Əlaqə Arxiv
news Image
2016.02.02
09:45
| A A A
Azərbaycanın inkişafını yeni iqtisadi model üzərində qurur
Vüqar Bayramov: “Qeyri-neft sektorunun inkişafına hesablanan bu model Azərbaycan üçün daha dayanıqlı və neftin dünya bazarındakı qiymətindən asılı olmayan inkişaf vəd edir” Oqtay Haqverdiyev: “Yeni modelə keçid neft sektoru ilə qeyri-neft sektoru arasındakı disbalansı aradan götürəcək”

Prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə bildirib ki, növbəti 2-3 il ərzində, iqtisadi sahədə yeni iqtisadi model artıq işləməyə başlayacaq. Qeyd edək ki, yeni iqtisadi modelin əsasında ölkənin neft amilindən asıllığını aradan qaldlrmaq və qeyri-neft sektorunun hərtərəfli inkişafına nail olmaq dayanır.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, yeni iqtisadi modelə keçid daha dayanıqlı, böhrandan sığortalanan iqtisadi sistemin formalaşmasına gətirib çıxaracaq: "Yeni iqtisadi modelə keçid olduqca vacibdir. Nəzərə alaq ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycanın dövlət gəlirlərinin müəyyən qədər azalmasına gətirib çıxarıb. Bu da birbaşa ölkəmizin ixracatında neftin payının yüksək olması ilə bağlıdır. Ölkəyə daxil olan investisiyanın xeyli hissəsi də məhz neft və neft məhsullarının payına düşür.

Yeni model isə birmənalı şəkildə qeyri-neft sektorunun inkişafı üzərində qurulub. 2015-ci ilin ortalarında Azərbaycan Prezidenti demişdi ki, artıq Azərbaycan nefti unutmalıdır və bütün inkişaf qeyri-neft sektorunun üzərində qurulmalıdır. O baxımdan gənclərlə görüşdə, ondan əvvəl baş tutan görüşdə də dövlət başçısının qeyd etdiyi kimi yeni model birmənalı şəkildə Azərbaycan iqtisadiyyatının tamamilə liberallaşmasını, monopoliya, xüsusən də idxalda hökm sürən bu bəlanın tamamilə aradan qaldırılması nəzərdə tutur. Burada həmçinin, sahibkarlıq subyektlərinin dəstəklənməsi, onların şəffaf şəkildə kreditlərə çıxış imkanlarının artırılması baş verəcək və inkişafın paytaxtdan bölgələrə transfer edilməsinə səbəb olacaq. Çünki, Azərbaycan daha dayanıqlı inkişafa nail olmaq üçün məhz qeyri-neft sektoru birmənalı şəkildə ixracatda, bütövlükdə ümumdaxili məhsulun formalaşmasında aparıcı sektor olmalıdır.

Qeyri-neft sektorunun inkişafına hesablanan bu model Azərbaycan üçün daha dayanıqlı və neftin dünya bazarındakı qiymətindən asılı olmayan inkişaf vəd edir. Bu modelin reallaşması birmənalı şəkildə imkan verəcək ki, Azərbaycan neftin dünya bazar qiymətlərini strateji olaraq minimumlaşdıra və qeyri-neft sektorunun hesabına daha dayanıqlı, böhranlardan sığortalanan bir iqtisadi sistem formalaşdıra bilsin. Amma qeyri-neft sektorunun inkişafı zaman tələb edir. Bununla belə, qiymətləndirmələrimiz göstərir ki, qeyd olunan islahatların başlaması, həm liberallaşma, həm də süni baryerlərin aradan qaldırılması birmənalı şəkildə imkan verəcək ki, artıq Azərbaycan növbəti ildən yeni iqtisadi modelin müsbət təsirlərini hiss edə bilsin. Modelin ilkin müsbət təsirlərini, xüsusən də qeyri- neft sektorunun inkişaf potensialının 2017-ci ildən artacağını müşahidə edə bilərik".

İqtisadçı alim Oqtay Haqverdiyev qeyd etdi ki, yeni model iqtisadiyyatda hazırda hökm sürən mövcud disbalansın aradan qaldırılmasına imkan verəcək: "Yeni iqtisadi modelə keçid fonunda ilk növbədə dövlətin iqtisadi sferalarda gedən proseslərə müdaxiləsi azalacaq. Bu bir prosesdir və bir-iki günün işi deyil. Bu fonda idarəetmə strukturunun özü də ayrı model olmalıdır. Yəni, daha da liberallaşdırılmış, məmur müdaxiləsinə son qoyulmuş bir sistem qurulmalıdır. Həmçinin, iqtisadiyyatın özündə diversifikasiya məsələsi də həllini tapmalıdır. Yəni qeyri-neft sektorunda ixracyönümlü, rəqabətə davamlı məhsullar buraxılmalıdır ki, dünya bazarına bu məhsullarımızı uğurla çıxara bilək.

Görürük ki, neftə o qədər də bel bağlamaq olmaz. Dünyada neftlə bağlı proses necə gedirsə, məcburuq ki, ona tabe olaq. Ona görə də yeni iqtisadi model əsasında alternativ iqtisadiyyat yaradılmalıdır. Bu istiqamətdə işlər gedir. HƏmçinin, daha elmtutumlu sahələrin inkişafına nail olmaq gərəkdir. Göründüyü kimi, işlər də bu istiqamətdə gedəcək. Yeni modelə keçid Azərbaycanın ən azından MDB məkanlnda potensialının bir qədər də artmasına gətirib çıxara bilər. Hər halda islahatlar daha sürətlə və məqsədyönlü getsə, təbii ki, müəyyən müddətdən sonra həmin istiqamətdə real nəticələrə də nail olmaq mümkün olacaq. Düşünürəm bir qədər tələsmək də lazımdır. Hazırda ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 53 faizə yaxındır, neft sektorunun payı isə 47 faizdir. Amma büdcə gəlirlərinin hələ də 70 faizini neft sektoru verir. Yəni görürük ki, ümumu daxili məhsulda payı çox olsa da, büdcədə qeyri-neft sektorunun payı o qədər də görünmür. Bu, belə olmamalıdır. Çünki, büdcə iqtisadiyyatın törəməsidir. Ona görə də düşünürəm ki, yeni modelə keçid bu disbalansı aradan götürəcək".



Sizin Reklam Yeriniz