Əlaqə Arxiv
news Image
2016.10.07
08:00
| A A A
Yerli məhsulların qiymət artımının qarşısını alacaq əsas yol göstərildi
Çingiz Fərəcov: “Qiymətlərin bahalaşmasını istəmiriksə, dövlətin aidiyyatı qurumları aktiv olmalıdırlar” Fuad İbrahimov: “Bu cür vəziyyətlərdə bazar münasibətlərinə tam cavab verməsə belə, dövlət müvəqqəti də olsa, qiymətə nəzarət etməlidir”

Azərbaycanda Nazirlər Kabinetinin xaricdən idxal edilən bəzi ərzaq və kənd təsərrüfatı məhsullarına gömrük rüsumlarını noyabrın 30-dan etibarən kəskin artırılmasını nəzərdə tutan qərarı bira sıra ölkələrdə, xüsusən də qonşu Gürcüstanda ciddi narahatlığa səbəb olub. Gürcü ixracatçılar bu qərar nəticəsində Azərbaycana Gürcüstandan ərzaq və kənd təsərrüfatı məhsullarının ixracının kəskin azalacağını deyirlər. Aydındır ki, xaricdən gətirilən malların kəskin bahalaşması qaçılmaz olduğundan onların idxalı azalacaq. Təhlükəlisi odur ki, bu, yerli istehsalçılara qiyməti qaldırmaq fürsəti yarada bilər. Mütəxəssislər bunun üçün nəzarətin gücləndirilməsini təklif edir. 

Aqrar məsələlər üzrə ekspert Çingiz Fərəcov bildirir ki, ümumiyyətlə, kənd təsərrüfatı sahəsində daxili istehsalın həcminin artırılması çox vacib amildir: "İndi də daxili istehsalın artırılması, yerli bazarın genişləndirilməsi üçün xarici ölkələrdən gələn məhsulların gömrük rüsumu artırılır. O zaman istehsalı artırmağa istehsalçılar özləri məcburdurlar. Çünki, bazarda kənd təsərrüfatı məhsullarına böyük ehtiyac yaranacaq. Lakin nəzərə alaq ki, cari il ölkəmizdə tərəvəz istehsalında azalma qeydə alınıb. May, iyun aylarında fasiləsiz yağan yağışlar nəticəsində tərəvəz bitkiləri, xüsusi ilə pomidor fuzariyoz xəstəliyinə tutuldu. Açıq torpaqlardakı pomidor şitilləri kütləvi şəkildə məhv oldu. Ona görə də hazırda pomidorun kiloqramı 2.5 manata qədər yüksəlib. 1.8 manatdan aşağı qiymətə pomidor yoxdur. 

Eyni zamanda, satılan pomidorların böyük hissəsi parnik məhsullarıdır. Yəni, hazırda kənd təsərrüfatı məhsulları bir qədər bahadır. Bu il həm meyvənin qıt olduğu şəraitdə, həm də xaricdən gələn kənd təsərrüfatı məhsullarının qarşısının alınması daxildə məhsul qıtlığına və qiymətlərin bahalaşmasına səbəb ola bilər. Əgər qiymətlərin bahalaşmasını istəmiriksə, dövlətin aidiyyatı qurumları aktiv olmalıdırlar. Daxildə istehsal olunmuş məhsulların qiymətinin artımına imkan verməməlidirlər. Bunun üçün mütəmadi reyd keçiriliməlidir. Süni qiymət artımına qarşı ciddi mübarizə aparılmalıdır".

İqtisadçı-ekspert Fuad İbrahimov bildirir ki, bu problemin kökü çox dərindir: "İlk növbədə nəzərə alaq ki, yerli istehsalda rəqabət mühiti zəifdir. Rəqabət zəif olduqda isə birinci dərəcəli qiymət diskriminasiyası baş verir. Yəni, inhisarçılar sövdələşmə yolu ilə qiymətləri qaldırırlar. 

İndi də idxal rüsumları artırılmaqla ölkəyə ucuz məhsulun gəlişinin qarşısı alınacaq. Bunun müsbət tərəfi odur ki, yerli istehsalı stimullaşdıracaq. Digər tərəfdən isə əgər daxili bazarda rəqabət zəif olacaqsa, qiymətlərin artımı qaçılmazdır. Adətən bu cür vəziyyətlərdə bazar münasibətlərinə tam cavab verməsə belə, dövlət müvəqqəti də olsa, qiymətə nəzarət etməlidir. Yəni, hazırda inzibati üsullardan istifadə edilməlidir. İqtisadi yol isə ancaq makroiqtisadi səviyyədə kompleks tədbirlər tələb edir".

Sizin Reklam Yeriniz