Azərbaycan turistlər üçün elektron vizanın verilməsi müddətini iki dəfə azaltdı. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev "Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunun tətbiqi barədə sərəncam imzalayıb. İndiyə qədər sənədlər daxil olduqdan sonra müvafiq icra hakimiyyəti tərəfindən onlara ən geci 10 gün keçənədək baxılıb və viza rəsmiləşdirilərək, elektron qaydada müraciət edən turizm şirkətinin elektron poçt ünvanına göndərilib. Dəyişikliyə əsasən, bu müddət 10 gündən 5 günə endirilib.
Ekspertlər birmənalı olaraq hesab edirlər ki, göstərilmiş müddətin azaldılması Azərbaycana gələn xarici turistlərin sayını artıracaq. Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov hesab edir ki, viza məsələlərinin 10 gündən 5 günə endirilməsi müsbət haldır: "Hətta 3 və 1 günə də həll oluna bilər. Xaricdə belə təcrübə var. Bu, əsasən Şərqi və Qərbi Avropa ölkələrinə aiddir. Qərar Azərbaycana gələn turistlərin sayının artmasında mühüm rol oynayacaq. Amma bu gün Azərbaycanda turistlərin cəlb edilməsi istiqamətində digər münasib şəraitlər də yaradılır. Məsələn, Fars Körfəsi ölkələri, o cümlədən Çin, Koreya, Yaponiya, Sinqapur kimi Şərq ölkələri üçün sadələşdirilmiş viza məsələləri həll olunub. Onlar hətta hava limanında viza ala bilərlər. Bundan əvvəl isə Birləşmiş Ərəb Əmirliyinin vətəndaşları üçün oxşar şərait yaradılıb. Həmçinin, bölgəyə turist axını üçün MDB dövlətlərinin turistlərinin də Azərbaycana axını vizasız həyata keçirilə bilər.
Azərbaycan turizm şirkətləri, o cümlədən Azərbaycan Turizm Assosiasiyası ölkəyə daha çox turist cəlb edilməsi istiqamətində müxtəlif tədbirlər görür. O tədbirlərdən biri də bu il may ayının 24-də Moskva şəhərində Azərbaycanın 30-a yaxın aparıcı turizm şirkətlərinin iştirakı ilə Aərbaycanın turizm potensialı təhlili olacaq ki, məhz MDB dövlətlərindən daha çox Azərbaycana turist cəlb etmək mümkün olsun. Yəni, elektron viza sistemi kütləvi turist axınında müəyyən rol oynaya bilər. Əsas rol viza sadələşdirilməsidir. Hansı ki, bu da MDB ölkələrinin vətəndaşları üçün daha çox ediləcək. Eyni zamanda nəzərə alınmalıdır ki, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi ilə əlaqədar Rusiya turistlərinin xüsusən yaz və yay aylarında Azərbaycana gəlişi gözlənilir".
Miqrasiya məsələləri üzrə digər ekspert Azər Allahverənov da hesab edir ki, qərar müsbətdir: "Beynəlxalq təcrübədən irəli gələrək bu təcrübəyə rəvac verilib. Çünki, hansısa ölkəyə daxil olmaq istəyən insanlar vizaların tez hazır olmamasından əziyyət çəkirlər. Vizanın 5 gün ərzində hazır olması turistlərin Azərbaycana səfərləri ilə bağlı qərar vermələrinə müsbət təsir göstərəcək. Bu hal o turist və miqrantlar üçün sərfəlidir ki, onlar qısa zaman ərzində səfər etməlidirlər. İşgüzar məqsədlər üçün əhəmiyyət daşıyacaq.
Həmçinin nəzərə alaq ki, cari ildə nəqliyyat dəhlizi sahəsində də müəyyən addımlar atıldı. Cənub-Şimal, Qərb-Şərq marşrutları üzrə dəhlizlərin işə salınması çoxsaylı insanların operativ şəkildə viza ilə təmin olunmasını tələb edən məsələdir. Yəni, operativlik baxımından 5 günün müəyyən olunması müsbət hadisədir".