Son bir neçə gündür manat dollara qarşı möhkəmlənir. Prosesin hələ müəyyən müddət davam etməsi proqnozlaşdırılır. Ekspertlər manatın dollara nisbətən möhkəmlənməsini bir neçə səbəblə izah edirlər.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov hesab edir ki, yanvarın 25-dən etibarən manatın dollara nisbətən möhkəmlənməsi həm daxili, həm də xarici faktorlarla bağlıdır: "Daxili faktor odur ki, Mərkəzi Bank dollar təklifini yalnız özündən yox, həm də biznes və vətəndaşlardan gəlməsinə çalışır. Bu da hazırda müşahidə olunur. Vətəndaşlar yuxarı kursla aldıqları dolların bir qismini satırlar. Çünki, manatın möhkəmlənməsi onlarda dolların daha çox dəyər itirəcəyi ilə bağlı narahatçılıq formalaşdırıb. Bu da dollar təklifini artırır. Manata olan inamı bərpa etmək üçün Mərkəzi Bank tərəfindən bazarda dollar təklifini artırmağa hesablanmış addımdır. Nəzərə alaq ki, "üzən məzənnə"yə keçilsə də, Mərkəzi Bank həm də kommersiya bankları üçün 4%-lik marjanı saxlayır. Deməli, Mərkəzi Bank məzənnənin müəyyənləşməsində yenə də aparıcıdır.
Digər tərəfdən dollar təklifinin artacağı gözlənilirdi. Nəzərə alaq ki, ajiotaj dövründə vətəndaşlar vəsaitlərini dollara çevirdilər. Hətta 200 manatı olan şəxs belə onu dollara çevrirdi. Amma cari xərclər manatla olduğu üçün vətəndaş manatdan istifadə etməlidir. Bu baxımdan sonradan həmin dollarları manata çevrildi. Bu da dollar təklifinin artmasına gətirib çıxartdı. Xarici faktor isə dolların dünya bazarında yanvar ayının sonundan başlayaraq digər valyutalara, xüsusən də avroya nisbətən zəifləməsidir. Belə ki, yalnız son günlər dollar avroya nisbətən 4% dəyər itirib. Bu da bivalyuta səbətinə malik olan Mərkəzi Bankda avronun möhkəmlənməsi və dolların zəifləməsi anlamına gəlir. Praktiki olaraq bu da manatın dollara nisbətən möhkəmlənməsinə şərait yaradır. Ancaq manatın məzənnəsi bazar tərəfindən müəyyənləşdirilmədiyi üçün nə qədər olacağıın proqnoz etmək çətindir".
Digər iqtisadçı-ekspert Pərviz Heydərov bildirir ki, manatın nisbətən möhkəmlənməsi bir neçə səbəblə bağlıdır: "İlk növbədə neftin qiyməti 30-34 ABŞ dolları arasında sabitləşib. Həmçinin, dollarının dünyada möhkəmlənməsi prosesi səngiyib. Digər amil isə Azərbaycan hökumətinin maliyyə bazarına yönəlik tənzimləyici tədbirlərinin genişlənməsi və güclənməsidir. Dördüncüsü, ölkədə bank sektorunda ləğvetmə və konsolidasiya prosesinə start verilib. Sonuncu faktor isə əhalinin bir hissəsi əllərindəki dollarları manata çevirməyə başlayıb.
Manatın məzənnəsinin nə qədər olacağı isə neftin qiymətində asılıdır. Neftin də bundan sonra 25 dollardan aşağı düşəcəyi real görünmür. Yəni, manatın maksimal ucuzlaşması bura qədər idi. Bundan artıq ucuzlaşma üçün neftin 20 dollara qədər ucuzlaşmalı və bir müddət həmin həddə qalmalıdır. Hansı ki, bu da inandırıcı görünmür. Digər tərəfdən,dolların dünyada möhkəmlənməsi ABŞ iqtisadiyyatının əleyhinə işləyir. Bu, ABŞ ixracını azaldıb. Odur ki, ABŞ dollarının dünyada möhkəmlənməsi prosesi dayanacaq.
Bundan başqa, ölkədə maliyyə bazarına nəzarət getdikcə daha da möhkəmləndiriləcək. Həmçinin, bank sektorunda islahatlar uğurla həyata keçirilərsə, ləğvetmə, konsolidasiya tədbirləri bir az da sərt şəkildə həyata keçirilərsə, eyni zamanda əmanətlərin daha yaxşı sığortalanması istiqamətində nəzərdə tutulan addımlar tez olarsa, manatın ucuzlaşmasının qarşısını alacaq. Bunlardan başqa, artıq insanlarda olan pullar dollara çevrilmiş vəziyyətdədir".
İqtisadçı qeyd etdi ki, dövlət büdcəsində neftin 1 barrelinin cari il üçün nəzərdə tutulan qiymətinin 50 dollardan 25 dollara kimi salınacağı məsələsi də manatın ABŞ dollarına qarşı müqavimətini artıracaq: "Ümumiyyətlə, manatın möhkəmlənməsi hələ bir müddət davam edəcək. Dollar nə bahalaşmayacaq, nə də ki, kəskin ucuzlaşmayacaq. Uzunmüddətli stabillik ola bilər. Çünki, ən azı dolların dünyada bundan artıq bahalaşması gözlənilmir".