Əlaqə Arxiv
news Image
2016.04.13
12:25
| A A A
Azərbaycan-Türkiyə turizm əməkdaşlığı

"Sərgi həm Azərbaycanın, həm də Türkiyənin turizm potensialının təqdimatına əla fürsət verdi"

 Regionda turizm sənayesi üzrə aparıcı tədbirlərdən biri olan "AITF-2016" sərgisi 15 illik fəaliyyətini qeyd etməklə, həm də bütövlükdə Xəzəryanı regionda mühüm tədbirlərin təşkilatcısi olduğunu bir daha subut etdi. Yeni tərəfdaşlıq müqavilələrinin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi əsas turizm tədbirinə çevrilən sərgi turizmin ölkəmizin qeyri-neft sektorunun perespektivli sahələrindən biri olduğunu da sübut etdi.


Ölkəmizdə Beynəlxalq sərgilərin təşkilatçılığı ilə məşğul olan "İteka Caspian" şirkətindən verilən məlumatda bildirir ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası, Dünya Turizm Təşkilatı və Asiya-Sakit Okean Turizm Assosiasiyası sərgiyə fəal dəstək verib. 2002-ci ildə keçirilən ilk sərgidə 5 ölkədən 26 şirkət iştirak edirdisə, sonrakı illərdə müsbət dinamika əldə edə olunub. Bu hər şeydən əvvəl ölkədə geniş vüsət alan inkişaf və turizm sahəsinə dövlətin genişmiqyaslı dəstəyi ilə əlaqələndirilir. Bu ilki sərgidə 40 ölkədən 200-dən artıq şirkət iştirak edir. Qeyd edilir ki, bu sərgi regionda ölkə, şirkət və turizm marşrutlarının sayı üzrə bütün digər turizm sərgiləri arasında birinci yeri tutur.


"Şərq ilə Qərb mədəniyyətləri arasında bir körpü olan


Anadolunu sərgi iştirakçılarına tanıtmağa çalışdıq"


Sərgidə qardaş Türkiyə də geniş təmsil olunurdu. Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri Murad Karacanta deyir ki, dünyanın ən məşhur və tanınmış turizm məkanlarından olan Türkiyənin potensialının təqdim olunması baxımından bu sərgi bizə əla fürsət verdi. Sərgidə çoxlu xarici şirkətin iştirakı diqqət çəkirdi. Müxtəlif xarici ölkələrə məxsus pavilyonlarda ölkələrin ecazkar təbiəti, zəngin mədəniyyət nümunələri möhtəşəm səyahət məkanları kimi təqdim olunur. Sərgidə iştirak edən 30-a qədər agentlik, turizm nümayəndəliyi, İzmir, Konya kimi şəhərlərin böyükşəhər bələdiyyələrinin təmsilçiləri Türkiyəni-Şərq ilə Qərb mədəniyyətləri arasında bir körpü olan Anadolunu sərgi iştirakçılarına hərtərəfli tanıtmağa çalışdı. Fəxrlə deyə bilərəm ki, bizim pavluyon sərginin ən gur, şən və böyük maraq doğuran bir hissəsi idi. Tərtibatına görə də stendimiz şərginin bir nömrəli diplomuna layiq görüldü.


Günəş və qum istəyən turistlər üçün bir cənnət olan Türkiyənin Bodrum, Antalya kimi cənub sahilləri, qış turizmi istəyənlər üçün Uludağ, Kartalkaya kimi xizək mərkəzləri və təbii gözəllikləri ilə əfsanəyə bənzəyən Qara dəniz yaylaları haqqında eşitdikləri hər kəsi valeh edirdi. Böyük konqreslər və işgüzar görüşlər üçün böyük iş gücünə sahib olan İstanbul, eləcə də Türkiyənin bir incisi sayılanlan İzmir və onlarca bölgələr Türkiyəni turizm sektoruna böyük faydalar verən bir ölkəyə çevirmişdir. Ölkəmizin turizm şirkətlərinin yüksək dərəcədə xidmət verə bilən vəziyyətə gəlməsi son dərəcə sevindiricidir. Bu gün ölkəmizdə olan dünya zənciri otellər və yerli otellər ilə səyahət agentlikləri və restoranlar yüksək səviyyədə xidmət təqdim edirlər.


Sərgidə keçirilən görüşlərdə termal, sağlamlıq, qış, qolf, atçılıq, idman, çimərlik, gənclik, ekoloji, alış-veriş və digər turizm sahələrinin dinamik inkişafının və mütəmadi olaraq tanıdılmasının vacibliyini qeyd edildi. Görüşlərdə sosial şəbəkələrdə ölkələrimizin turizm potensialının təbliğ edilməsi və bundan yararlanma, həftəlik səyahət paketlərinin qiymətlərində endirimlərin reallaşdırılması bu sahədə yeni addımların bəhrəsi oldu. Eyni zamanda AZAL və


Türk Hava Yollarının turizm şirkətlərinin də danışıqlara qatılması 2016-cı ilin turzm mövsümü üçün yeni layihələrin reallaşdırılmasına ümidləri artırmaqdadır.


