Əlaqə Arxiv
news Image
2016.04.13
08:00
| A A A
Hər rayonun öz subsidiya paketi olacaq
Rəşad Həsənov: “Sahəyə görə subsidiyanın məhsula görə əvəzlənməsi və regionlara görə paketlərin təqdim olunması aqrar sektorun inkişafını təmin edəcək” Çingiz Fərəcov: “Regionlarda kənd təsərrüfatı məhsullarını istehsalını artırmaq üçün subsidiyaların verilməsi zəruridir”

Prezident İlham Əliyev Naziler Kabinetinin son iclasında kənd təsərrüfatı ilə məşğul olan fermerlərə subsidiyaların verilməsi məsələsinə də toxunub. Prezident bildirib ki, hər bir rayonun, hər bir iqtisadi zonanın öz subsidiya paketi olmalıdır: "Fermerlərə dəstək verilir, subsidiyalarda yeni yanaşmalar təklif olunur. Əminəm ki, hər bölgə, rayon üzrə xüsusi bir subsidiya siyasəti aparılmalıdır. Çünki Azərbaycan çoxiqlimli bir ölkədir. Doqquz iqlim zonamız var. Məxsusi olaraq hər bir zona üçün xüsusi kənd təsərrüfatı məhsulları yetişdirilməlidir və hər bir rayonun, hər bir iqtisadi zonanın öz subsidiya paketi olmalıdır".

Ekspertlər subsidiyaların bu formada verilməsini birmənalı olaraq dəstəkləyirlər. İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov hesab edir ki, ümumiyyətlə, aqrar sferada subsidiyalaşma prosesi dəyişdirilməlidir: "Sahəyə görə subsidiyanın verlməsi ekstensiv inkişafı stimullaşdırır. Eyni zamanda torpaqlardan səmərəsiz və təyinatına uyğun olmayan formada işlənilməsini şərtləndirir. Hətta bəzən istifadə olunmayan torpaqlar rəsmiləşdirilir və bu istiqamətdə subsidiyalar ayrılır. Nəticədə həmin subsidiyalar mənimsənilirdi. Ona görə də ölkədə kənd təsərrüfatında məhsuldarlığın səviyyəsi aşağı idi.

Son zamanlar isə kənd təsərüfatında inkişaf var. Sadəcə, intensiv inkişaf modelinə keçid prosesi ləng gedir. Azərbaycanda mövcud problemlərdən biri də torpaqların təynatına uyğun istifadə olunmamasıdır. Ona görə də bir çox hallarda kənd təsərrüfatı məhsullarımızın istehsal səviyyəsi dünya standartlarından geri qalır. Məsələn, Göyçay ərazisinin böyük bir qismi taxıl əkininə yönəldilir. Bu da istehsal olunan taxıl keyfiyyət və məhsuldarlıq baxımından geridə qalmasına səbəb olur. Daha yaxşı olardı ki, Göyçayda nar istehsalına daha çox diqqət ayrılsın. Nəzərə alaq ki, nar istehsalı Azərbaycan üçün prioritet istiqamətlərdən biridir, Avropa bazarlarına çıxış imkanı əldə etmiş məhsullardandır. Həmin torpaqlarda nar təsərrüfatının yüksək olduğu bir halda taxıl əkini həyata keçirilməməlidir. Ona görə də ərzaq təyinatlı taxılın böyük hissəsini idxal edirik. Bunun kimi digər misallar da göstərmək olar.

Fındıq istehsalını da genişləndirmək imkanına malikik. Türkiyə vasitəsi ilə Avropa bazarlarına çıxarıla bilən məhsuldur. Son zamanlar bu istiqamətdə də müəyyən işlər görülüb. Təşviqedici proqramlarla bu kimi prioritet istiqamətlər seçilməli, subsidiya paketləri buna uyğunlaşdırılmalıdır. Regiona uyğun paketlərin təqdim edilməsi məhz bu məqsədi daşıyır. Məsələn, taxılçılıq subsidiyalaşdırılırsa, o demək deyil ki, bütün rayonlarda taxıl əkilməlidir. Ancaq hazırda standart paketlər olduğu üçün kənd təsərrüfatına yararlı torpaqların böyük bir qismində taxıl əkilir. Regiona uyğun subsidiya paketləri təqdim olunarsa, bu kimi neqativ hallar aradan qalxacaq.

Eyni zamanda subsidiyanın verilmə mexanizmi də dəyişdirilməlidir. Subsidiyanın məhsula və ixraca verilməsi daha məqsədəuyğun olardı. Artıq ixracın subsidiyalaşdırılması mexanizmi həyata keçirilir. Sahəyə görə subsidiyanın məhsula görə əvəzlənməsi və regionlara görə paketlərin təqdim olunması aqrar sektorun inkişafını təmin edəcək. Nəzərə alaq ki, ölkə iqtisdiyyatının rəqabətqabiliyyətli sahələrdindən biri aqrar sektordur. Bu sahədə istehsal olunan məhsulların da kifayət qədər böyük bazarı var. Yaxın Rusiya və xüsusi məhsullar üçün isə Avropa bazarlarından istifadə edə bilərik. Həm ölkənin ərzaq təhlükəsizliyi, həm ixrac potensialının genişləndirilməsi, həm də məşğulluğun təmin olunması baxımından bunun ölkə üçün böyük əhəmiyyəti var. Atılan addımlar öz efektini verməlidir".

Aqrar məsələlər üzrə ekspert Çingiz Fərəcov da subsidiyaların bu cür verilməsini alqışlayır: "Azərbaycanda 9 iqlim qurşağı var. Ona görə də hər zonanın özünə uyğun iqlim şəraiti var. Həmin ərazinin tələb etdiyi bitkilər əkilməlidir.

Nəzərə alaq ki, Sovet dövründə ixtisaslaşma aparılırdı. O vaxt ulu öndər Heydər Əliyev tələb edirdi ki, hər zonanın özünün xüsusiyyətlərinə uyğun kənd təsərrüfatı məhsulu yetişdirilsin. Bu prinsip indi də həyata keçirilir. Prezident müşavirədə qeyd etdi ki, 100 min ton pambıq istehsal olunmalıdır. Nəzərə alaq ki, ötən il 35 min ton pambıq istehsal olunub. Amma bu, çox azdır. İlkin mərhələdə 100 min ton olmalı idi. Odur ki, gələcəkdə pambığa da subsidiyanın verilməsi məqsəduyğundur. Hələlik pambıqla bağlı subsidiya yoxdur. Lakin pambığın alış qiymətləri qaldırılıb. Bu zaman pambıq istehsalı arta bilər.

Bundan başqa camışçılıq inkişaf etdirilməlidir. Camışçılıq ən çox bataqlıq və qamış bitkisi olan ərazilərdə inkişaf etdirilə bilər. Nəzərə alaq ki, ölkəmizdə ildən ilə camışçılıq zəifləyir. O baxımdan camışçılığa da subsidiyaların ayrılması faydalı olardı. Ümumiyyətlə, regionlarda kənd təsərrüfatı məhsullarını istehsalını artırmaq üçün subsidiyaların verilməsi zəruridir".

Sizin Reklam Yeriniz