Əlaqə Arxiv
news Image
2013.01.09
10:32
| A A A
Yerli banklar hələ də neft pullarının yolunu gözləyir

Ekspert: "Bunun üçün isə ilk növbədə, bankların likvidliyini artırmaq və riskliliyini aradan qaldırmaq lazımdır"

Azərbaycan Neft Fondunun (ARDNF) vəsaitləri 47 milyard dollara çatmaqdadır. Proqnozlara görə, ARNDF-in gəlirləri və xərcləri isə 60 milyard dollara çatacaq. 

2013-cü ildə Dövlət Neft Fondunun vəsaitinin xərc istiqamətlərinə bunlar daxildir. Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi;  Dövlət büdcəsinə transfert; Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi;  Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi; 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi;

Ölkənin bütün yaşayış məntəqələrinə çıxış imkanı yaradan yüksək sürətli fiber-optik şəbəkənin qurulması layihəsinin maliyyələşdirilməsi; Neft-Qaz və11 Neftkimya Kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi; Türkiyə Respublikasında "Star" neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi;  TANAP layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi;  Xəzər dənizində yeni müasir üzən qazma qurğusunun tikinti layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi.

Neft Fondunun vəsaitləri müxtəlif formalarda saxlanılır. Dünyanın aparıcı banklarında valyuta, qızıl şəkilində saxlanılmaqla yanaşı, keçən ildən başlayaraq Rusiya, Türkiyənin valyutalarına da investisiya yatırılmağa başlayıb. Bundan başqa xarici ölkələrdə daşınmaz əmlaka da vəsait qoyulmasına artıq start verilib. 

Ekspertlər təklif edirlər ki, ARDNF-in vəsaitlərinin bir qismi Azərbaycan kommersiya  bankları vasitəsilə özəl sektora yönəldilməlidir. Düzdür, 2009-2010-cu illər maliyyə böhranı ərəfəsində bu təklif daha çox səsləndirilirdi. Qeyd olunurdu ki,  Azərbaycanda qeyri-neft sektorunu inkişaf etdirmək üçün xarici banklardakı neft pullarının müəyyən hissəsi ölkəyə gətirilməli və yerli banklara yerləşdirilməlidir. 

İqtisadçılar bildirirlər ki,  ARDNF-in gəlirləri artdıqca daha riskli sahələrə investisiyalar yatırılır. Əvvəlki illərdə fondun vəsaitləri nisbətən dəyişməz olan ABŞ və Avropanın dövlətlərinin bondlarının alınmasına yönəlib. Amma son illər Rusiya, Türkiyə kimi qeyri-sabit maliyyə durumu olan ölkələrin banklarına, valyutalarına da investisiya yatırılır, pul qoyulur.  

İqtisadçı ekspert Zöhrab İsmayılın sözlərinə görə,      ARDNF-in vəsaitlərinin daxili banklara qoyulması fikri xeyli müddətdir səslənir: "Neft pullarını 8-12 faizlə Azəbaycandakı kommersiya banklarına qoymaq mümkündür. Bu halda kredit faizləri də aşağı düşər. Həmçinin bank və biznesin digər sektorları inkişaf edər. Bunun üçün isə ilk növbədə, bankların likvidliyini artırmaq və riskliliyini aradan qaldırmaq lazımdır.  Düşünürəm ki, hazırda Azərbaycanda riskli olmayan banklar var ki, ora vəsait yatırmaq mümkündür.  Neft pulları banklara qoyulsa, bundan sahibkarlar faydalanar. Bu da qeyri-neft sektorunun inkişafına və yerli məhsulun qiymətinin aşağı düşməsinə, keyfiyyətinin yüksəlməsinə səbəb olar. Hələ ki, hökumətin ARDNF-in vəsaitlərinin daxili banklarda yerləşdirilməsilə bağlı hər hansı proqramı yoxdur. Gələcəkdə ANDRF-in vəsaitlərinin idarə olunması ilə bağlı strategiyasına neft pullarının Azərbaycandakı kommersiya banklarına yerləşdirilməsi proqramı salınsa, bu, müsbət hal olardı".

R.QAÇAYOĞLU  

Sizin Reklam Yeriniz