Əlaqə Arxiv
news Image
2016.04.14
08:00
| A A A
Turizmin inkişafında daha bir vacib addım
Eldar Aslanov: “Turizm sənayesinin yaradılması ölkəmiz üçün yeni imkanlar deməkdir” Samir Əliyev: “Turizm sənayesi ölkəmizə neftdən kənar sahə kimi gəlir gətirəcək”

"Biz turizm sənayesini yaratmalıyıq. Bu, bizdə yoxdur. Turizmin, əgər belə demək olarsa, əlavə həcmini təmin etmək üçün müəyyən addımlar atılıb, lakin turizm sənayesi mövcud deyil. Biz bunu etməliyik". Bunu Prezident İlham Əliyev aprelin 12-də Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyətini qəbul edərkən bildirib.
"Biz bu sahəyə fəal şəkildə sərmayələr yatırırıq. Hazırda əlavə addımlar atılır ki, xarici turistlər Azərbaycana daha asan səfər etsinlər. Xüsusən, coğrafi mövqeyi, xalqımızın qonaqpərvərliyini, təhlükəsizliyi, dostluq mühitini və istər Bakıda, istərsə də rayonlarda artıq mövcud infrastrukturu, o cümlədən müxtəlif iqlim şəraitlərini nəzərə alsaq, turistləri daha çox cəlb edə bilərik. Əfsuslar olsun ki, hazırkı vəziyyət bizi qane etmir. Biz turizm sənayesini yaratmalıyıq. Hazırda, dünyada tanınan otellər ölkəmizdə var. Fikrimcə, şirkətlər bu işdə bizə yardım edə bilərlər", - deyə Prezident söyləyib.
Bəs, turizm sənayesinin yaradılması Azərbaycana nə vəd edir?
Azərbaycan Turizm Universitetinin prorektoru Eldar Aslanov bildirdi ki, yeni iş yerlərinin yaradılması, qeyri-neft sektoru olaraq turizmin daha da inkişaf etdirilməsi baxımından turizm sənayesinin yaradılması günün vacib tələblərindəndir: "Turizm sənayesi geniş bir anlayışdır. Cənab Prezident haqlı olaraq turizm sənayesini yaratmalıyıq ifadəsini işlətməklə dolayısı ilə müntəzəm olaraq mətbuatda dediyimiz, ayrı-ayrı müşavirələrdə də səslənən məqamları özündə təcəssüm etdirən bir sistemin yaradılmasını diqqətə çatdırıb.
Azərbaycanda son 10-15 ildir ki, turizm inkişaf edir. Qarşıda da çoxlu sayda vəzifələrimiz var. Bu istiqamətdə yeni strategiya hazırlanır. Arzumuz da odur ki, turizm sənayesini formalaşdıraq. Həm kadr potensialı, həm infrastrukturu ilə. İnfrastruktur da rəngarəng olmalıdır. Turizm sənayesi yalnız beşulduzlu otellər deyil, aşağı ulduzlu otel və motellər, gənclər mərkəzləri, sosial turizm, sanatoriya-kurort kompleksinin yenidən qurulması, onun hansı potensialı özündə ehtiva etməsi, bununla bağlı düzgün marketing strategiyasının aparılması, gələn turistlərin asudə vaxtlarının təşkili, mədəni infrastrukturun buna uyğunlaşdırılması kimi məsələləri də özündə əks etdirir. Yəni, bu, mürəkkəb, öz daxili dinamikası qanunauyğunluğu olan bir sistemdir. Ona bəzən kadr sənayesi də deyillər. Turizm sənayesinin deyilən bütün tələblərə cavab verən səviyyədə qurulması əsas məqsədimizdir.
Turizm sənayesinin yaradılması ölkəmiz üçün yeni imkanlar deməkdir. Onun baş verməsi ölkənin ümumi daxili məhsuldakı gəlirlərinin artımını, əhalinin məşğulluğunun yüksəlməsini özündə ehtiva edir. Hazırda rəsmi statistikaya görə, turizm sektorunda çalışanların sayı 42 min nəfərdir. Turizm sənayesi qurularsa və arzu etdiyimiz sayda xarici turistləri cəlb edə bilsək, bu, ölkə əhalisinin yarısı qədər il ərzində turistin Azərbaycana gəlməsi deməkdir. Eyni zamanda, yüz minlərlə yeni iş yerlərinin açılması mənasına gəlir. Belədə görürük ki, bu addımın atılması həm əhalinin məşğulluğu baxımından sosial effektlidir, həm də ümumi daxili məhsulda turizm sektorunun çəkisinin artırılması baxımından iqtisadi cəhətdən effektivdir".
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev qeyd etdi ki, turizm sənayesinin olması həmin sektorun inkişaf etdirilməsində başlıca dayaq rolunu oynayır: "Bu istiqamətdə böyük layihələr həyata keçirilib. Məsələn, Şahdağ Qış İstirahət Kompleksi, Qəbələ və digər regionlarda da bu istiqamətdə böyük investisiya yatırılıb. Məqsəd də odur ki, turizm inkişaf etdirilsin.
Düzdür, ölkəmizdə turizm sektoru hələlik arzu olunan səviyyədə deyil. Bu sahəyə kompleks şəklində yanaşılmalıdır. Bu sahə turizmlə bağlı institutların yaradılmasından tutmuş, infrastrukturun yaradılmasına qədər olan məsələləri əhatə edir. Bura həmçinin kiçik və orta sahibkarlığın inkişafı daxildir. Təkcə otel tikməklə turizm inkişaf etdirilmir. Tarixi abidələrin qorunması, infrastrukturun yaradılması, yollaırn çəkilməsi, bir sıra təbliğedici tədbirlərin görülməsi, ölkəmiz haqqında müəyyən sənədli və bədii filmlərin çəkilməsi, beynəlxalq tədbirlərin keçirilməsi, menecmentlərin yetişdirilməsi turizm sənayesinin tərkib hissəsinə daxildir. Bu istiqamətdə ayrı-ayrı elementlər üzrə işlər görülüb. Ancaq turizmlə bağlı müəyyən problemlər də mövcuddur.
Otellər şəbəkəsində qiymətlər həddən artıq bahadır. Tikilən otel standartlara cavab versə də, bir çoxunun ətrafı pis gündədir. Azərbaycan hazırda qeyri-neft sektorunun inkişafına üstünlük verməyə başlayıb. Onun istiqamətlərindən biri də məhz turizmin inkişafıdır. Ona görə ölkəmiz turizm sahəsində fəaliyyətini gücləndrməli, bu sahədə ciddi dəyişikliklər etməlidir. Turizm sənayesi ölkəmizə neftdən kənar sahə kimi gəlir gətirəcək. Yeni iş yerləri yaranacaq, əhalinin gəlirləri artacaq. Xidmət sferası bu sənayenin yaradılması ilə inkişaf edəcək. Turizm sənayesi həm də regionların inkişafına təkan verməlidir. Belə olarsa, ölkə iqtisadiyyatının şaxələnmə imkanları da artacaq".


Sizin Reklam Yeriniz