Əlaqə Arxiv
news Image
2016.02.04
09:00
| A A A
Azərbaycan məhsulları ərəb bazarlarına çıxır
Firdovsi Fikrətzadə: “Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinəəsasən meyvə-tərəvəz ixrac edilə bilər” Çingiz Fərəcov: “Məhsullarımız üçün müsəlman dünyasında yeni bazarın tapılması ölkəmiz üçün müsbət məqamdır”

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərində səfərdə oldu. "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair Saziş"i və "Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya Sektorunun Tənzimlənməsi üzrə Baş Departamenti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalandı.

Görüşdə diqqət çəkən digər məqam isə Azərbaycanın kənd təsərrüfatı məhsullarının Birləşmiş Ərəb Əmirliklərinə ixracı məsələsi oldu. Belə ki, Dubayın hakimi Şeyx Məhəmməd bin Raşid Əl Məktum Azərbaycanın kənd təsərrüfatı məhsullarının yüksək keyfiyyətə malik olduğunu dedi və ölkəmizin meyvə-tərəvəz məhsullarının Birləşmiş Ərəb Əmirliklərinə ixracının artırılmasının önəmini vurğuladı.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadə "Mövqe"yə bildirdi ki, Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinəəsasən meyvə-tərəvəz ixrac edilə bilər: "Bunun üçün potensialımız mövcuddur. Eyni zamanda nəzərə alaq ki, Birləşmiş Ərəb Əmirliklərinə ixrac təcrübəmiz də var. Məsələn, hazırda Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə nar şirəsi, donbalan, cüzi miqdarda pomidor və xiyar ixrac edir. Hansı ki, bunlar da ilkin kənd təsərrüfatı məhsulları hesab olunur. Ancaq bunlarla yanaşı, emal məsələsi də var. Odur ki, bütövlükdə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə meyvə-tərəvəz ixracını artıra bilər. Həmçinin nəzərə alaq ki, Birləşmiş Ərəb Əmirliklərində tekstil sənayesi də geniş fəaliyyət göstərir. Odur ki, tekstil, ümumiyyətlə yüngül sənayesi üçün xammal kimi Azərbaycandan ora pambıq, yun məhsullarının da ixracını həyata keçirmək məqsədəuyğun olar".

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Çingiz Fərəcov ilk növbədə onu bildirdi ki, Azərbaycan fermerləri yeni bazarlar tapmalıdırlar: "Həmçinin, ölkə rəhbəri Birləşmiş Ərəb Əmirliklərində olarkən onlar Azərbaycan ilə aqrar sahədə əlaqə yaratmağı təklif ediblər. Hansı ki, biz də öz növbəmizdə bununla əlaqədar xeyli iş görə bilmək iqtidarındayıq. İlk növbədə onu nəzərə alaq ki, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycana yaxın ölkədir. Eyni zamanda müsəlman ölkəsidir. Bu baxımdam bizim onlarla bir çox adət və ənənələrimiz uyğun gəlir.

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə xüsusən tərəvəz və meyvə ixrac edə bilər. Bunun üçün isə ilk növbədə məhsullarımızı beynəlxalq standartlara uyğun yetişdirməyə çalışmalıyıq. Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə xüsusi ilə pomidor, xiyar, kələm məhsulu göndərə bilər. Bu baxımdan Lənkəran, Astara, Masallı zonalarında faraş tərəvəz yetişdirilməlidir. Xüsusən də kələm məhsulunun istehsalına diqqət artırılmalıdır. Həmçinin Astarada faraş kartof məhsulunun istehsalı geniş yayılıb. May ayının birinci ongünlüyündən başlayaraq ölkəmizdən ora kələm göndərmək olar. May ayının 20-dən sonra isə kartof göndərmək mümkündür. Eyni zamanda Quba-Xaçmaz zonasında standart meyvələr yetişdirib Birləşmiş Ərəb Əmirliklərinə ixrac etməliyik. Bütün bunlar ölkəmizə valyuta gətirəcək. Odur ki, bu işə sürətlə başlamaq məsləhətdir. Lakin ilk növbədə ixrac məhsullarımızın rəqabətqabiliyyətli olmasına xüsusi diqqət yetirilməlidir. Eyni zamanda məhsullarımız beynəlxalq standartlara cavab verməlidir. Bunun üçün də sahələr kifayət qədər gübrə ilə təmin olunmalıdır. Bundan başqa sahələr vaxtında suvarılmalıdır. Yəni, vaxtında və düzgün aqrotexniki tədbirlər aparılmalıdır. Birləşmiş Ərəb Əmirlikləri bizim üçün yeni bazardır. Məhsullarımız üçün müsəlman dünyasında yeni bazarın tapılması ölkəmiz üçün müsbət məqamdır. Şansı maksimum dəyərləndirməliyik".

Sizin Reklam Yeriniz