Məlumdur ki, Azərbaycanda fəaliyyət göstərən 43 bankdan biri (Beynəlxalq Bank) istisna olmaqla, digərləri müvəkkil və ya özəl kommersiya banklardır. İri holdinqlərin tərkibində yaranan bankları çıxmaq şərtilə təbii inhisarçı şirkətlərə məxsus banklarımız yoxdur. Bir çox ölkələrdə iri şirkətlərin öz bankları var.
Məsələn, Rusiyanın iri "Qazprom" şirkətinin nəzdində "Qazprombank" mövcuddur ki, effektiv fəaliyyət göstərir. Çünki, bu bankn maliyyə ehtiyacları "Qazprom" şirkəti tərəfindən qarşılanır. Azərbaycan Dövlət Neft Fondu həmin banka depozit yerləşdirib.
Araşdırmalara görə, Azərbaycanda mövcud olan 43 bankın 20-yə qədəri zəif fəaliyyət göstərir. Zəif bankların öz aralarında birləşməsi və ya böyük banklar tərəfindən alınması planı həyata keçmədiyindən, Mərkəzi Bank onların sayını azaltmaq üçün nizamnamə kapitalını 10 dəfə artıraraq 50 milyon manat həddinə qaldırdı. 2014-cü ilin yanvar ayından banklar ya nizamnamə kapitalının həcmini bu səviyyəyə qaldırmalı, ya da qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərməli olacaqlar.
Bankların sayının azaldılmasının tərəfdarı olanlarla yanaşı, bank çoxluğunu problem saymayanlar da var. İkinci fikrin tərəfdarları düşünürlər ki, Azərbaycanın iri şirkətləri olan ARDNŞ, ARDNF, "Azərsu", "Azərenerji" kimi qurumların banklarının olması bank sektoruna nəinki mənfi təsir göstərər, hətta bu sahədə rəqabət mühitini daha da gücləndirər.
Bildirilir ki, bankların sayının çoxluğundan narahat olmağa ehtiyac yoxdur. ABŞ-da bankların sayı 8 mindən çoxdur. Əhalisi Azərbaycandan az olan Avstriyada 780, Norveçdə 133, Litvada 87 bank var. Bu rəqəmə istinad edən bəzi ekspertlər düşünürlər ki, əhalinin sayı nəzərə aldıqda Azərbaycanda 43 bankın olmasını faciəvi həddə çatdırmaq olmaz. Bu halda yeni, iri dövlət şirkətlərinin banklarının olması bank sektorunda problem yaratmaz.
Amma iqtisadçı ekspert Nazim Məmmədov bunun əksini düşünür.
Onun sözlərinə görə, Rusiyanın "Qazprombank"ının səhimlərinin sahibi hüquqi və fiziki şəxslərdir: "Rusiyada səhm bazarı inkişaf etdiyindən və korporativ idarəetmə mədəniyyəti yüksək olduğundan bank inkişaf edir. Azərbaycanda iri şirkətlərin bankları olsa, onlar o qədər də inkşaf etməz və daha çox kassa rolunu oynayar. Vaxtilə Azərbaycanda da belə banklar olub. Sonradan onlar reformasiya olundu və dəyişdilər. Azərbaycanda iri şirkətlər səhmlərini bazarda satmadığından bunu mümkün hesab etmirəm. Həmçinin iri dövlət şirkətlərinin banklarının olmasını düzgün saymıram".
Digər iqtisadçı İlham Hüseynli isə hesab edir ki, iri dövlət şirkətlərinin banklarının olması Azərbaycan reallığında yaxşı qarşılanmır: "Azərbaycanda qapalı banklar mövcuddur. Onlar müştəri üçün çalışmırlar və daha çox holdinqdaxili işləri həyata keçirirlər. Məsələn, holdinqin daxilindəki tikinti şirkəti pulu öz bankından götürür, öz sığorta şirkətində sığortalayır və s. Yəni, bütün maliyyə əməliyyatları daxildə aparılır".