Əlaqə Arxiv
news Image
2012.12.28
10:37
| A A A
Qüsurlu əcnəbi avtomobillər...
Ölkəmizdə vətəndaşlar qüsurlu avtomobilə görə kompensasiya almaq üçün heç də məhkəmələrə müraciət etməyə lüzum görmürlər

Avtomobil istehsalı ilə məşğul olan şirkətlərin məhsulları bir sıra hallarda nasaz olur. Bəzən avtomobil şirkətləri nasaz məhsullarını geri çağırırlar. Məsələn, bu il Yaponiyanın "Nissan" avtomobil şirkəti sükan mexanizmindəki qüsurlara görə, Avropa, Afrika və Latın Amerikası ölkələri üçün istehsal olunmuş "Nissan Qashqai", "Qashqai+2", "NV200" avtomobillərini geri çağırıb. 2011-ci ildə isə 118 000 ədən Nissan Juke avtomobili geri çağırılıb.

Bundan başqa 2012-ci ilin oktyabrında Yaponiyanın "Toyota Motor" şirkətinin Azərbaycanda rəsmi təmsilçisi olan "Toyota Bakı Mərkəzi" ölkə üzrə "RAV4" avtomobil modelini yoxlamaq üçün geriyə çağırıb. "Toyota Bakı Mərkəzi"ndən verilən məlumata görə, geriyə çağırmanın səbəbi avtomobilin arxa asmasında şar dayağının korroziyaya uğrayıb-uğramamasını müəyyənləşdirməkdir: "Biz əsasən 2006-2009-cu illərdə istehsal olunan "RAV4" modellərini yoxlamaq üçün servis mərkəzinə dəvət edirik. Hələlik Azərbaycan üzrə yoxlamadan keçən "RAV4" modellərinin heç birində analoji nöqsan üzə çıxmayıb. Nöqsan üzə çıxarsa, həmin ehtiyat hissəni pulsuz dəyişəcəyik".

Həmçinin ABŞ-ın "Ford", "Dodce", "Kadillak" və s. ölkələrin avtomobil şirkətlərinin öz məhsullarını geri çağırılması hallarına da rast gəlinib. Nasaz avtomobillərə görə, şirkətlər bəzən sürücülərə kompensasiya da verirlər. Məsələn, "Toyota" şirkəti Amerikadakı müştərilərinə 1 milyard dollar kompensasiya ödəmək məcburiyyətində olmuşdu. Vətəndaşlar qüsurlu çıxan avtomobillərə görə, şirkəti məhkəməyə verib onlara dəymiş zərəri tələb edirlər və məhkəmələr də iddiaları bir qayda olaraq təmin edir. Müşahidələr göstərir ki, Azərbaycanda distrübiterləri olan avtomobil şirkətləri bir sıra hallarda öz avtomobillərini geri qaytarmaqda maraqlı olmurlar. Eləcə də ölkəmizdə vətəndaşlar qüsurlu avtomobilə görə kompensasiya almaq üçün heç də məhkəmələrə müraciət etməkdə həvəsli olmurlar.

İqtisadçı ekspert Zöhrab İsmayılın sözlərinə görə, iri avtomobil şirkətlərinin nasaz avtomobillərini o halda geri çağırırlar ki, qüsurlar ciddi olur: "Hər bir avtomobil şirkətinin distribüteri olduğu ölkədə avtoservisləri olur. Əgər avtoservislərdə nöqsanı aradan qaldırmaq mümkündürsə, problem aradan qaldırılır. Yox əgər avtoservislər problemi aradan qaldırmaq gücündə deyilsə, bu halda maşınlar şirkətin baş ofisinə qaytarılır. Avtomobillərin nasaz çıxması şirkətə çox baha başa gəlir. Avtomobillərin daşınması, xidmət, təkrar texniki baxışdan keçirilməsi və yenidən daşınması milyonlarla dolların xərclənməsi deməkdir. Sözsüz ki, çəkilən xərclər onların satış qiymətinə də təsir göstərir".

Z.İsmayıl onu bildirdi ki, avtomobil şirkətlərinin Azərbaycandakı avtomobillərini geri çağırmaması bir neçə amillə bağlı ola bilər: "Azərbaycanın avtomobil bazarı o qədər də döyük deyil. Vətəndaşlar daha çox təkrar bazardan avtomobil alırlar. İlk bazardan avtomobil alanların sayı o qədər də çox deyil. Ola da bilər ki, buradakı avtomobillərdə qüsur aşkarlanmasın. Çünki şirkətlər avtomobil istehsal edərkən bunu mərhələli şəkildə həyata keçirirlər. Məsələn, Avropa ölkələri, Amerika, Asiya, Afrika ölkələri üçün ayrı-ayrı vaxtlarda avtomobillər istehsal edirlər. Avtomobilin quruluşunda bəzən yerli şəraitə uyğun olaraq dəyişik olur. Bu mənada bir avtomobil şirkətinin Amerikadakı məhsullarını geri çağırması, o anlama gəlməməlidir ki, həmin şirkətin Azərbaycandakı məhsulları da zaydır".

Sizin Reklam Yeriniz