Əlaqə Arxiv
news Image
2016.10.04
09:00
| A A A
Yeni idxal rüsumları yerli istehsal həcmini artıracaq
Məhsuldarlığın yüksəlməsi fonunda daxili bazar daha fəal hala gələcək

Bu günlərdə Nazirlər Kabineti tərəfindən Azərbaycanda idxal edilən ev toyuqları (əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumları müəyyənləşdirilib. Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"ndə etdiyi dəyişiklikdə əksini tapan yeni rüsumların məbləği ilk baxışda paradoksal görünür. Məsələn, toyuq, yumurta, qoz-fındıq, meyvə şirələri üçün kifayət qədər gözəçarpan rüsumlar müəyyənləşdirilib. Belə çıxır ki, bazarda qiymətlər vurub çıxacaq kəlləçarxa, bu, doğrudanmı belə olacaq?!

Gəlin, məsələyə ilkin təsəvvürün formalaşdırdığı səthi prizmadan yox, bir qədər fərqli, daha doğrusu, düşündürücü konteksdən yanaşaq və sadə vətəndaş təhlili aparaq. 

Yeni rüsum cədvəlində göstərilir ki, 1 kq ev toyuğu əti üçün 1 dollar rüsum ödənilməlidir. 1 dolların rəsmi məzənnəsi ilə bu edir ortalama 1 manat 62 qəpik. Bazarlarda yerli toyuq ətinin kiloqramının 2,5 -3 manata satıldığını nəzərə alsaq, onda xaricdən gərilən toyuqların bir kiloqramının 5,5 – 6 manatdan aşağı satılmayacağını söyləmək olar. Belə olacağı təqdirdə nə baş verə bilər? Xaricdən toyuq əti gətirilməsi sahibkarlara sərf etməyəcək və istehlakın istiqaməti daha çox yerli toyuq ətindən istifadəyə yönəldiləcək. Yerli məhsula tələbatın artması ilk növbədə məhsuldarlığa təsir edəcək. Üstəlik, yerli broylerlərdə istehsalın keyfiyyətinin artırılmasına məsuliyyət də yüksələcək. Çünki, bütün diqqət ona yönələcək. Yumurta idxalı və yerli istehsala münasibət də eyni aqibəti yaşayacaq. Bizdə quş əti və yumurta istehsalı sahəsində əhalinin tələbatı tam ödənilir. Bu sahədə idxal edilən məhsullar isə yerli sahibkarların inkişafını əngəlləyir. Düzdür, idxalın çətinləşməsi yerli məhsulların dövriyyəsini artırsa da, bu, qiymətlərin bir qədər artmasına mane ola bilməyəcək. Lakin məhsullarının satılması nəticəsində gəlirlərini artıran sahibkarlar istehsalı artırmaqda, broyler şəbəkəsini genişləndirməkdə maraqlı və cəsarətli olacaqlar. Bu sahədə yeni sahibkarlar meydana gələcək. Əhalinin həyətyanı sahədə toyuq-cücə saxlamaq arzusu güclənəcək ki, bu da əksər ailələrinin tələbatının ödənilməsində əhəmiyyətli oynayacaq. 

Bir sıra digər ərzaq məhsullarının, şirə və alkoqollu içkilərin qiyməti də artıb. Bu məhsullar üzrə də yerli məhsulların əhəmiyyətinin artması gözləniləndir. Çox ola bilsin ki, hökumət qeyri-neft sektorunun inkişafına böyük diqqət ayırdığından yerli məhsulları idxal məhsullarının rəqabətindən qorumaq üçün belə bir addım atıb. Amma hər bir halda bu qərar ölkədə sahibkarlığın inkişafına əlavə təkan verəcək. Üstəlik, ərzaq təhlükəsizliyini daxili istehsal hesabına stimullaşdırmaq üçün imkan yaranacaq.

Qiymət artımına gəldikdə isə, bir neçə gün əvvəl maliyyə naziri Samir Şərifov gələn il maaşların artırılması anonsunu verib. Bu, idxal sahəsində gömrük rüsumlarının artırılması ilə bağlı baş verə biləcək qiymət artımının hökumət tərəfindən qarşılanması anlamına da gələ bilər. Yəni, hökumət gözüyumulu qərarlar qəbul etmir, hər şeyi ölçüb-biçir. Bugünkü çətinliyi sabah dəf etmək üçün planlar qurur.   

Sizin Reklam Yeriniz