Əlaqə Arxiv
news Image
2016.02.19
09:38
| A A A
Azərbaycan məhsullarını əcnəbilər də satacaq?!
“Türk iş adamlarının Azərbaycanın aqrar sahə məhsullarının ixracında iştirak etməsi həmin məhsulların ixrac potensialının artmasına gətirib çıxaracaq” “Məsələ istehsal olunan məhsulun keyfiyyətilə bağlıdır”

Türkiyə-Azərbaycan Biznes Şurasının (TABŞ) sədri Selçuk Akat bildirir ki, Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının ixracını Türkiyədən olan iş adamları həyata keçirə bilərlər.  Qeyd edək ki, Türkiyədən olan iş adamları ixrac sahəsində böyük təcrübəyə malikdir və bu fonda onların Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının ixracını heyata keçirməsi mümkündür. Bu hal ixracın qeyd olunan sahədə artımına da rəvac verə bilər. Əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcov bildirdi ki, Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının ixracının Türkiyəli iş adamları tərəfindən həyata keçirilməsi təklifindən yararlanmaq olduqca vacibdir: "Bu zaman yaxın qonşu ölkə olan Rusiyanı nəzərdə tutmuram. Çünki Rusiyaya çox da beynəlxalq standartlara cavab verən məhsulları göndərmirik. Rusiyaya göndərdiyimiz bu məhsullar vaxtilə 50-70 faiz standartla qəbul olunub. Azərbaycan məhsullarının digər xarici ölkələrə ixracı istiqamətində isə yerli sahibkarlar o qədər də təcrübəyə malik deyillər. Türkiyə iş adamlarının isə bu sahədə zəngin və geniş təcrübəsi vardır. Onlar məhsulları düzgün standartlaşdırmağa qadirdirlər. Bu fonda türk iş adamlarının Azərbaycan kənd təsərrüfatı məhsullarının xaricə ixrac edilməsində iştirak etməsi ümumi işimizə xeyirli olacaq. Ora göndərilən məhsullar keyfiyyətli şəkildə qablaşdırılacaq, standartlaşdırılacaqdır. Ona görə də türk iş adamlarının həmin prosesdə iştirakı vacib məsələdir. Çünki, bu  Azərbaycan məhsullarının xaricə ixracının artımına da ciddi təsir göstərəcək. Bu məqsədlə Azərbaycana gələcək türk iş adamları yerli fermerlərlə görüşməli, onların maarifləndirilməsini təşkil etməli, yerli insanlar da standart məhsulların təşkil edilməsinə cəlb olunmalıdırlar. Beləliklə də, daha çox kənd təsərrüfatı məhsullarının ixracına nail olacağıq. Bu isə həm də ölkənin və sahibkarla fermerlərin də gəlirlərinin artması, xalqın dolanışıq səviyyəsinin qat-qat yüksəlməsi deməkdir. Çox yaxşı olardı ki, təkcə Türkiyədən olan iş adamları deyil, digər dövlətlərdən olan sahibkarlar da bu prosesə qoşulsunlar. İngiltərə, Almaniya, Fransa kimi ölkələrə məhsul göndərəcəyiksə, bu ölkələrin iş adamlarının da prosesdə iştirakı çox vacibdir. Onları da bu işə cəlb etməklə xarici ölkələrə standartlara uyğun daha çox aqrar sahə məhsulları göndərmək imkanı qazanarıq. Belədə yerli iş adamlarımız da standartlaşdırma və qablaşdırma sahəsində geniş təcrübə qazanarlar".Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov isə bu qənaətdədir ki, istehsal olunan məhsulları xarici bazara çıxarmaq təcrübəsinə azərbaycanlı iş adamları özləri də sahibdirlər. Onun fikrincə, bu sahədə əsas problem məhsulun ixracı deyil, onun istehsalı ilə bağlıdır: "Məhsul olduğu halda, onun ixracı ilə Azərbaycan sahibkarları da məşğul ola bilərlər. İxrac sahəsi üzrə artıq bizim də kifayət qədər məlumatımız vardır. Dünyada hansı mal, məhsula ehtiyac olduğunu və hansı keyfiyyətdə tələb olunduğu bizə də bəllidir. Azərbaycanlılar Rusiyada həm kənd təsərrüfatı məhsulunu idxal, həm də ixrac edirlər. Bu fonda da onlar bəzi ölkələr üzrə bir sıra malların ixracı istiqamətində təcrübəyə də yiyələniblər. Banan istehsal olunan ölkələrə gedib çıxaraq, buradakı fermerlərlə əlaqə yaradıb və istehsal olunan məhsulu digər ölkələrə ixrac edirlər. Bu gün Azərbaycanın başlıca problemi istehsalla bağlıdır. Məhsul olduğu halda, onu ixrac etmək problemi yoxdur. Məsələ istehsal olunan məhsulun keyfiyyətilə bağlıdır. Ölkəmizin dayanıqlı olaraq hər hansı bir məhsulu ixrac etmək imkanı olduğu halda, bunu tam reallaşdıra bilmirik. İndi görürük ki, türk sahibkarlar bizim məhsulların ixracında iştirak etmək təşəbbüsü ilə çıxış edirlər. Bu yaxınlarda Rusiyadan da bildirmişdilər ki, Azərbaycan brendini ölkələrində tanıtdırmaq istəyirlər. Amma ölkəmiz öz problemini özü həll etməlidir və buna da kifayət qədər bacarıq, qabiliyyətimiz var". 


Sizin Reklam Yeriniz