Bəzən belə yazılar istehlakçıların tam
fikrini qarışdıra bilir. Söhbət mağazaların üzərində olan və böyük
faizlə aşağı salındığı bildirilən qiymətlərdən gedir. Belə ki,
sahibkarlar bu endirimləri müxtəlif səbəb və variantlarda edə
bilirlər. "Mağaza yerini dəyişir", "N faiz endirim" "2-ni alana 1-i
hədiyyə", yaxud da endirilmiş faizləri böyük, həqiqi qiymətləri isə
kiçik hərflərlə yazırlar.
Təbii ki, artıq bu cür istehlakçı aldatma variantının yaşı kifayət qədər olsa da, inanmayanlarla yanaşı, aldananlar da az deyil. Halbuki, dəfələrlə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti endirimlərin tətbiqi zamanı qanunvericiliyin tələblərinə əməl edilməməsi ilə bağlı mağazalarda qanun pozuntusu aşkar edib.
Lakin bu gün həmin deyilən kampaniya üsullarını brend firmaların reklam lövhələrində də görmək mümkündür. Ekspertlər isə bildirirlər ki, bu cür endirim kampaniyaların iqtisadi əsası ola da bilər, olmaya da bilər. İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin əməkdaşı Fuad Əkbərovun sözlərinə görə, müəyyən fəsillərlə əlaqədar endirim kampaniyaları olur: "Bunun iqtisadi əsası ola bilər. Çünki, geyim sektorunda qiymətlər dəblə formalaşır. Əsasən də qadın geyimlərinə tələb çoxdur. Bu isə satıcılara satdıqları geyim əşyalarının üzərinə yüksək mənfəət marjası qoymağa imkan verir. Burada mənfəət marjası, hətta topdansatış qiymətindən 10 dəfələrlə yüksək ola bilər. Belə olduqda bəzi səbəblərə görə vaxtaşırı olaraq həmin mağazalar yüksək endirimlər edə bilirlər. Yəni, iqtisadi cəhətdən bu mümkündür. Amma bu endirimlərin həqiqətən də real olub - olmamasına gəldikdə, istehlakçıların hüquqlarını qorumaq üçün malın yeni qiymətinin yanında əvvəlki qiyməti də yazılmalıdır ki, istehlakçıları məlumatlansın".
Ekspert bildirir ki, sahibkarların yüksək faizlə endirimlər etmələrinin bir neçə səbəbi var: "Bunlardan biri odur ki, artıq malın dəbi keçib. Yeni dəbli mallar gətirilməlidir. Mövcud ehtiyatları tez bir zamanda boşaldıb, onu yeni mallarla əvəz etmək üçün bu cür endirimlərə gedə bilərlər. Bir də o vaxt endirim edirlər ki, artıq gözlənilən gəlir əldə olunub. Növbəti mərhələdə malları dəyər - dəyməzinə, aşağı endirimlərlə satırlar. Lakin yeni gətirilən malların topdansatış qiymətinin üzərinə dəfələrlə artıq qiymət qoymaqla onu kompensasiya edirlər. Yəni, əvvəl itirdikləri gəlirlər, yeni satışla kompensasiya edilir. Digər tərəfdən bu endirimli satışlar, şirkətin marketinq və reklam xərci sayıla bilər. Bu xərclər də rəqabət imkanını artırır. Daha bir səbəb isə şirkətin sabit xərcləridir. Bu sabit xərclər daimi satışların baş verməsini və şirkətdə likvidliyin olmasını tələb edir. Yəni, daim mağazaların büdcəsində likvid maliyyə vəsaiti olmalıdır ki, onlar sabit xərclərini ödəsinlər. Bunlar icarə xərcləri, işçilərin əmək haqları ola bilər. Bunları da ödəmək üçün daim satış dövriyyəsi baş verməlidir".
Azad İstehlakçılar Birliyinin
sədri Eyyub Hüseynov qeyd edir ki, belə endirimlər bütün dünya
ölkələrində həyata keçirilir: "Bu endirimlərin həqiqiliyi istisna
olunmur. Amma endirimlərlə bağlı bəzi problemlər də var. Birinci
problem odur ki, vətəndaş həmin endirimə baxıb, mağazadan mal
seçəndə ona "bu mal endirimə düşmür" deyirlər. Bu isə endirim yox,
istehlakçını qapıdan içəri salmaq üsuludur. İkincisi, endirim
kampaniyasında istehlakçı mal alırsa, sonradan tələbatını
ödəməyəndə onu geri qaytara bilmir. Çünki, satıcılar endirim
kampaniyasında malların geri qaytarılmasının qeyri - mümkünlüyünü
bildirirlər. Üçüncü isə endirim həqiqi yox, yalançı olur. Bu da
Nazirlər Kabinetinin 80 saylı qərarının tələblərinin pozulmasıdır.
Amma endirim edilən malların üzərində maddi məsul şəxsin imzası
olan, qiyməti göstərən kağızlar olmalıdır. Bu kağız vasitəsi ilə
istehlakçı ilk və sonrakı qiymətin necə olmasını izləməli, əyani
görməlidir. Təəssüf ki, indi malların 80 faizinin üzərində həmin
qiymətlər olmur. Amma "İstehlakçıların hüquqlarının müdafiəsi
haqında" qanununda göstərilir ki, istehlakçılar istənilən
sənədləri, o cümlədən qiymət sənədlərini tələb edib baxa bilərlər.
İndi isə bizdə belə kağızlar tələb olunmur. Lakin bütün hallarda
hamı bilməlidir ki, endirim kampaniyasında alınan mallar
istehlakçının tələbatını ödəməzsə, onu geri qaytarmaq və ya
dəyişdirmək hüququ var. Bundan başqa, maddi məsul şəxsin imzası
olan qeydiyyat sənədləri olarsa, əhali yalançı endirimə aldanmaz.
Malın qiyməti barədə düzgün informasiya almaq hüququ təmin
olunar".