Əlaqə Arxiv
news Image
2012.11.29
08:51
| A A A
Lombardların sələm şərtləri ağırlaşır
Bu qurumlar əvvəlki kimi girov müqabilində qoyulan məhsulların qiymətini çox aşağı hesablayırlar

Ölkənin maliyyə sektorunda diqqət çəkən məqamlardan biri də xeyli sayda lombardların fəaliyyətidir. Araşdırmalar göstərir ki, son illərdə banklarla müqayisədə faiz nisbəti ilə lombardlardan kredit götürənlərin sayı daha da artıb. 

Lakin bu zaman lombardlar girov müqabilində qoyulan qızılın dəyərini çox aşağı hesablayırlar. Məsələn, satış qiyməti 5 min manat olan qızıl məmulatını lombardlar ən yaxşı halda 2500 manata hesablayıb götürürlər. Özü də son dövrlər şərtləri ağırlaşdıran lombardlar faizləri də qaldırırlar. 

Düzdür, ekspertlər qeyd edir ki, lombard qısa müddətdə nağd vəsait əldə etməyin ən sürətli və rahat üsuludur. Zamin axtarmağa ehtiyac yoxdur, burada heç iş yerindən arayış və digər sənədlər də lazım deyil. Şəxsiyyət vəsiqəsini və girov qoyacağınız predmeti özünüzlə götürmək kifayətdir.

Qeyd edək ki, girov qoyulan əşyanın qiyməti həmişə onu alarkən ödədiyiniz məbləğdən aşağı olacaq. Ən sürətlə ucuzlaşan əşyalar ev və rəqəmsal texnikalardır. Ən uğurlu variant qiymətli metallardan hazırlanmış məmulatlardır. Bütün zamanlarda qızıl yüksək qymətləndirilirdi, müasir dövr də istisna deyil. Lakin lombard qarşısında olan öhdəliklərinizi də nəzərə almalısız. Müqavilənin şərtləri ilə diqqətlə tanış olun, ödəməli olduğunuz faizləri nəzərdən keçirin.

Lombardda faiz dərəcəsi kifayət qədər yüksəkdir, belə ki, kredit qısa müddətə verilir. Söhbət bir neçə gündən gedirsə, məbləğ cüzi olur. Əgər girovu bir neçə aydan sonra geri qaytarmaq istəyirsinizsə, onda kredit üçün banka müraciət etsəniz, daha  yaxşı olar. Vacib elementlərdən biri zinət əşyasının dəyərinin müəyyənləşdirilməsidir. Qeyd olunduğu kimi əksər lombardlar qızılı "lom" qiyməti ilə qəbul edir. Ona görə də zinət əşyasını geri qaytarmaq fikrində deyilsinizsə, onu lom qiymətinə lombarda verməkdənsə, hazır məhsul kimi satmaq daha məqsədəuyğun olar.

Lombarda qoyulan maşınların da qiyməti azaldılıb. Yəni bazar qiyməti 10 min manat olan maşına görə lombarddan ən çoxu, 3-4 min manat çıxarmaq olur. Özü də bu, 2003-cü ildən sonranın maşını olmalıdır. O ki, qaldı daşınmaz əmlaka, burda girovun qiymətinin yarısı qədər pul çıxarmaq olar. Yəni 50 min manat götürmək üçün 100 min manatlıq ev qoymalısan.  Əksər hallarda girov qoyulan əmlakın qiyməti alınacaq borcun məbləğindən 50 faiz çox olmalıdır. Lakin lombardlar buna əməl etmirlər. Bu, ondan irəli gəlir ki, real qiymətləndirmə yoxdur. Bu səbəbdən lombardlar və banklar maraqlıdırlar ki, girovun real dəyərini aşağı salsınlar. Bu səbəbdən bahalı əmlakı ucuz qiymətə götürürlər. Bu, girovun satıldığı təqdirdə, uduzmaq riskindən sığortalanmaq üçündür. Yəni lombardlar və banklar istəyirlər ki, girovu ən ucuz qiymətə satsalar belə, onların xərcləri ödənsin. Hətta olur ki, verilən kreditdən 2-3 dəfə baha olan əmlakın girov qoyulması tələb edilir.  Onu da qeyd edək ki, son dövrlər lombardlar da kredit şərtlərini müəyyən qədər ağırlaşdırıb. Lombardlar gizlətmir ki, şərtləri bazardakı vəziyyətə görə, həm də özlərini sığortalamaq üçün ağırlaşdırıb. Lombard sahibləri iqtisadi prosesləri banklardan da diqqətlə izləyir və öz proqnozlarını verir. İndi lombardlara müraciət edənlər daha çox bizneslə məşğul olanlardır. Amma onlar arasında bankdan götürdüyü kreditin faizini qaytarmaq üçün lombarddan pul götürənlər də var.  Qeyd edək ki, əvvəllər lombardlar Maliyyə Nazirliyinin verdiyi lisenziya əsasında fəaliyyət göstərirdi. Lakin 2002-ci ildən etibarən nazirliyin lombardlara nəzarəti aradan qaldırılıb. İqtisadçı-ekspertlərin sözlərinə görə isə, son illərdə  lombardların sayının artımını əhalinin birmənalı olaraq girovsuz kreditlərə marağının, eyni zamanda əhalinin kiçik məbləğli borclara tələbatının artması ilə izah etmək olar. Nəzərə almaq lazımdır ki, maliyyə böhranı zamanı bir çox sektorlarda, xüsusən də inşaat sektorunda durğunluq müşahidə olundu. Bu sektordakı vəziyyət əhalinin pul vəsaitlərinə olan tələbatını artırdı. Söhbət ondan gedir ki, durğunluq daha çox bu sektorda çalışanların sosial vəziyyətinin pisləşməsinə gətirib çıxardı. Bu da onları müxtəlif mənbələrdən vəsait almaqla borclanma məcburiyyətində qoydu. Ona görə əhali lombardların xidmətinə daha çox üstünlük verirdi. 

Araşdırmalara görə, qlobal böhran başlayandan bəri Azərbaycanda lombardların sayı 3 dəfə artıb. Bu da olduqca böyük göstəricidir. 2011-ci ildən başlayaraq lombardların sayında stabilləşmə müşahidə olundu. Bu da onunla bağlı idi ki, tikinti və onun əlaqəli olduğu sahələrdə durğunluq aradan qalxdı. Hətta bir müddət lombardların xidmətlərinə, onlardan borc vəsait alınmasına maraq azalmağa başladı. Amma bütün hallarda lombardlar əmanətlərin və depozitlərin cəlb edilməsi baxımından kommersiya banklarının ən ciddi rəqiblərindən biridir.

Sizin Reklam Yeriniz