Əlaqə Arxiv
news Image
2013.01.07
16:45
| A A A
«Ağ qızıl» hələ də qara günlərini yaşayır
Sabir Vəliyev: «Əsas məsələ odur ki, toxuculuq fabriklərinin sayı çox azdır» Natiq Cəfərli: «Yeni təşviq proqramları qəbul etməklə, fermerləri maraqlandırmaqla bu sahəni dirçəltmək olar» Aparılan araşdırmalara görə, ötən il isə göstərici 29 min 218 hektar sahədə pambıq əkilib. Bu, 2011-ci ildən təxminən 13 min hektar az olub. Ötən il dekabrın 1-nə sahələrdən 54 min 568 ton pambıq yığılıb. İndi hesab edilir ki, ölkədə pambıq istehsalını artırmaq üçün bir sıra tədbirlər həyata keçirilməlidir və onlardan ən əsası xam pambığın alış qiymətini yüksəltməkdir. Qeyd olunur ki, pambığın bir kiloqramının alış qiyməti bir manata qalxsa, məhsulun əkin sahəsi 29-30 min hektar yox, 200 min hektara çatdırarlar. Bundan başqa o da vurğulanır ki,  ənənəvi sahə olan pambığın emal sənayesini inkişaf etdirdikdən sonra gəlirlər yüksək dərəcədə arta bilər. Yəni istehsalı yüksəltmək üçün əsas məsələlərdən biri də yerlərdə yüngül sənaye müəssisələrinin sayını artırmaqdır.

Kənd Təsərrüfatı Nazirliyi bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev məsələ ilə bağlı Mövqe. Az saytına açıqlamasında bu xüsusda maraqlı fikirlər səsləndirib: "Sovet hökuməti dağılandan sonra özəlləşmə gedib. Pambıq zavodlarının hamısı özəlləşibdir. Az deyil, onların sayı çoxdur. Xam pambığı alan zavodların sayı təqribən 18-19-a çatır.  Əsas məsələ isə odur ki, toxuculuq fabriklərinin sayı çox azdır. Mingəçevirdə, Şirvan şəhərində, Bakıda, Gəncədə çoxlu fabriklərimiz var idi. Bu fabrikləri özəlləşməyə veriblər. İndi isə onları bərpa etmək üçün gərək ayrı-ayrı şəxslər, sahibkarlar onları alsınlar. Çünki, biz dövlət özəlləşmə proqramını qəbul edəndə pambıq emalı zavodlarını özəlləşməyə vermişik. Gərək yenidən həmin zavodlar bərpa edilsin. Bu, birbaşa pambıq istehsalı ilə bağlıdır. Əgər Azərbaycanda toxuculuq fabrikləri fəaliyyət göstərsə, bu zaman pambıq istehsalı əvvəlki illərə çatmasa da, xeyli arta bilər. 1970-ci illərdə biz 1 milyon tona yaxın xam pambıq istehsal eləmişik, indi də müvafiq addımlar atlısa, 500-600 min ton pambıq istehsal edə bilərik. Bu, yeni iş yerlərinin açılması deməkdir. Digər tərəfdən bununla həm də əhalinin kənddən şəhərə axınının qarşısı alınar.

Azərbaycan özünün tələbatını Türkiyə və digər başqa ölkələrdən gətirilən mallar əvəzinə, yerli istehsal  hesabına  ödəyə bilər. Hazırda bu istiqamətdə işlər gedir. Regionların sosial iqtisadi inkişafına dair dövlət proqramında bu, öz əksini tapıb.

Hazırda xarici dövlətlər pambığı bizdən çox ucuz qiymətə alırlar. Əgər ölkənin daxilində toxuculuq fabriklərinin sayı çox olsa, pambıq emalı müəssisələri müxtəlif mallar istehsal etsələr, pambıq istehsalı qalxar. Qeyd etdiyim kimi xam pambıq alan şirkətlərimiz var. Lakin onlar da əhalidən pambığı çox aşağı qiymətə alırlar. Biz analiz etmişik. Başqa ölkələrə nisbətən bizdə əhalidən alınan pambıq ucuzdur. Biz çalışmalıyıq ki, fabriklər yaransın. Fabriklər yaransa, xam pambığın alış qiyməti də qalxa bilər. Bu da istehsalçılara imkan yaradar ki, onların marağı artsın.

Biz torpaq islahatı aparmışıq. Əgər emal müəssisələri Azərbaycanda olsa, gəlir Azərbaycanın daxilində qalar. Dövlət istehsalçılara şərait yaradıb. Kənd Təsərrüfatı Nazirliyi bu istiqamətdə müvafiq işlər  həyata keçirir. Pambıq əkininə görə subsidiya verilir.

Fabrikləri isə ayrı-ayrı şəxslər, sahibkarlar özəlləşdirib bərpa etməlidir. Ola bilsin dövlət də toxucu fabriklərini yarada bilər. Amma dövlət istəmir ki, təzədən geri qayıtsın, sosializm sistemini təzədən tətbiq etsin. Biz deyirik ki, ayrı-ayrı şəxslər bunu tətbiq eləsin. O olandan sonra pambığın alış qiyməti qalxacaq. Biz bu il keçən ilkindən xeyli az pambıq istehsal etmişik. Cəmi 54 min ton pambıq nədir ki? Səbəb də odur ki, qiymət aşağıdır. Ona görə maraq yoxdur. Gərək insanlara xeyir verən şərait ola ki, pambıq istehsalı artsın. Ümumiyyətlə ayrı-ayrı imkanlı adamlar fabriklər yaratmalıdır. Biz pambığı ixrac edib başqa dövlətə satmamalıyıq. Daxildə emal edib istehlak malları buraxmalıyıq. Belə olsa hər şey nizamlana bilər ".

İqtisadçı ekspert Natiq Cəfərli isə aşağıdakıları bildirib: "Sovetlər dövründə Azərbaycan ən çox pambıq istehsal edən ölkələrdən biri idi. Amma müstəqillik əldə edildikdən sonra pambığa olan münasibət bir az fərqli oldu. Çünki pambıq həm də aqrotexniki məhsuldur. Bu, tək aqrar məhsul deyil. Yəni onun becərilməsində, ərsəyə gətirilməsində aqrotexniki qaydalar və bir sıra  proseduralar həyata keçirilməlidir ki, o da korporasiya şəklində həyata keçirilirdi. Yəni digər sovet ölkələrindən gübrələr, aqrotexnikalar alınırdı. Bu əlaqələr kəsildikdən sonra pambıq əkinində ciddi eniş yaşanmağa başladı. Bundan əlavə hökumətin taxıl məhsullarına ciddi şəkildə diqqət yetirməsi də fermerləri həmin sahəyə yönəltməyə başladı. Taxıl məhsullarının istehsalı sürətlə artmağa başladı.   Amma pambıq sahəsi yaddan çıxdı. Hələ də gec deyil. Yeni təşviq proqramları qəbul etməklə, fermerləri maraqlandırmaqla bu sahəni dirçəltmək olar. Çünki bu çox önəmli bir sahədir. Pambığın qiyməti dünya bazarında hər il artır. Təbii olaraq tələbat da artır. Azərbaycan yenidən bu sahənin bərpa edilməsi üçün çalışılmalıdır. Çünki dediyim kimi pambıq tək aqrar məhsul deyil, aqrotexniki məhsuldur. Pambığın emalı, son məhsula qədər gətirilməsi digər sənayenin, məsələn yüngül sənayenin ciddi inkişafına səbəb ola bilər. Buna görə də bu sahəyə diqqət artırılmalıdır ".

Sizin Reklam Yeriniz