Artıq bir çox dövlət qurumlarında ictimai əsaslarla fəaliyyət göstərəcək Apellyasiya Şurasının yaradılmasına start verilib.
Qeyd edək ki, belə şuraların yaradılması Prezidentin göstərişi əsasında həyata keçirilir. Onların yaradılmasında da məqsəd sahibkarların fəaliyyətinə qarşı olan yersiz müdaxilələrin, normal fəaliyyət göstərmələrinə yaranan maneələrin operativ olaraq aradan qaldırılmasıdır.
Müstəqil iqtisadçı-ekspert Yaşar Əsədov bu qənaətdədir ki, Apelyasiya Şuralarının yaradılması sahibkarla səmimiliyin yaranmasına, gələn siqnalların obyektiv qiymətləndirilməsinə imkan verəcək : "Apellyasiya Şuralarının yaradılması yaxşı haldır. Bu əsasda zənn edirik ki, ictimai əsaslarla işləyəcək həmin qurumlar sahibkarlardan gələn siqnalların hamısına operativ və obyektiv qiymət verəcək. Birinci növbədə bunun baş verəcəyinə ümid edirik.
Etiraf edək ki, bugünkü reallıqda obyektivlik bir qədər çatışmır. Bu da sahibkarlığa əngəl olan inhisar deyilən məfhumla bağlıdır. Aydın məsələdir ki, biriləri malik olduqları bu imtiyazlardan, özləri üçün yaranan əlverişli şəraitdən elə-belə əl çəkən deyillər. Elliklə onun üzərinə yeriməklə birilərinin əldə etdikləri bu imtiyazları heç olmasa, məhdudlaşdırmaq olar. Ümumiyyətlə, Apellyasiya Şuralarının yaradılması cəmiyyətdə ümidverici başlanğıc kimi dəyərləndirilir. Belə qurumların yaradılması düşünürəm ki, sahibkarla hökumət dairələri arasındakı münasibətlərin səmimiliyinin artmasına gətirib çıxaracaq. Bu mənada həmin qurumların fəaliyyətə başlaması ilə səmimi münasibətlərin də nəhayət yaranacağını gözləyirəm".
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə düşünür ki, Apellyasiya Şuralarının yaradılmasının sahibkarlığın inkişafına effektli təsir göstərməsi üçün burada sahibkarın özünün də aktiv olması vacibdir: "Apellyasiya Şuralarının yaradılması birmənalı şəkildə müsbət hal kimi qiymətləndirilməlidir. Belə qurumların yaradılması artıq sahibkarlara imkan verəcək ki, korrupsiya halları istisna olmaqla digər hallarla bağlı Apellyasiya Şuralarına müraciət etmək hüququna malik olsunlar. Apellyasiya Şuraları da həmin müraciətlərə baxib onları qiymətləndirmək imkanına malik olacaq. Burada sahibkarlar üçün ən ümidverici məqam odur ki, ölkə Prezidenti yanında Apellyasiya Şurası yaradılıb. Bunun sahibkar üçün ciddi əhəmiyyəti vardır. Ən böyük əhəmiyyət də ondan ibarətdir ki, artıq sahibkarın müraciətinə yerli icra hakimiyyəti orqanlarında mənfi cavab verildiyi halda, o zaman işçi birbaşa olaraq ölkə Prezidenti yanında formalaşan Apellyasiya Şurasına müraciət etməklə probleminin həllinə nail ola biləcək. O baxımdan, Apelyasiya Şuralarının, xüsusən də ölkə Prezidenti yanında belə qurumun yaradılması birmənalı şəkildə sahibkarlıq fəaliyyətinə, onun inkişafına dəstək kimi qiymətləndirilməlidir.
Sahibkar öz problemlərilə bağlı daha yüksək instansiyalara müraciət etmək imkanı qazanacaq. Lakin bu işdə sahibkarların özlərinin də aktiv olmasına ehtiyac vardır. Ölkə Prezidenti sahibkarların yanındadır. Ona görə də sahibkarların da aktiv olması, problemlərilə bağlı birbaşa Apellyasiya Şuralarına müraciət etmələri vacibdir. Yəni, bu şuraların effektivliyi həm də sahibkarın özünün aktivliyindən asılı olacaq. Sahibkar aktiv şəkildə prosesə müdaxilə etməlidir. Onlar problemi və narahat olduqları məsələlərlə bağlı nə qədər aktiv olacaqlarsa, sahibkarlıq fəaliyyəti də o qədər səmərəli olacaq".