Əlaqə Arxiv
news Image
2012.12.14
16:14
| A A A
Bankların kredit faizləri azala bilər
Natiq Cəfərli: «Gələcəkdə də bu addımlar atılsa, kommersiya banklarında faizlərin aşağı çəkilməsi olacaq» Zahid Məmmədov: «Bu cür addımlar istər kredit, istər depozit siyasətinə təsir göstərməkdədir»

Məlumat verildiyi kimi Azərbaycan Mərkəzi Bankı uçot dərəcələrini 0,25 faiz aşağı endirdi. Mərkəzi Bankın sədri Elman Rüstəmov isə uçot dərəcələrinin bundan sonra da aşağı salınmasını istisna etmir.

Bəs bu addım Azərbaycanda bankların kredit faizlərini aşağı salmasına səbəb ola bilərmi?

İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı Mövqe. Az-a açıqlamasında aşağıdakıları bildirib : "Uçot dərəcəsinin 0.25 % azaldılması düşünmürəm ki, faizlərə ciddi təsir göstərsin. Amma bu bank sektoruna siqnal ola bilər. Əgər azalmalar gələn il də davam etsə, ən azı 0.5 % aşağı sala bilsələr, 2 dəfə bu əməliyyat davam etdirilsə, onda düşünürəm ki, bank sferasına müəyyən dərəcədə təsir göstərə bilər. Ümumiyyətlə uçot dərəcəsinin 5.25 %-dən, 5 % -ə endirilməsi çox lazımlı addımdır. Düşünmək olar ki, gələcəkdə də bu addımlar atılsa, kommersiya banklarında faizlərin aşağı çəkilməsi olacaq. Çünki, Azərbaycanda Mərkəzi Bankın uçot dərəcəsindən 3-4 dəfə artıq faiz dərəcələri mövcuddur. Düşünürəm ki, dövlət də, Mərkəzi Bank da faizlərin aşağı çəkilməsi yönündə müəyyən addımlar atmalıdır.

Uçot dərəcəsinin aşağı salınması Mərkəzi Bankın Idarə Heyətinin aldığı qərardır. Qanunvericiliyə görə, Mərkəzi Bank hökumətə daxil deyil. Ancaq prezidentə tabedir. Hökumət quruluşuna aid deyil. Amma hökumətin müəyyən nazirlikləri, əsasən də Maliyyə Nazirliyi, Vergilər Nazirliyi ilə müəyyən məsləhətləşmələrdən sonra belə addımlar atılır. Düşünürəm ki, Mərkəzi Bankın özünün iqtidarındadır ki, uçot dərəcəsini daha da aşağı çəksin".

İqtisad elmləri doktoru, professor Zahid Məmmədov isə məsələ bağlı qeyd edir: "Təbii ki, bu cür addımlar istər kredit, istər depozit siyasətinə təsir göstərməkdədir. Lakin indiki halda hələ ki, kredit faizlərinin aşağı düşməsi müşahidə olunmur.

Qeyd edim ki, bazar iqtisadiyyatında inzibati tədbirlər nadir hallarda olur. Kredit faizlərinin aşağı salınması üçün dolayı yollarla atılan addımlardan da istifaəd etmək lazımdır. Məsələn, xarici ölkələrin banklarının Azərbaycanda maliyyə bazarında iştirakı təbii ki, faiz dərəcələrinin aşağı enməsinə öz təsirini göstərərdi. Hazırda faiz dərəcələrinin yüksəkliyi xidmətlərin qiymətinə mənfi təsir göstərir. Nə qədər faiz yüksəkdirsə qiymətlər də yüksəkdir. Bu da nəticədə insanların gəlir səviyyəsinə mənfi təsir göstərir. Faiz elə bir indikatordur ki, bütünlüklə iqtisadi siyasətə təsir göstərir. Ona görə də bizim qarşımızda da əsas məqsəd faizi azaltmaqdır".

Sizin Reklam Yeriniz