Hazırda Rusiyada rublun kəskin şəkildə ucuzlaşması və yaşanan iqtisadi çətinliklər orada çalışan əməkçi miqrantlar üçün də müəyyən çətinliklər yaradıb. Hətta əllərində müəyyən kapital toplamış əməkçi miqrantlar belə bu vəsaitlərini yaşadıqları Rusiyada iqtisadiyyatına yatırmağa ehtiyat edirlər. Bu fonda da Rusiyanı tərk edən əmək miqrantlarının sayı artır. Onlar arasında özünə artıq müəyyən kapital toplamış azərbaycanlılar da var. Bəs, həmin kapitalın Azərbaycan iqtisadiyyatına yönəldilməsi mümkündürmü?
Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov bildirdi ki, ölkə daxilində, Rusiyanı müəyyən kapitalla tərk edən əməkçi miqrantlara münasibətdə daha əlverişli şərait yaradılarsa, onlar da həvəslə vəsaitlərini Azərbaycan iqtisadiyyatına yatıracaqlar: "Rusiyada iqtisadi müstəvidə son zamanlar baş verən proseslər, müəyyən mənada iqtisadi böhrana xas hadisələrin olması, rublun dəyərdən düşməsi, iş yerlərinin bağlanması, Qərbin tətbiq etdiyi sanksiyalar, ticarət həcminin, gəlirlərin azalması bilavasitə iş yerlərinin itirilməsinə səbəb olan haldır. Bu da öz növbəsində əməkçi miqrantlara da toxunur. Əməkçi miqrantların müəyyən qismi də məhz bu hadisələrin nəticəsi olaraq tədricən Rusiya ərazisini tərk etməli olur.
Azərbaycanlı əməkçi miqrantların sayı Rusiyada Tacikistan, Özbəkistan və Çindən gələn miqrantlarla müqayisəolunmaz dərəcədə azdır. Bu gün rəsmi rəqəmlərə görə şimal ölkəsində 200 minə qədər azərbaycanlı əməkçi miqrant çalışır. Onlar qanuni əsaslarla məşğul olan miqrantlardır. İstənilən halda indiki situasiyada onların sayının da azalması baş verir. Bu azalma da həmin əməkçi miqrantların Rusiya ərazisini tərk etməsi fonunda baş verir. Azərbaycanlı miqrantların bir hissəsi də vətənlərinə qayıtmalı olurlar. Hansı ki, həmin qayıdan miqrantlar arasında müəyyən kapital sahibi olanlar da vardır. Bu gün onlar Rusiya ərazisindəki əmək fəaliyyətini məhdudlaşdırıb, daha dar çərçivəyə keçməli olur, ya da ümumiyyətlə, tamamilə işlərini dayandırırlar. Belədə əllərində olan kapitalı da Azərbaycana gətirib sərmayə şəklində burada yatırtmaq niyyətində də ola bilərlər. Bunun üçün də onlara, xüsusən də xaricdən müəyyən kapitalla qayıdıb, burada hansısa biznes sahəsi açmaq istəyən şəxslərə münasibətdə ölkəmizdə daha əlverişli şərait yaradılmalıdır. Bölgələrdən olan çoxlu soydaşımız var ki, onlar Rusiyada böyük biznes sahəsini idarə edirdi və indi bu sahə artıq gəlir vermir. Amma kapitallarını qorumaq üçün onlar təbii ki, vəsaitlərini başqa bir ölkəyə çıxara bilərlər. Bu kapitalı da məhz regionlara yönəltmək olar. Bunun üçün də müvafiq icra orqanları bir proqram hazırlamalıdırlar. Başqa ölkədə əmək fəaliyyətilə məşğul olub müəyyən kapital toplayan və onu ölkəmizdə yatırtmaq istəyən şəxsin hansı dividendlər qazana biləcəyi önə çəkilməlidir. Bu istiqamətdə onlara münasibətdə müəyyən vergi güzəştləri tətbiq edilməlidir. Belə imkanları yaratmaqla bir növ insanları sözügedən addımı atmağa həvəsləndirə bilərik. Onlar da öz kapitalları hesabına bölgələrdə müəyyən sahələrin inkişafına töhfə verərlər. Bu da ən azından əlavə iş yerlərinin açılması, bir sıra indikatorlar üzrə inkişaf demək olardı. İstənilən halda müvafiq qurumlar, xüsusən də bu sahəyə cavabdeh olan təşkilatlar bu element üzərində düşünməlidirlər. Onlar elə bir əlverişli mühit yarada bilərlər ki, insanlar sərbəst şəkildə gəlib fəaliyyətlərini ölkəmizdə davam etdirmək həvəsində olsunlar.
