Əlaqə Arxiv
news Image
2012.12.14
17:40
| A A A
"07"-lər getdikcə bahalaşır
Vüqar Bayramov: "Ölkəyə "07"lər gətirilməsə də, onları alanların sayı azalmayıb, bu da nəticə etibarilə qiymətin bahalaşmasına səbəb olur"

Son dövrlər aparılan araşdırmalar göstərir ki, Azərbaycanda Rusiya istehsalı olan maşınların qiymətləri bahalaşır. Bu hal özünü əsasən də "07" markalı avtomobillərdə göstərir. Qeyd edək ki, artıq ölkəmizə təhlükəsizlik yastığı, ABS əyləc sistemi olmayan istehsalı olan avtomobillərin gətirilməsinə qadağa qoyulub.

Həmin maşınlar atmosferin çirklənməsində əsas rol oynadığından onların ölkəmizdə fəaliyyətinin məhdudlaşdırılması istiqamətində iş gedir.

Digər tərəfdən bu tip avtomobillər təhlükəsizlik baxımından da müasir tələblərə cavab vermək gücündə deyil. Lakin bütün bunlara baxmayaraq nədənsə Rusiya maşınlarının, əsasən də"07"-in qiymətlərində bahalaşma tendensiyası var. Görəsən, bu tendensiya nədən irəli gəlir?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, bu, "07" markalı rus maşınlarının qiymətinin bahalaşması ölkəyə gətirilməsinə qadağa qoyulsa da, onlara tələbatın azalmamasının nəticəsidir: "Rusiya istehsalı olan maşınların xüsusən də Bakı şəhərində sayının azalması müşahidə olunur. Artıq paytaxtda olan maşınların təxminən 85 faizinin Rusiyadan kənarda istehsal olunan avtomobillər olduğunu nəzərə alsaq, istifadə olunan sovet maşınlarının çəkisinin az olduğunu görərik. Artıq ölkə vətəndaşları Rusiya maşınlarını almaqdansa, eyni qiymətə gələn nisbətən köhnə istehsal tarixi olan alman avtomobillərini almaqda maraqlıdır. Bu da Rusiya maşınına olan tələbatın azalmasına gətirib çıxarır. Bununla belə anoloji halı heç də bütün Rusiya maşınlarına aid etmək olmaz. Apardığımız araşdırmalar göstərir ki, Azərbaycanda "07" markalı avtomobillərə marağın artması müşahidə olunur. Xüsusən də Bakıdakı avtomobillərin böyük bir qismi məhz "07" markalı maşınlardır. Onlara tələbatın artması isə müxtəlif səbəblərlə bağlıdır. Xüsusən də gənclər arasında onlara tələbat mövcuddur. Son vaxtlar həmin maşınlara qiymət artımlarının olması ölkəmizə "07" maşınlarının gətirilməsinə müəyyən qadağaların tətbiq edilməsilə birbaşa olaraq bağlıdır. Həmin maşınlar idxal standartlarına cavab vermir. Onların təhlükəsizlik yastıqları yoxdur. Bu qadağa nəticəsində ölkəmizdə "07" maşınlarının qıtlığı meydana gəlib. Belədə qiymətlər də bahalaşır. Digər rus istehsalı olan maşınlarda isə qiymət bahalaşması müşahidə olunmayıb. Ölkəyə "07"lər gətirilməsə də, onları alanların sayı isə azalmayıb. Bu da həmin maşınların bazarda qıtlığının yaranması və nəticə etibarilə qiymətinin bahalaşmasına səbəb olur. Ümumiyyətlə, qiymət artımları "07"nin ölkəmizdə nə qədər populyar olmasından asılı olaraq dəyişəcək. Bu markalı maşınlar növbəti illərdə də mövcud populyarlığını ölkədəki müəyyən kateqoriyalı insanlar arasında saxlasa, qiymət azalması baş verməsə də, hər halda qiymət stabilləşməsi müşahidə olunacaq. Lakin onu da nəzərə alaq ki, hazırda Azərbaycanda baş verən qəzaların çoxu məhz Rusiya maşınlarının günahı üzündən yaranır. Bu rus maşınları arasında da "07-nin payı olduqca çoxdur. Belədə deyə bilərik ki, gələcəkdə bu və ya digər faktorlar "07"nin populyarlığını aşağı salacaqsa qiymət azalmaları da olacaq. Amma hələlik "07" markalı maşınlara süni populyarlıq onlara tələbatın artmasına və belədə qiymətlərin bahalaşmasına gətirib çıxarır".

Sizin Reklam Yeriniz