Əlaqə Arxiv
news Image
2016.10.04
09:15
| A A A
Regionların maliyyə müstəqilliyi artırılır
Dotasiyadan özünümaliyyələşdirməyə keçid daha çox şəhər və rayonu əhatə edir

Bu günlərdə Maliyyə Nazirliyi 2017-ci il üçün regionlara  ayrılan maliyyə vəsaitinin məbləğini açıqlayıb. Gələn ilin vəsaiti əvvəlkilərdən xeyli dərəcədə fərqlənir. Belə ki, 2017-ci ildə yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyənin (dotasiyanın) yerli xərclərin tərkibində xüsusi çəkisi 10,6 faiz təşkil edəcək. Bu da əvvəlki illə müqayisədə 743,5 milyon manat və ya 42,7 faiz azdır. Respublikadakı iqtisadi bölgü üzrə yerli xərcləri öz hesabına təmin edən rayon və şəhərlərin sayı gələn il üçün 33-ə çatdırlıb. Mingəçevir, Naftalan, Sumqayıt və Şirvan şəhərləri, Abşeron, İmişli rayonları ilə yanaşı, Gəncə, Lənkəran, Şəki, Yevlax şəhərləri, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonları 2017-ci ildən xərclərini öz gəlirləri hesabına təmin edəcək. 

Bu siyahı üzrə rayonların sayının ildən-ilə artması ölkədə aparılan mərkəzsizləşdirmə siyasətinin təzahürü kimi özünü göstərir. Belə bir siyasət demokratik inkişaf yolunun səciyyəvi xüsusiyyətidir. Yerlərə daha geniş səlahiyyətlər verilməsi, yerli idarəetmənin inkişafı, mərkəzi aparatdan gələn diktələrin aradan qaldırılması bu siyasətin əsas parametrləridir. 

Lakin heç də bütün hallarda mərkəzsizləşdirmə siyasəti mümkün olmur. Bunun üçün müəyyən inkişaf prosesinin keçilməsi vacibdir. Azərbaycanda bu siyahıya düşən rayonların əhatə dairəsinin tədricən, ildən-ilə genişləndirilməsi də bununla bağlıdır. Çünki, öz gəlirləri hesabına xərcləri ödəmək üçün əvvəlcə müvafiq baza yaradılmalıdır. Yəni, sənaye, ticarət və digər vergiyə cəlb olunan sahələr fəaliyyət göstərməlidir ki, gəlir əldə edilsin. Kənd təsərrüfatı və sənaye sahələrinin, yəni istehsal potensialının inkişafına ayrıca önəm verilir. 

Hazırda regionlarda texnoparklar, sənaye məhəllələri yaradılır. Kənd təsərrüfatında respublikamız üçün ənənəvi məhsulların istehsalının bərpasına və genişləndirilməsinə diqqət artırılır. Məsələn, Neftçala sənaye məhəlləsi pilot layihəsi kimi uğurla yaradılır və artıq ilk məhsulunu istehsal etməyə də imkan yaranıb. Sənaye məhəlləsində tikilən hər bir müəssisə yeni texnologiyalara əsaslanır və əhalinin, dövlətin ehtiyaclarını ödəməyə istiqamətlənib. Üstəlik, məhsulların ixrac potensialı da diqqətlə öyrənilir. Çünki, bu, təmiz valyuta gəliri deməkdir. Eynilə, Qəbələ və Qusar rayonları da göstərilən yolla gedir. Bu iki rayonun təkcə turizm sənayesi xəritəsində özlərinə məxsus xüsusi çəkiləri var və turizmçilikdən əldə etdikləri gəlirləri ildən-ilə artır. 

Bundan başqa, həmin rayonlarda yaradılmış kənd təsərrüfatı üzrə istehsal sahələri, xüsusilə Qəbələdəki qoz-fındıq, şabalıd bağları valyuta gətirən strateji sahələr sayılır. Bu cür zəngin potensiala malik olan, həm də hazırkı gəlirləri ilə yaxşı mənada fərqlənən rayonlara niyə də daha çox maliyyə sərbəstliyi verilməsin? Həmin rayonun sosial-iqtisadi göstəriciləri bu işdə ən yaxşı zəmanət rolu oynayır. Əlavə olaraq, yerli əhalinin inkişaf xüsusiyyətlərini eləcə özləri müəyyənləşdirsələr daha yaxşı olmazmı? Əlbəttə ki, mərkəzdən gələn direktivlərdənsə, yerli təşəbbüslərin dəstəklənməsini və həyata keçirilməsini əhali daha ürəkdən qarşılayar. 

Qeyri-neft sektorunun dövlət tərəfindən dəstəklənməsi və bu prosesin sürətlə inkişafı onu deməyə əsas verir ki, mərkəzsizləşdirmə siyasəti getdikcə genişlənəcək və yaxın gələcəkdə ölkənin bütün iqtisadi rayonları xərclərini öz gəlirləri hesabəna ödəməyə nail olacaqlar. Bu isə dotasiya verməkdən azad olan sosial mahiyyətli Azərbaycanın dövlət büdcəsi gəlirlərindən  

əhalinin maddi rifah halının yüksəldilməsinə daha çox vəsaitin yönəldilməsini təmin edəcək.

Sizin Reklam Yeriniz