Əlaqə Arxiv
news Image
2016.10.07
09:30
| A A A
Azərbaycan məhsulları Avropa bazarlarına da çıxacaq
Artan məhsuldarlıq ixrac potensialını artırır

2016-cı ilin dövlət büdcəsi haqqında qanunda birbaşa aqrar sektora yönəldilən subsidiyaların verilmə mexanizminin təkmilləşməsi, həmçinin, Prezidentin şəffaflığın, dövlət yardımının həcminin artırılması ilə bağlı verdiyi tapşırıqlar səmərəsini verməkdədir. Bu, o deməkdir ki, ölkədə aqrar sektorun daha yaxından dəstəklənməsi nəticəsində məhsuldarlığın artması baş verib. Bu isə respublika əhalisinin tələbatının ödənilməsi ilə yanaşı, ixrac üçün yeni imkanlar yaradır. 

Məsələ burasındadır ki, Rusiya, Qazaxıstan və Yaxın Şərqə kənd təsərrüfatı məhsullarının ixrac edilməsində Azərbaycanda olduqca əlverişli infrastruktur yaradılıb və məhsullarımızın bu bazarlarda satış imkanı çox genişdir. Bu sahənin inkişafı Azərbaycanda qeyri-neft ixracının artmasında əhəmiyyətli rol oynayacaq. Bu isə neftin dünya bazarında qiymətinin aşağı düşməsindən dəyən ziyanın qeyri-neft sektorunun ixrac imkanlarının genişləndirilməsi hesabına aradan qaldırmağa şərait yaradır. Aqrar və qeyri-neft sektorununun istehsal etdiyi məhsulların ixracı sayəsində ölkəyə daxil olan valyuta həcmini artırmaq mümkün olacaq.

Ancaq qeyd etmək lazımdır ki, ixrac edilən məhsullara olan tələblərlə yerli bazara çıxarılan məhsullar arasında ciddi müxtəliflik mövcuddur. Məhsulun ekoloji durumu, ölçüləri, keyfiyyəti, faraşlılığı, qablaşdırılması, etiketlənməsi, üzərində beynəlxalq standartlara uyğun işarələrin olması vacib amildir. Xüsusilə, tələbkar Avropa bazarının fəth edilməsi üçün göstərilən meyarların nəzərə alınması mütləq məna daşıyır. 

Məhsulun zahiri görünüşü nə qədər gözoxşayan olsa da onun sertifikatında qeyd edilmiş göstəriciləri daha önəmlidir. Çünki, avropalı alıcı aldığı məhsullara intellektual münasibət sərgiləyir. Məsələn, indi Azərbaycanda üzümçülüyün inkişafı bir çox digər sahələr kimi diqqət mərkəzindədir. Üzüm məhsulu yalnız süfrə üçün bəs etmir. Bunun mürəbbəsinə, sirkəsinə, kişmişinə, Qərb ölkələri üçünsə həm də şərabına tələbat böyükdür. Avropada İtaliya, Fransa, İspaniya olmaqla bütün ölkələrdə şərab istehsalı və istehlakı geniş yayılıb. Demək olar ki, əhalinin bütün təbəqələri az qala özünü şərab dequstatoru sayır və bu düşüncədə böyük həqiqət var. Avropalı şərab istehlakçısını ələ almaq hər satıcıya nəsib olmur. Çünki, şərabın hansı üzüm sortundan, hansı şəraitdə çəkildiyi, hansı materialdan hazırlanmış qablardan istifadə edildiyi, hətta şərab çəlləklərinin saxlandığı anbarın neçə metr dərinlikdə yerləşməli olduğu haqda alıcıların əksəriyyətində məlumat olur. Alış-veriş zamanı onlar bunları öyrənməyi sevirlər. Çünki, süfrə arxasında içilən şərab haqda müfəssəl məlumat almaq, fikir mübadiləsi aparmaq onların gündəlik və sevimli mövzularıdır. İstehsal edilmiş şərabın hansı yemək növü ilə, məsələn, mal əti, qoyun əti, balıq, toyuq, qızardılmış yaxud sadəcə bişirilmiş yeməklə istehlak olunması şərab butulkasının üzərində qeyd edilməlidir. 

Digər məhsullar barədə də eyni məsuliyyətlə qeydlər göstərilməlidir. Məsələn, Fransada 30-40 növ pomidor məhsulu yetişdirilir. Növün hansı ölkədən gətirildiyi, bio xarakteri və keyfiyyəti alıcılarda həmişə maraq doğurur.

Qeyri-neft sektorunun inkişafı ilə əlaqədar ixrac potensialını realizə etmək üçün bir çox digər tələblərlə yanaşı yuxarıda sadalananların da yerinə yetirilməsi bu istiqamətdə istehsalın və əməkdaşlığın inkişafına güclü təkan verə bilər.

Sizin Reklam Yeriniz