Xəbər verildiyi kimi Qətərin paytaxtı Dohada Rusiya və OPEK-ə üzv ölkələr - Səudiyyə Ərəbistanı, Venesuela və Qətərin energetika nazirləri xam neft hasilatını yanvardakı səviyyədə saxlamaq barədə qərar qəbul ediblər. Razılaşmanın icrasına Qətər nəzarət edəcək.
İraq və Küveytin neft hasilatının hazırkı kvotalarının "dondurulması"nı dəstəkləməyə hazır olduqları bildiriblər. Həmçinin Əlcəzair, Nigeriya, Ekvador və Omanın energetika nazirləri neft hasilatının həcminin "dondurulması" təşəbbüsünü dəstəkləyib. Hələlik yalnız İranın bu razılaşmaya qoşulacağına dair şübhələr var.Razılaşma ilkin baxışda uzun müddətdir ucuzlaşan neft qiymətlərinin yenidən yüksələcəyinə ümid yaradır. Lakin hələlik hasilatı dondurmaq təklifi neftin qiymətinə təsir göstərə bilməyib.
"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirir ki, ki, il yarım ərzində neftin qiymətlərinin 4 dəfəyə qədər aşağı düşməsi daha çox siyasi xarakterli bir məsələdir: "Amma Qətərin paytaxtı Dohada Rusiya və OPEK-ə üzv ölkələr - Səudiyyə Ərəbistanı, Venesuela və Qətərin energetika nazirləri xam neft hasilatını yanvardakı səviyyədə saxlamaq barədə qəbul etdikləri qərar hələlik bazardakı vəziyyətdə elə bir ciddi dəyişikliyə gətirib çıxarmayacaq. Bu məsələdə həlledici söz sahibi adı çəkilən ölkələr yox, Amerika Birləşmiş Ştatlarıdır. Hətta yaxın gələcəkdə neftin qiymətində rekord enmələr baş verəcək. Yalnız bu baş verdikdən sonra neftin qiymətlərində pozitiv irəliləyişlərin cari ilin ortalarından etibarən baş verəcəyi gözlənilir.
Bunun əsas səbəbi ondan ibarətdir ki, artıq 2 ilə yaxındır neft hasil edən ölkələr neft sənayesinə investisiyalar qoymurlar və ya bu sahəyə kifayət qədər investitsiya etmirlər. Bu isə o deməkdir ki, istər-istəməz getdikcə hasilat aşağı düşməyə başlayacaq. Hasilatın aşağı düşməsi təklifin azalmasına və bu səbəbdən də qiymətin artmasına gətirib çıxaracaq".
Professor əlavə etdi ki, neftin qiymətlərində baş verən dəyişikliklər bir neft ölkəsi kimi bizim ölkənin maliyyə durumunda da öz əksini tapır: "Yaranmış vəziyyəti ən qısa zaman kəsiyində aradan qaldırmaq və iqtisadiyyatın neftdən asılılığının minimuma endirilmək üçün son aylarda hökumət kifayət qədər ciddi addımlara start verib. Yaxın bir neçə il ərzində bu sahədə ciddi dəyişikliklər baş verəcək".
Neft Araşdırmalar Mərkəzinin sədri İlham Şaban isə hesab edir ki, bunlar hələlik bəyanatdan başqa nəsə deyil: "Çünki, hansısa ölkənin kiminsə qarşısında öhdəliyi yoxdur. Öhdəliyin olması üçün OPEK ölkələri ilə digərləri arasında hansısa saziş imzalanmalıdır. Digər tərəfdən, OPEK-in özünün mövqeyi mart ayındakı konfransda aydın olacaq. Bu məsələlər qısamüddətli proses deyil. Çünki, neft hasilatının azaldılması, şirkətlərin bazara neft çıxartması ən azından 2-3 ay vaxt tələb edir. Yəni, qərar martda qəbul olunsa, nəticələr mayda görünəcək".
Ekspert hesab edir ki, birjalarda neftin qiymətinin necə dəyişməsi məsələsində möhtəkirlərin rolu da böyükdür: "Hazırda bundan yararlanırlar da. Yəni, neftin qiyməti qalxıb düşə bilər. Səudiyyə Ərəbistan ilə Rusiyanın enerji nazirlərinin görüşü gündəmə gələndə neftin qiyməti 6 faiz bahalaşdı. Ancaq neft hasilatının yanvar ayı səviyyəsində saxlanılması haqqında bəyanat səsləndirildikdən sonra neftin qiyməti 36 dollardan 32 dollara düşdü. Yəni, neftin qiyməti sınıq xətt üzrə davam edəcək".
İlham Şabanın fikrincə, Azərbaycan bu il ötən illə müqayisədə neft hasilatını azalda bilər: "Bu, əvvəlcədən proqnozlaşdırılan məsələdir. Hasilat 1 milyon tondan aşağı düşə bilər. 10 nömrəli platforma məsələsinin ortaya çıxması da hasilatın azalmasına səbəb oldu".