Rusiyadan gətirilən kapitalın böyük hissəsi bildiyimiz kimi, Bakı şəhərində tikilən binalardan mənzil alınmasına xərclənib. Amma bu gün də görürük ki, həmin binaların böyük əksəriyyətində işıqlar yanmır. Bu da onu göstərir ki, bura yatırılan həmin vəsaitlər bir növ "ölü kapital" kimidir. Həmin kapital gəlir gətirməlidir ki, həm onu yatıran, həm büdcə qazansın, həm də əlavə iş yerləri əldə olunsun və belədə müəyyən insanlar da evlərinə çörək apara bilsin. Məhz bu prinsipdən irəli gələrək düşünürəm ki, Rusiyanı tərk edən kapitala sahib soydaşlarımızın həmin vəsaitləri burada yatırtmalarına şərait yaratmaq üçün hazırlıq işləri həyata keçirmək lazımdır".
İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, geri qayıdan əməkçi miqrantlarımız ölkədə tez bir zamanda gəlir verən sahələrə yatırımlar edə bilərlər: "Rusiyada həqiqətən kifayət qədər pul qazanmış azərbaycanlılar var. Rusiyada vəziyyət gərginləşdikcə, iqtisadi durumları zəiflədikcə, insanlarımızın bir qisminin başqa ölkələrə, o cümlədən geri, Azərbaycana da qayıtmaları mümkündür. Bu insanlarımızın Azərbaycan iqtisadiyyatına xeyir verməsi, burada daha aktiv iştirak etmələri üçün bəzi qanun və qaydalarda bir sıra dəyişikliklərin edilməsinə ehtiyac vardır. Yəni, daha cəlbedici iqtisadi və investisiya mühiti yaradılmalıdır ki, geri dönən azərbaycanlılar bundan istifadə etsinlər.
Həmin geri dönən soydaşlarımız da əsasən kənd təsərrüfatı sahəsinə öz kapitallarını yatıra bilərlər. Çünki, kənd təsərrüfatı qısa zamanda effekt verəcək və gəlir gətirəcək sahədir. Rusiyadan qayıdan azərbaycanlıların bir çoxunun da regionlardan getmiş insanlar olduğunu da nəzərə alsaq, onların əllərindəki həmin kapitalı aqrar sahəyə yatıra biləcəkləri daha realdır. Onsuz da hazırda kənd təsərrüfatının ciddi yatırımlara ehtiyacı var ki, bu ehtiyacın ödənilməsində müəyyən dərəcədə Rusiyadan qayıdan soydaşlarımız da rol oynaya bilər. Yəni, kənd təsərrüfatına qoyulan yatırımlar qısa zamanda ciddi effekt verə bilər. Onları təşviq etmək, vergi güzəştləri tətbiq etmək kimi addımlarla bu insanları stimulalşdırmaq lazımdır.
Rusiyadan qayıdan bu soydaşlarımız kənd təsərrüfatı sahəsindən başqa, düşünürəm ki, digər qısa zamanda gəlir gətirən sahələrə yatırımlar etməkdə maraqlı olacaqlar. Qısa zamanda gəlir gətirəcək sahələr olaraq da onlar dediyim kimi kənd təsərrüfatı, turizm, ictimai iaşə müəssisələri, kafe və restoranların açılması kimi sahələrə yatırımlar edə bilərlər".