Əlaqə Arxiv
news Image
2012.11.29
08:45
| A A A
Manatın çapı Azərbaycanda həyata keçirilə bilər
Akif Nəsirli: "Azərbaycanın öz valyutasını ölkə daxilində istehsal etməsi ölkənin hazırkı imkanları daxilində mümkündür" Zöhrab Abdullayev: "Azərbaycan öz pulunu ölkə daxilində istehsal etmək gücündədir"

Azərbaycan manatı artıq uzun illərdir ki, öz dayanıqlığı ilə seçilir. Dünyada bir neçə dayanıqlı valyuta var ki, onlardan biri də məhz Azərbaycan manatıdır. Amma ölkəmiz müstəqillik əldə edəndən üzü bəri milli valyuta xaricdə çap olunub.

Bu halda isə Azərbaycan valyutanın çap olunduğu xarici şirkətə müəyyən miqdar pul ödəməli olur. Bu mənada bir çox ekspertlər düşünürlər ki, milli valyutanın ölkə daxilində istehsalının həyata keçirilməsinə artıq başlamaq lazımdır. Görəsən, bu barədə mütəxəssislər nə qənaətdədirlər?    

Müstəqil iqtisadçı ekspert Akif Nəsirli manatın ölkə daxilində istehsal edilməsinin Azərbaycan üçün səmərəli olmayacağını diqqətə çatdırdı: "Azərbaycanın öz valyutasını ölkə daxilində istehsal etməsi ölkənin hazırkı imkanları daxilində mümkündür. Amma məsələ burasındadır ki, heç də hər ölkə valyuta istehsalı ilə məşğul olmur. Çünki həmin valyutanın qorunma vasitələrini tətbiq etmək baha başa gəlir. Azərbaycan kimi bir ölkənin yalnız özünün pul vahidini çap etməsi üçün fabrik açması iqtisadi baxımdan səmərəli deyil. Bu yalnız o vaxtı mümkün olardı ki, Azərbaycan Rusiya kimi nəhəng bir dövlət olsun. Bilirsiniz ki, Rusiyanın ərazisi, əhalisi çox olduğundan ona müvafiq çap olunacaq əskinazların sayı da çoxdur. Belədə həmin ölkə üçün öz daxilində valyuta çap etdirmək iqtisadi baxımdan səmərə verir. Ya da ən azından Qafqaz regionu ölkələrinin valyuta çapını Azərbaycan öz üzərinə götürdüyü təqdirdə, bu bizim üçün də səmərəli olardı. Yaxşı olardı ki, Azərbacyan valyuta çapını təcrübəsi olan ölkələrdə həyata keçirsin, necə ki, keçirir. Bazar qiymətlərinə uyğun olaraq və qorunma səviyyəsindən asılı olaraq valyutanın çap etmə qiyməti vardır". 

Digər iqtisadçı ekspert Zöhrab Abdullayev isə əksinə, düşünür ki, artıq ölkəmiz öz valyutasını artıq ölkə daxilində istehsal etməlidir: "Azərbaycanda bildiyiniz kimi, manatın dayanıqlığı Mərkəzi Bankın prosesi tənzimləməsi yolu ilə baş verir. Ona görə də manat sabit qalıb. Hazırda ölkəmiz öz valyutasını xaricdə çap etdirir. Müstəqilliyin ilk illərində prosesin ölkə daxilində reallaşdırılması mümkün deyildi. Ona görə də valyutamız xaricdə istehsal olundu və o dövr üçün buna normal baxılmalıdır. Ancaq indiki dövrdə bilirik ki, Azərbaycanın büdcəsi yetərincə artıb. Ona görə də Azərbaycan öz pulunu ölkə daxilində istehsal etmək gücündədir. Müstəqil ölkə öz valyutasını özü buraxsa, yaxşıdır. Bu istiqamətdə addım atılmasına hər hansı bir maneənin olacağını güman etmirəm".

Sizin Reklam Yeriniz