Son günlər bir sira yerli məhsullar üzrə ucuzlaşma qeydə alınıb. Paytaxt bazarlarındakı müşahidələr bunu deməyə əsas verir. Belə ki, 1 manat 30 qəpiyə satılan Gədəbəy kartofu isə 1 manatdan təklif olunur. Soğanın qiyməti də 80 qəpikdən 60-70 qəpiyə enib. 1 manata satılan kökün kiloqramı 30-50 qəpik, kələm 30 qəpik, turp 40 qəpik, çuğundurun kiloqramı isə 50 qəpiyədir. İlin əvvəlində 3-4 manat arasında dəyişən xiyar və pomidorun qiymətləri də enib. Pomidorun kiloqramı 1.2-1.5 manat, xiyarın kiloqramı 1 manata satılır. Göyərtilərin 7 dəstəsi 1 manatadır. Yumurtanın qiyməti də ucuzlaşıb. 18 qəpiyə satılan fabrik yumurtası 14-15 qəpiyə, 25 qəpiyə satılan kənd yumurtası isə 20 qəpiyə enib. Ət məhsullarının qiyməti də bahalaşmayıb. Mal ətinin kiloqramı 5-7 manat arasında, qoyun əti 7-9 manat dəyişir. Meyvələrin qiymətində də ucuzlaşma var.
Ərzaq məhsulları ilə yanaşı, bəzi qeyri-ərzaq məhsullarında da enmələr müşahidə edilir. Xüsusi ilə mebel bazarını göstərə bilərik ki, bu bazarda da yaranan durğunluq artıq aradan qalxaraq alqı-satqı bərpa edilməyə başlayıb. Bunu həm satıcılar, həm alıcılar təsdiq edirlər. Azərbaycanda qiyməti enən həm də bəzi siqaret markalarıdır. "Winston", "Sobranie" və "Camel" markalı siqaretlərin qiymətində azalma baş verib. Bundan başqa, "More" markalı siqaret 2 həftə öncə 1,2 manata qədər ucuzlaşıb. "Winston" markalı siqaretin qiyməti 3,3 manatdan 2,8 manata, "Sobranie" (böyük) 7 manatdan 5 manata, "Camel" 3,5 manatdan 3 manatadək enib.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirir ki, manatın ikinci dəfə devalvasiyasından sonra hətta yerli kənd təsərrüfatı məhsullarının qiyməti çox qalxmışdı: "Buna görə də alıcıların sayı azalmışdı. Satıcılar da alıcıların olmamasından gileylənirdilər. Ələxüsus yanvar ayında alıcılıq səviyyəsi aşağı düşmüşdü. Amma alıcılıq səviyyəsinin aşağı düşməsi həmin növ məhsulların qiymətinin aşağı düşməsinə səbəb oldu. İndi təklifçilər qiymətləri aşağı salmağa məcbur olublar.
Eyni zamanda satıcılar hazırda bazarlarda bəzi məhsullar üzrə çeşidləri də artırmağa başlayıblar ki, əhali üçün seçimi imkanları genişlənsin. Yəni, alıcılıq qabiliyyətinə uyğun məhsullar təklif etməyə başlayıblar. Digər amil odur ki, inzibati qaydalarda süni qiymət artımına qarşı tədbirlər həyata keçirildi. Ancaq daha çox stimullaşdırıcı tədbirlər görülməlidir. Bu gün Azərbaycanda sənayedə, emal, qida sektorunda istehsal olunan məhsulların əksəriyyətində xarici xammalın iştirakı var. Xarici xammal onların qiymətinin artmasına təsir göstərib. Ancaq hazırda bir sıra məhsullarda müşahidə edilən qiymət enmələri müvəqqəti ola bilər. Nəzərə alaq ki, qarşıdan bayram ayı gəlir. Bundan başqa fevral, mart, aprel ayları daxili kənd təsərrüfatı məhsulları üçün qıtlığı dövrü hesab olunur. Bu baxımdan da qarşıdakı aylarda bir sıra məhsulların qiymətində artımlar müşahidə edilə bilər. Xüsusən də "Novruz süfrəsi"ndə iştirak edən məhsulların adını çəkə bilərik".
Marketoloq-ekspert Tural Abdullayev bildirir ki, devalvasiyadan sonra məhsulların qiymətində bahalaşma müşahidə edildi: "Hətta bəzi məhsullar üzrə qiymətlər 50%-ə qədər artmışdı. Ancaq dövlət nizibati şəkildə işə qarışandan sonra qiymətlər endi. Həmçinin, idxal edilən məhsullarda böyük miqdarda güzəşt olunub. Qiymətlərin enməsini bəzi məhsullarda görmək mümkündür. Bütün növ məhsullar üzrə qiymətlərin enməsi müşahidə edilmir".
Ekspertin fikrincə, insanları əsasən ucuz məhsullar maraqlandırır: "Təbii ki, yerli məhsul ucuz olmalıdır".