"Bakı haqqında təəsüratlarım həyatımın yeni bir səhifəsi oldu"


Qardaş Türkiyənin Trabzon, Konya, Marmaris, Kuşadası, Bodrum, Antaliya və digər bölgələrindən turizm şirkətləri və otelləri də sərgiyə qatılıb. Egey bölgəsi də bu ilki sərginin iştirakçıları sırasındadır. Türkiyənin üçüncü böyük şəhəri olan İzmirin Mədəniyyət və Turizm İdarəsinin rəisi Abduləziz Edizin də qatıldığı sərgidə bölgənin malik olduğu turizm potensialı barədə geniş informasiya çatdırılır. Məqsəd bölgəyə gəlmək istəyən turistlərin təəssüratlarını zənginləşdirmək və ölkədə turizmin davamlı inkişafını təmin etməkdir.


İzmir Mədəniyyət və Turizm İdarəsinin rəisi Abduləziz Ediz bildirir ki, dünyanın ən müxtəlif ölkələrində onlarca sərgini iştirakçısı olsam da Bakı haqqında təəsüratlarım mənim həyatımın yeni bir səhifəsi oldu. Həm uzun illərdən bəri eşitdiyim və televiziya ekranlarından izlədiyim qardaş Azərbaycanla tanışlıq, xüsusən də paytaxt Bakının əsrarəngiz gözəlliyi məni heyran etdi. Görüşdüyüm insanlar, onların döğma münasibətləri sözün həqiqi mənasında çox xoş idi. Sərgi mənə qardaş Azərbaycanı əyani tanıtdı. Eyni zamanda bir sıra yeni əlaqələrin qurulmasına da əhəmiyyətli töhfələr verdi.


Sərgidə tibbi və sağlamlıq turizmi istiqamətlərini təmsil edən iştirakçıların sayı kifayət qədər çox idi. Azərbaycan, Belarus, Gürcüstan, İtaliya, Latviya, Xorvatiya, Çexiya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən şirkətlər, o cümlədən tibb mərkəzi, sağlamlıq ocağı və sanatoriyalar müalicə-sağlamlıq və SPA turizmi üzrə ən son nailiyyətləri təqdim edirlər. Sərginin davam etdiyi günlərdə bu şirkətlərin nümayəndələri ilə keçirdiyimiz görüşlər turizm əlaqələrinin inkişafı baxımından çox əhəmiyyətli oldu. Yeri gəlmişkən qeyd edim ki, Türkiyədə sağlamlıq və termal turizm son illərdə əhatəli bir inkişaf yolu keçmişdir. Türkiyə geotermal qaynaqlar baxımından dünya səviyyəsində böyük potensiala sahib olan ölkədir. Biz Avropada təbii qaynaq potensialı baxımından birinci, kurort tətbiqləri baxımından isə isə üçüncü sıradadayıq. Egey bölgəsində də bu sahənin inkişafı günü-gündən artmaqda və inkişafdadır.


İzmir Mədəniyyət və Turizm İdarəsinin rəisi qeyd edir ki, Azərbaycanda turizmin inkişaf perespektivləri də maraq doğurdu. Yaxşı haldır ki, hazırda diqqət paytaxtla yanaşı, bölgələrdə də geniş turizm şəbəkəsinin yaradılmasına yönəldilib. Naxçıvan Muxtar Respublikası da daxil olmaqla ölkənizin malik olduğu təbii gözəllikləri, ecazkar təbiəti və digər istiqamətləri nümayiş etdirmək baxımından sərgi bir çox özəllikləri ilə seçilir. İran İslam Respublikasının milli pavilyonunda bu ölkənin müxtəlif turizm istiqamətləri barədə geniş məlumat aldıq. Burada İranın turizm şəbəkəsinin malik olduğu potensial qonaqlara əhatəli şəkildə təqdim edilir. Biz görüşlərimizdə həm Azərbaycan, həm də İran turizm şirkətləri ilə əlaqələrin yaradılması üçün aparılan danışıqların bəhrə verəcəyinə ümidlə yanaşırıq. Ölkə prezidenti cənab İlham Əliyevin "AITF-2016" XV Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisini ziyarət etməsi qardaş Azərbaycanda turizmin inkişafına böyük ümidlər yaratmaqla yanaşı, həm də bu sahənin inkişafının vacibliyini ortaya qoyur.


Hər bir sərgi yeni aviareys və hava xətlərinin elan edildiyi, memorandum və beynəlxalq müqavilələrin imzalandığı, sənayedəki yeni məhsul və nailiyyətlər barədə hesabatların səsləndirildiyi platformadır. Bu baxımdan regionda turizm sənayesi üzrə aparıcı tədbirlərdən biri olan "AITF-2016" sərgisi də Azərbaycanın zəngin turizm potensialını xarici iştirakçılara yüksək səviyyədə təqdim edə bildi.























Sizin Reklam Yeriniz