Əlaqə Arxiv
news Image
2016.10.12
09:15
| A A A
Ailə biznesi iqtisadi yüksəlişin bazasıdır
Dövlət ailə biznesinin inkişafında maraqlıdır

Ümumiyyətlə, cəmiyyət haqqında danışarkən "ailə kiçik dövlətdir" məsəli hamı tərəfindən qəbul edilən hipotezdir. Bu mənada "ailə biznesi kiçik müəssisədir" desək, yəqin ki, yanılmarıq.  

Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısı bildirib: "İqtisadiyyat, Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, "ASAN xidmət"lə bərabər yerli icra orqanları o kiçik konteynerlərdə nəzərdə tutulan istehsalat sahələrini insanlar arasında bölsünlər ki, bizdə ailə biznesi inkişaf etsin. İnkişaf etmiş ölkələrdə, xüsusilə kənd təsərrüfatı inkişaf etmiş ölkələrdə kənd təsərrüfatının əsas hissəsi kiçik fermer təsərrüfatlarında yaradılır və ailə biznesi orada çox inkişaf edir. Bu, bizdə də olmalıdır". 

Ailə biznesinin inkişafı üçün Azərbaycanda potensial böyükdür. Bu, təkcə istehsal sahələrinin genişliyi və əlçatan olması ilə deyil, həm də psixoloji amillərlə bağlıdır. Üstəlik, kolxoz (kollektiv təsərrüfat) dövründə kollektivçilikdən danışılsa da, əslində, əhali ailə-podrat üsulu ilə işləməyə üstünlük verirdi. Məsələn, pambıqçılıq sahəsində ixtisaslaşan təsərrüfatlarda ailə başçısının rəhbərliyi ilə 2-3 hektar torpaq öhdəyə götürülür və birlikdə becərilirdi. Həmin sahənin məhsuldarlığı da yüksək olurdu. Çünki, ortada sağlam rəqabət vardı. Ad kolxozun olurdu, işi ailə görürdü, özü də rəsmi qaydada. Həmin ənənəni dirçəltməklə kənd təsərrüfatının yüksəlişinə yalnız kömək etmək olar.

Daxili bazarı qorumaq və iqlim şəraitinin çətinliklərini dəf etmək üçün müasir iqtisadi idarəetmə çeviklik tələb edir. Ailə biznesi idarəetmədə çevik qərarların qəbulu üçün münasib qrupdur. Bazara uyğun olaraq hansı məhsulu becərmək bu kiçik müəssisənin öz öhdəsinə düşür. İşdəki aşkarlıq və müstəqillik isə məhsuldarlığın artırılmasını stimullaşdırır. 

Dövlət də ailə biznesinin inkişafında maraqlıdır. Bu səbəbdən onun inkişafı üçün müvafiq qanunvericilik aktlarının qəbulunu gecikdirmir. Çünki, bizanesin bu qolunun genişlənməsi əlavə xərc çəkmədən əhalinin məşğulluğunun təmin edilməsində əhəmiyyətli rol oynayır. Bürokratik qapıları döymədən evində, yaxud şəxsi mülkiyyətində olan torpağında işləyib yaşayış üçün vəsait əldə etmək isə hamıya xoşdur. İndi "ASAN xidmət" şəbəkəsi də ailə biznesinin inkişafına qoşulub və bütün rəsmi sənədlərin tərtibi bu qurumda həyata keçirilməklə əhalinin işi asanlaşdırılır. 

Hazırda ölkədə ictimai-iaşə və ticarət, habelə yeyinti sənayesi sahəsində ailə biznesi geniş yayılıb. Lakin bu, hələ potensialın kiçik bir hissəsi deməkdir. Xüsusilə, kənd təsərrüfatı sahəsində ailə biznesinin genişləndirilməsi diqqət mərkəzində olmalıdır. Ölkənin qarşısında duran hazırkı iqtisadi vəzifələr bunu tələb edir.

Sizin Reklam Yeriniz