Əlaqə Arxiv
news Image
2012.12.13
12:47
| A A A
Ölkədə yüksək ixtisaslı texniki kadrlar tapılmır
Akif Nəsirli: "Müasir dövr texnologiyalarla işləməyi bacaran rəqəmsal savadlı mütəxəssis yetişdirməyi tələb edir" Sahib Məmmədov: "Yüksək ixtisasa yiyələnənlər, müasir texnikadan başı çıxanlar olduqca azdır"

Əmək bazarında aparılan araşdırmalar göstərir ki, Azərbaycanda hazırda yüksək ixtisaslı texniki kadrlarla bağlı ciddi çatışmazlıqlar mövcuddur. Halbuki, son illər ölkədə geniş vüsət alan tikinti, təmir işləri fonunda yüksək ixtisaslı peşə təhsilli kadrlara tələbat da artıb. Belə bir vəziyyətdə isə kadr çatışmazlığını bəzən xaricdən mütəxəssislərin gətirilməsilə aradan qaldırmağa çalışırlar. Qeyd edək ki, sovet dönəmində bütün ölkədə olduğu kimi, Azərbaycanda da texniki-peşə məktəbləri fəaliyyət göstərirdi.

Burada təhsil alanlar sonradan ölkənin müxtəlif fabrik və zavodlarında, tikintidə öz peşələrini tətbiq edirdilər. Hazırda isə bu tip peşə məktəbləri demək olar ki, fəaliyyət göstərmir. Bunun da nəticəsində yüksək ixtisaslı texniki kadrlar məsələsində çatışmazlıqlar özünü göstərməyə başlayıb. Burada digər bir məqam ondan ibarətdir ki, müasir şəraitdə yüksək ixtisaslı kadr olmaq üçün dövrün texniki qurğularına da dərindən bələd olmaq lazımdır. Azərbaycanda bu sahədə də müəyyən problemlər yaşanır.

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirlinin fikrincə, Azərbaycanda yüksək ixtisaslı texniki kadrların olmaması texniki-peşə məktəblərinin fəaliyyətsizliyinin nəticəsidir: "Yüksək ixtisaslı texniki kadrların çatışmazlığı probleminə demək olar ki, bütün ölkələrdə rast gəlinir. Sovet dövründə bu ixtisaslara yiyələnmək üçün texniki-peşə məktəbləri fəaliyyət göstərirdi. Burada təhsil almaqla həmin peşələrə yiyələnmək asan idi. Orta məktəbdə natamam orta təhsil alan bir sıra şagirdlər sonradan təhsillərini texniki-peşə məktəblərində davam etdirməklə müxtəlif peşələrə yiyələnirdilər.

Digər tərəfdən, yüksək ixtisaslı texniki mütəxəssis olmaqla da iş bitmir. Müasir dövr həm də texnologiyalarla işləməyi bacaran rəqəmsal savadlı mütəxəssis yetişdirməyi tələb edir. Ölkə işsizliyin aradan qaldırılmasında maraqlıdırsa, qaynaqçı və bu kimi digər peşə sahiblərini xaricdən gətirməkdənsə, onları ölkəmizdə hazırlamaq daha sərfəlidir. Məsələn, qaynaqçı peşəsinə iki-üç aya yiyələnmək mümkündür. Bunun üçün də dövlət vəsaitləri hesabına kurslar açmaq gərəkdir. Ölkədə diplomun deyil, insanın qabiliyyətinin əsas götürülməsi praktikası tətbiq olunarsa, texniki peşə məktəblərinin də açılmasına maraq yaranacaq və bu sahə də bir biznes formasına çevriləcək".

Əməkçilərin Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov isə qeyd etdi ki, ölkədə yüksək ixtisaslı texniki kadrların çatışmaması əsasən onların hələ də praktik məşğələləri keçən əsrin 70-ci illərin avadanlıqları ilə aparmalarıyla bağlıdır: "Əslində, ölkənin əmək bazarında müxtəlif peşələrə, o cümlədən qaynaqçı peşəsinə yiyələnənlər az deyil. Sadəcə olaraq, onlar arasında yüksək ixtisasa yiyələnənlər, müasir texnikadan başı çıxanlar olduqca azdır. Onlar da bu ixtisasa ancaq praktiki yöndə nail olublar. Ona görə də bir sıra hallarda müəyyən işlərin görülməsi zamanı xaricdən gətirilən yüksək ixtisaslı texniki işçilərdən istifadə etməli oluruq. Ölkənin bu sahədə olan kadrları müasir dövrün tələblərinə cavab verən səviyyədə hazırlanmayıblar. Bu da Azərbaycanda peşə təhsilinin səviyyəsinin çox aşağı olmasından irəli gəlir. Əslində, bu təhsil sahəsi demək olar ki, formal xarakter daşıyır. Ona görə də ölkəmizdə yüksək ixtisaslı texniki kadrlar çatışmır. Bu sahədə peşə almaq istəyənlər hələ də keçən əsrin 70-80-ci illərin avadanlıqları ilə praktika keçirlər. Müasir dövrün tələblərinə cavab verən texnologiya sahəsində isə ölkəmizdə peşə təhsili yox dərəcəsindədir. Bu sahəni az miqdarda mənimsəyənlər də onu təhsilin nəticəsində deyil, ancaq praktika sayəsində öyrəniblər. Normal peşə təhsili olsa, çoxsaylı yüksək ixtisasla texniki kadrları yetişdirmək mümkündür. Keçən əsrin 70-ci illərin avadanlıqları ilə keçirilən təlimlər fonunda yeni texnologiyalardan istifadə etməyi bacarmaq olduqca çətindir".

Sizin Reklam Yeriniz