Əlaqə Arxiv
news Image
2016.10.04
09:22
| A A A
Dollar manata nisbətdə dəyər itirməkdə davam edəcək
Vüqar Bayramov: “Hərraca çıxarılan valyutanın həcmi artacaqsa, dollar manata nisbətən ucuzlaşacaq”

Dolların rəsmi məzənnəsi bir neçə gündür ucuzlaşır. Artıq 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,61 manat səviyyəsində enib. Ekspertlərin bunun hərraca çıxarılan valyutanın və neft qiymətlərinin artımı ilə izah edirlər. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov hesab edir ki, dolların məzənnəsinin son günlər zəifləməsi birbaşa Dövlət Neft Fondu (ARDNF) tərəfindən hərraca çıxarılan dolların həcminin artması ilə bağlıdır: "Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan dolların həcmində artım var. Bu da nəticə etibarı ilə valyuta tələbinin ödənilməsinə səbəb olur. Təklif artdığı üçün dolların məzənnəsinin manata nisbətən zəifləməsi müşahidə olunur. 

Güman ki, növbəti dövrdə də dolların məzənnəsi birbaşa hərraca çıxarılan valyutanın həcmindən asılı olacaq. Yəni, əgər hərraca çıxarılan valyutanın həcmi artacaqsa, dollar manata nisbətən ucuzlaşacaq. Yay dövründə ARDNF tərəfindən 50 milyon olmaqla həftədə iki dəfə  100 milyon dollar hərraca çıxarılırdısa, indi bir hərraca 150 milyon dollar çıxarılır. Bu da manatın məzənnəsini möhkəmləndirir. Yəni, hərraca çıxarılan dolların həcmi artdıqca, manatın məzənnəsinin möhkəmlənməsi müşahidə olunacaq. Düzdür, ilin sonuna qədər ölkədə dollara tələbin artması gözlənilir. Çünki, yeni bağlanmış bankın ödənişləri həyata keçiriləcək. Eyni zamanda ilin sonunda idxal artır. Bankların və digər şirkətlərin borc öhdəlikləri var. Əgər ilin sonunda ARDNF daha çox vəsaitin bazara çıxarılmasını təmin edəcəksə, məzənnəni tənzimləyə biləcək. Əks halda isə ilin sonunda yenidən dolların məzənnəsinin möhkəmlənməsini müşahidə edə bilərik". 

Digər iqtisadçı-ekspert Yaşar Əsədov isə dolların ucuzlaşmasını neft qiymətinin bahalaşması ilə izah edir: "Azərbaycan da bu istiqamətdə müəyyən işlər görə bilər. Bunun üçün ilk növbədə daxildə güclü istehsal bazası yaradılmalıdır. O zaman dollar Azərbaycanda ucuzlaşa bilər".

Ekspertin fikrincə, Azərbaycanda dolların bundan sonrakı məzənnəsi də əsasən neftin qiymətindən asılı olacaq: "Tək neft yox, bütövlükdə dünya enegetika bazarının  qiymətindəki dəyişiklərlə bağlı olacaq". 


Sizin Reklam Yeriniz