Əlaqə Arxiv
news Image
2016.10.06
09:15
| A A A
Ukraynadan ev alanların sayı sürətlə artır
Vüqar Oruc: “Daşınmaz əmlakın ucuz qiymətinə görə, Azərbaycan investorları Ukraynaya daha çox investisiya qoymaq marağındadırlar”


Azərbaycan vətəndaşları kütləvi şəkildə Ukraynanın paytaxtı Kiyev şəhərində mülklər alırlar. Adlarının açıqlanmasını istəməyən rieltorlar bildiriblər ki, bundan əvvəl heç vaxt Ukraynanın paytaxtında mülk alınmasıyla bağlı belə çoxsaylı təkliflərlə rastlaşmayıblar. 

Onlar mülklərin ən fəal alıcıları əsasən Azərbaycan vətəndaşlarının olduğunu vurğulayıblar. Alıcı azərbaycanlılar siyahısında hər təbəqədən həmyerlilərimiz var. Buna səbəb kimi isə əsasən daşınmaz əmlak bazarının ucuzlaşması göstərilir. 

"Koneko" Group MMC daşınmaz əmlak qiymətləndirmə şirkətinin rəhbəri Vüqar Oruc bildirdi ki,  təhlillər MDB ölkələri arasında ən bahalı daşınmaz əmlakın Azərbaycanda olduğunu göstərir: "Ukraynada, elə Rusiyada, Gürcüstanda daşınmaz əmlakın qiyməti bizə nisbətən aşağıdır. Bu da Azərbaycan investorlarına ölkədən kənarda daşınmaz əmlak bazarına investisiya yatırmaqlarına imkan verir. 

Azərbaycanda isə obyektlərin qiyməti onların real qiymətindən yüksəkdir. Bunlar bir sıra şərtlər daxilində meydana gələn qiymətlərdir. Tikinti işlərində əlavə xərclərin yaranması sonda daha yüksək qiymətlərin əmələ gəlməsinə səbəb olur. Eyni zamanda dünyada iqtisadi böhran başlayana qədər ölkədə neftdən gələn gəlirlərin hesabına qiymətlər yüksək idi. Bu, daşınmaz əmlaka da öz təsiri göstərirdi. Tələbat yüksək olan yerdə təklifin artması fonunda qiymətlərin yüksəlməsi təbii prosesdir. Neftdən gələn gəlirlər imkan verirdi ki, Azərbaycan sahibkarları ölkə daxilində daşınmaz əmlaka investisiya yatırsınlar. Bu baxımdan qiymətlər yüksək idi. 

Hazırda ölkəmizdə qiymətlərin düşmə tendensiyası başlayıb. Amma qiymətlərin düşməsini dayandıran əlamət də var. Belə ki, valyuta məzənnəsindəki dəyişiklər müəyyən qədər bazara təklif olunan əmlakların qiymətlərinin əvvəlki kimi yüksək olmasına gətirib çıxarır. Yəni, əmlak sahibləri heç cür yeni şərait ilə barışmaq istəmirlər. Bunu da xarici valyuta ilə əlaqələndirirlər. Ona görə də müəyyən yerlərdə yüksək qiymətlər qalmaqdadır. Ancaq dövr keçdikcə bazara təklif olunan daşınmaz əmlakın qiyməti reallığa uyğunlaşacaq. Tələbatın aşağı olması nəzərə alınaraq qiymətlərdə eniş olacaq.  Proseslər belə davam edərsə, sahibkarlar xaricə yox, daha çox daxilə investisiya yatırmağa meyllənəcəklər. Digər tərəfdən daşınmaz əmlakın ucuz qiymətinə görə, Azərbaycan investorları Ukraynaya daha çox investisiya qoymaq marağındadırlar. Həmin ölkələrdə əmlaklar iqtisadi baxımdan da daha rentabellidir. Orada daşınmaz əmlaklar daha çox gəlir əldə etmək imkanlarına malikdirlər. Ona görə həmin qrup insanların istiqaməti məntiqəuyğundur".

Ekspert əlavə etdi ki, əgər investisiya maraqları ox üzrə xaricə yönəlirsə, bunun daxili bazara da təsiri qaçılmaz olacaq: "Sərmayəçilər daxili bazarda obyektlərin alınmasında iştirak etməyəcəklərsə, təklifə uyğun olaraq tələbat azalacaq. Təklifin artığı bir bazarda isə qiymətlərin sürətlə aşağı düşməsi gözlənilir. Sərmayəçilər burada daşınmaz əmlaka meyl etməyəcəklərsə, Azərbaycanda daşınmaz əmlakın qiymətinin düşməsi labüddür. Ümumiyyətlə, 2017-ci ilin sonlarına qədər gəlir gətirən daşınmaz əmlakın qiymətində təqribən 25%-dən artıq azalmalar müşahidə olunacaq. Proses eyni zamanda ölkədə aparılan iqtisadi siyasətdən də asılı olacaq. 

Manat ucuzlaşacaqsa, həmin faiz bir qədər də arta bilər. Çünki, hazırda daşınmaz əmlakın qiyməti onların gerçək qiyməti deyil. Azərbaycanda bir kvadratmetr yaşayış sahəsinin tikilməsi üçün təxminən 400 manat tələb olunur. Ancaq həmin kvadratlar bazara 1500 manata qədər təklif olunur. Gəlir gətirən obyektlərin dəyəri onların gətirdiyi gəlirə uyğun ölçülməlidir. Lakin təbii iqtisadi proseslər nəticəsində daşınmaz əmlak real qiymətini tapacaq".


Sizin Reklam Yeriniz