəzeti yazır ki, Barak Obamanın ABŞ prezidenti olduğu illər ərzində ölkənin borcu, demək olar, iki dəfə artıb və bu, ölkə prezidentinin mirasının onun haqqında danışmamağı üstün tutduğu hissəsidir. Qəzet , həmçinin yazır ki, yeni büdcə anlaşmasına əsasən, ABŞ dövlət borcunun limiti genişləndirilib ki, bu, ABŞ xəzinəsinə Obamanın prezidentlik müddətinin sonuna təxminən daha 1.5 trilyon dollar borc almağa imkan verir. Hazırda ABŞ-ın dövlət borcu 18.15 trilyon dollar təşkil edir. Bu gedişlə prezidentlik müddəti başa çatanadək Obama ölkəyə 20 trilyon dövlət borcu saxlayacaq. Obama 2009-cu ildə ABŞ prezidenti olarkən Birləşmiş Ştatların dövlət borcu 10.6 trilyon dollar təşkil edib.
Borcların bu həcmdə artması isə ABŞ iqtisadiyyatında vəziyyətin heç də ürəkaçan olmadığından xəbər verir. "Financial Times" qəzeti də yazır ki, ABŞ iqtisadiyyatının zəifləməsi və durğunluq trendinə daxil olması ehtimalı getdikcə artır. Qeyd olunur ki, ABŞ iqtisadiyyatının yaxın 1 il ərzində resessiya mərhələsinə daxil olması ehtimalı 20%-ə yüksəlib. "Financial Times" qəzetinin Federal Ehtiyat Sisteminin (FES) yanvar iclasından sonra 51 iqtisadçı arasında apardığı sorğuda ABŞ-ın resessiyaya girməsi ehtimalının başlıca səbəbləri kimi ölkənin zəif iqtisadi göstəriciləri, qlobal bazarlarda sərt dalğalanmalar və Çin iqtisadiyyatının yavaşlaması amilləri göstərilib. Qeyd edək ki, "Financial Times"ın 2015-ci ilin dekabrında təşkil etdiyi analoji sorğuya əsasən, ABŞ-da qarşıdakı 2 ildə resessiya ehtimalı 15% olub.
ABŞ nə qədər güclü, inkişaf etmiş iqtisadiyyata malik olsa da onun da xarici borcları ÜDM-in düz 106 faizi həcmindədir. Hazırda adambaşına düşən xarici borcun məbləği isə təxminən 58 min 500 dollar təşkil edir. Müqayisə üçün qeyd edək ki, dünyanın ikinci ən iri iqtisadiyyatına malik olan Asiya nəhənginin-Çinin xarici borcları ÜDM-in heç 40 faizinə də çatmır.
İnkişaf etmiş ölkələrin xarici borc göstəriciləri Qərb kapitalizminin hansı riskli mərhələyə gəlib çatdığını göstərir. Hazırda astronoik məbləğlərdə borclanma dünya iqtisadiyyatını təhdid edən əsas səbəblərdən biridir. 2008-ci ildə qlobal maliyyə böhranı da məhz bu borc piramidasının azacıq silkələnməsi nəticəsində baş vermişdi. İndi də belə təhlükə mövcuddur.
Yanvarın 29-da Yaponiya Mərkəzi Bankı (BOJ) qlobal resessiyaya qarşı ölkədəki faiz səviyyəsini mənfi bölgəyə çəkib. Bununla da, fevralın 16-dan Yaponiyada banklara verilən kreditlər üzrə faiz dərəcəsi mənfi 0,1% təşkil edəcək. Bundan əvvəl, Avropa Mərkəzi Bankı (ECB) da uçot dərəcəsini minimal səviyyəyə - mənfi zonaya çəkib. Hazırda Avrozonada banklar üçün faiz dərəcəsi mənfi 0,3%, uçot dərəcəsi isə 0,05% təşkil edir.Ekspertlər hesab edir ki, bu hal ABŞ-ın dünya maliyyə bazarlarında mövqelərənə təsir edir və onun resessiyaya girməsi ehtimalını gücləndirəcək iqtisadi göstəricilər açıqlanacağı təqdirdə FES uçot dərəcəsinin artırılması prosesini bu il dayandıra bilər. Bundan əlavə, FES yeni, üçüncü monetar ekspansiya əməliyyatı barədə də düşünə bilər. Hadisələrin bu istiqamətdə cərəyan etməsi maliyyə bazarlarında ciddi dəyişikliklər yaradacaq: dolların məzənnəsi 1,2 avroya qədər zəifləyə bilər, fond indeksi əlavə likvidlik səbəbindən 15-20% yüksələcək, xammal qiymətləri, xüsusilə də neftin qiyməti kəskin artaraq 70-80 dollara çata bilər. Neftin bahalaşması isə dolların kəskin ucuzlaşması deməkdir.
Yeni qlobal iqtisadi böhranın yenidən ABŞ-dan başlaması da istisna olunmur. Qeyd olunduğu kimi, dünya iqtisadiyyatının əsas mühərriki olan ABŞ-da vəziyyət bir o qədər də yaxşı deyil. Borc probleminə görə Amerikanın növbəti dəfə pul çapına start verəcəyi gözlənir. Dolların çapı dünyada bu pulun ucuzlaşmasına gətirib çıxarır.