Əlaqə Arxiv
news Image
2016.10.15
08:00
| A A A
Təsərrüfat subyektinin sığortalanması gələcəyə zəmanətdir

Payızın yarısı geridə qalıb. Havalar soyumağa başlayıb. Küləkli, çovğunlu günlər qapının ağzını kəsdirib. Bağbanların ötən mövsüm torpağa basdırıb əziyyətlə böyütdükləri ağacların hava şəraitinə görə qışda sıradan çıxması ehtimalı böyükdür. Məsələn, bir müddət öncə Tovuzda baş verən qasırğa meyvə bağlarına güclü ziyan vurub, əsasən də ərik ağaclarını sındıraraq məhv edib. Bu isə bağların sığorta edilməsi məsələsini gündəmə gətirib. Dəfələrlə əhali arasında bu mövzuda maarifləndirmə işləri aparılsa da, hələ də ciddi irəliləyiş baş verməyib. Elə bu səbəbdən də təbiət hadisəsi zamanı bağbanlar dəyən ziyanı öz hesablarına aradan qaldırmaq məcburiyyətində qalırlar. Bu isə təsərrüfatı geri salır, işi yenidən qurmağa başlayan fermer yeni məhsulu bəzən bir neçə il gözləməli olur. Bu vəziyyətdən çıxış yolu var:aqrarsığorta. Amma təəssüf ki, biz bu sahədə geri qalırıq.

Şəxsi təsərrüfatların sığortası işinin zəifliyi heç də ölkədə bu növ sığortanın olub-olmaması ilə bağlı deyil. Kənd təsərrüfatı subyektlərinin və məhsulların təbii fəlakətlərdən, iqlim dəyişikliklərindən qorunması haqda sığorta qanunvericiliyi istehsalçılara dəyən zərərə sığorta təminatı verir. Bu hadisələrə quraqlıq, partlayış, terror hadisələri, təbii fəlakətlər, xəstəlik və ziyanvericilərin vurduğu ziyan və sairə itkilər daxildir və bunların qarşılanması qanunvericilikdə əks olunub. Mülkiyyət formasından asılı olmayaraq dövlət aktı olan kənd təsərrüfatı istehsalçılarına məxsus kənd təsərrüfatı bitkilərinin və çoxillik əkmələrin məhsulları yanğın, dolu, sel, daşqın və şaxta vurması hadisələrindən sığorta olunmuş sayılır.
Hüquqi və fiziki şəxslərə məxsus torpaqlarda əkilən kənd təsərrüfatı bitkilərinin məhsullarının sığorta dəyəri – beş illik orta məhsuldarlıq əsasında istehsal olunmuş məhsulun bazar qiymətindən asılı olaraq müəyyən edilir. Beş illik məhsuldarlıq haqqında məlumat olmadıqda sığortaetdirənin axırıncı il götürdüyü məhsuldarlıqdan, o olmadıqda isə rayon üzrə keçən ilin faktiki orta məhsuldarlığından istifadə edilir.
Bəs, belə sadə bir proseduru olan faydalı məsələ niyə diqqətdən kənarda qalıb? Axı, hər il yüzlərlə sahibkar təbii fəlakətlərdən əziyyət çəkir. Təhlil bu işdə yalnız bir səbəb olduğunu təsdiqləyir: iqtisadi savadsızlıq, sığortanın əhəmiyyətini anlamamaq. Demək, maarifləndirmə işi ya zəifdir, ya da kəndlini inandıracaq qədər anlaşıqlı deyil.
Bu sahədə uğur qazanmaq üçün yerli maarifləndirmə işində xarici təcrübənin təbliği yerinə düşər. Çünki, əcnəbi sahibkarlar bu işə çoxdan baş vurublar və sığortanın əhəmiyyəti barədə zəngin təcrübəyə malikdirlər. Məsələn, ənənvi olaraq kəndli ölkəsi sayılan Fransada aqrarsığorta XIX əsrdən başlayıb və yalnız ötən əsrin 60-70-ci illərində normal səviyyəyə çatıb. Düzdür, xarici ölkələrdə təbiətdən istifadə etməklə təsərrüfat yaratmağın ən kiçik risqləri belə nəzərə alınıb. Amma bu səviyyəyə çatmaq üçün uzun illər lazım gəlib. Belə ki, qanunvericilikdə baş vermiş hadisə nəticəsində itkiyə getmiş məhsula, bitkilərə görə bütün detalların nəzərə alınması sığorta haqlarının ödənməsində çətinlik yaratmır.
Bizim ölkədə də sığorta qarşılığının ödənməsi kifayət qədər nəzərdə tutulur. Lakin hadisə baş verən zaman sığorta etdirənin get-gələ düşməsi ehtimalı böyükdür. Çünki, sahə üzrə itkiləri dəqiq və obyektiv hesablamağı bacaran təcrübəli ekspertlərin çatışmazlığı hiss edilir. Buna görə də aqrarsığorta mütəxəssislərinin hazırlanması, imkan daxilində onların xaricdə təcrübə keçməsi təşkil olunmalıdır.
Hazırda dövlətin böyük diqqət ayırdığı qeyri-neft sektorunun inkişaf etdirilməsi proqramında aqrarsığortanın həyata keçirilməsinə ciddi ehtiyac duyulur. Kənd əməkçiləri yeni təsərrüfat subyektləri yaratmağa həvəslənir, lakin sığortasız fəaliyyət göstərdiklərindən təbii fəlakətlərlə üzləşib məhsulu itirəndə və əvəzi ödənilməyəndə çətin duruma düşürlər. Bu səbəbdən əksər sahibkarlar işdə gəlir götürmədən istehsaldan uzaqlaşırlar. Buna görə də Azərbaycan kəndlisinin aqrarsığortaya ehtiyacı böyükdür. Ona bu işdə daha yaxından yardım etmək gərəkdir.
N.NOVRUZ

Sizin Reklam Yeriniz