Əlaqə Arxiv
news Image
2016.02.09
06:00
| A A A
Manat dollar və avroya nisbətdə daha çox bahalaşacaq
Samir Əliyev: “Manata etibarın artması maliyyə sabitliyinin təmin olunmasına stimul verəcək” Vüqar Bayramov: “Qeyri-neft sahəsində ixrac qabiliyyətinin artması manatın məzənnəsinin möhkəmlənməsinə səbəb ola bilər”

"Mart ayından etibarən Mərkəzi Bank, eyni zamanda Maliyyə Bazarına Nəzarət Palatası və digər aidiyyati qurumlar ölkədə manatın likvidliyinin artırılması istiqamətində çox ciddi qərarlar qəbul edəcək. Çox yaxın müddətdə ölkədə manatın aktivliyi tamamilə bərpa olunacaq". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirdi ki, manata etibarlılığın artması maliyyə sabitliyini təmin edəcək: "İndiki zamanda insanların manata etibarının artması çox vacibdir. Manata etibarın artması maliyyə sabitliyinin təmin olunmasına stimul verəcək. Amma buna nə dərəcədə nail olunacağı təbii ki, qərar qəbul edən hökumətin atdığı addımlardan asılı olacaq.

Əslində, bunun detalları haqqında məlumat verilmir. Sadəcə, ümumi olaraq aktivliyin artacağı bildirilir. Hazırda Mərkəzi Bank dövriyyədə manatı məhdurlaşdırmaqla həmin pula münasibətdə qıtlıq yaradıb. Məhz pul qıtlığının yaranması fonunda bankların dollara tələbatı da azalır. Bu da dolların bahalaşmasına imkan vermir.

Eyni zamanda, manat aktivliyi iqtisadi aktivliyin də artmasına gətirib çıxaracaq. Bu vəziyyət manata təzyiqi müəyəyn qədər azaldıb, onu bir qədər möhkəmləndirə bilər. Lakin indiki dövrdə manatın əhəmiyyətli dərəcədə möhkəmlənəcəyini gözləmirəm. Neftin indiki qiymətləri fonunda bundan danışmaq tezdir. O, baxımdan ancaq konkret addımlar atıldıqdan sonra bu barədə qəti fikir söyləmək olar".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov qeyd etdi ki, qeyri-neft sektoru ölkəyə geniş valyuta axınına səbəb olacağı təqdirdə, manatın da digər valyutalara nisbətdə mövqeyinin güclənəcəyinin şahidi ola bilərik: "Manatın məzənnəsini sözsüz ki, bazar müəyyənləşdirməlidir. Bazar manatın məzənnəsinin müəyyənləşməsi prosesində həlledici olmalıdır. Çünki, inzibati yollarla manatın məzənnəsini uzunmüddətli dövr üçün möhkəmləndirmək mümkün deyil.

Manatın məzənnəsinin bazarda artması üçün də birmənalı şəkildə ölkəyə daxil olan valyutanın həcmi yüksəlməlidir. Hansı hallarda manatın likvidliyi və məzənnəsi möhkəmlənə bilər?

Apardığımız araşdırmalar göstərir ki, Azərbaycanda qeyri-neft sektorunun ixrac qabiliyyətini artırmaq olarsa və bu sahə ölkəyə valyuta daxil olmasına imkan yaradarsa, bu zaman manatın məzənnəsinin möhkəmlənməsi mümkündür. Manatın məzənnəsi o zaman ölkəyə daxil olan valyutanın həcminin artması fonunda möhkəmlənə və yaxud stabil qala bilər. O baxımdan manatın növbəti dövrlərdəki məzənnəsi məhz qeyri-neft sektorunun ixrac qabiliyyətindən asılı olacaq. Qeyri-neft sahəsində ixrac qabiliyyətinin artması manatın məzənnəsinin möhkəmlənməsinə səbəb ola bilər. Ona görə də burada əsas məqsəd valyutaya olan tələbin ödənilməsidir. Bunun baş verməsi manata olan təzyiqi azaldacaq və onun likvidliyinə də təsir göstərəcək. Bu sahədə çətinliklər olacaqsa, manatın məzənnəsinin möhkəmlənməsi də çətin olacaq, əksinə, məzənnənin aşağı düşməsi müşahidə ediləcək.

Bütün hallarda proses bazarın və iqtisadiyyatın hansı həcmdə valyutanı ölkəyə cəlb etməsindən asılı olacaq. Tədiyyə balansında profisit qorunarsa, bu, birmənalı şəkildə manata olan təzyiqi azalda bilər".



Sizin Reklam Yeriniz