Əlaqə Arxiv
news Image
2016.10.19
09:22
| A A A
İqtisadi tərəqqinin Azərbaycan nümunəsi

Oktyabrın 18-i Azərbaycan Respublikası müstəqilliyinin 25-ci ildönümünü qeyd edib. Bu möhtəşəm tarix münasibətilə təşkil olunmuş yığıncaqda Prezident İlham Əliyev keçilmiş yolun çətinliklərindən və uğurlarından danışıb, qazanılmış qələbələrin tarixi əhəmiyyətinin izahını verib.
Müstəqillik illərinin ən böyük göstəricilərindən biri respublikanın iqtisadi yüksəlişi ilə bağlıdır. Azərbaycan min ildir ki, öz nefti ilə məşhurdur. Neft ölkəsi olmasına baxmayaraq, sovet dönəmində əhalinin sosial vəziyyəti indikindən xeyli aşağı idi. Çünki, gəlir mərkəzə, Moskvaya çatırdı. Amma indi, necə deyərlər, öz əlimiz öz başımızdır. Ölkə rəhbərliyi iqtisadiyyatı müstəqil şəkildə idarə edir, mədaxili-məxarici sərbəst müəyyənləşdirir. Bu səbəbdən də əsas diqqəti əhalinin sosial-iqtisadi vəziyyətinin, maddi-rifah halının yaxşılaşdırılmasına yönəldə bilir.
Ötən illər ərzində aparılmış düzgün və davamlı siyasət nəticəsində Azərbaycan dünyada analoqu olmayan iqtisadi yüksəlişə imza atıb. İlk növbədə strateji neft və qaz məhsullarının hasilatı və satışının dövlətin strategiyasına xidmət edən formulu müəyyənləşdirilib. Bundan alınan siyasi və iqtisadi dividendlər ölkənin daxili inkişafının simptomlarına çevrilib. Dövlət başçısının müstəqilliyin üçüncü əsas dövrü adlandırdı 2003-cü ildən sonrakı dövr iqtisadi quruculuğun görünməmiş sürətlə genişlənməsi ilə tarixə qovuşub. Keçmişdən miras qalan təsərrüfat subyektlərinin əksəriyyətinin dağıldığı bir ölkədə qısa zaman kəsiyində yeni müəssisələr yaratmaq hesabına iqtisadiyyatı üç dəfə artırmaq hələ heç bir dövlətə nəsib olmayıb. Sənaye istehsalı da o qədər artıb. Yoxsulluq indeksi ölkədə sürətlə aşağı düşüb, 50 faizdən 5 faizə enib.
Regionların, şəhər və kəndlərin siması inanılmaz dərəcədə dəyişilib. Əhalinin məşğulluq dərəcəsi artırılıb. Şəxsi təsərrüfatların inkişafına, ailə-fermer təsərrüfatlarına hərtərəfli qayğı göstərilib. Yeni ab-havada istehsal subyektlərinin yaradılmasına hər cür yardım edilib. Qısa müddətdə 1 milyon 300 min yeni iş yeri yaradılıb. Bütün bunlar ağıllı və gələcəyə hesablanan siyasətin önəmli nəticələridir.
13 il ərzində ölkədə 3 mindən çox məktəb, 600-dən çox tibb ocağı, 40-dan çox İdman Olimpiya Mərkəzi tikilib istifadəyə verilib. Regionun ən böyük stadionu da məhz Azərbaycanda inşa edilib. Bunlar son illərin nailiyyətləridir.
Görülən işlər sadəcə, gündəlik tələbatı ödəmək məqsədi güdməyib. Dünyanın ən inkişaf etmiş ölkələri ilə əməkdaşlıq nəticəsində müasir səviyyəli zavod-fabriklər tikilib. Ölkəyə yeni texnologiyalar gətirilib. Dövrün tələblərinə cavab verən müəssisələr yaradılıb.
10 il əvvəl heç kim düşünməzdi ki, Azərbaycan kosmik texnologiyanən istifadəçisinə çevriləcək. Amma indi bu reallıqdır. Kosmik fəzada Azərbaycanın iki peyki “işləyir”. Üçüncü peykin buraxılması yaxın gələcəkdə gözlənilir. Bu, çox böyük müvəffəqiyyətdir. Həm də Azərbaycanın bu günün və gələcəyin dövləti olmasına maddi sübutdur.
Cəmi 10 il əvvəl bizim xarici ölkələrin yardımına ehtiyacımız vardı. Ancaq indi xarici dövlətlərin, hətta yüksək inkişaf etmiş dövlətlərin Azərbaycan iş birliyində maraqlı olması diqqətəlayiq hadisədir. Azərbaycan Qərb ölkələrinə neft və qaz ixrac edir və bu məhsulların həcmini ildən-ilə artırır. Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri əsasında yaradılmış “Cənub” qaz dəhlizi, inşası uğurla davam etdirilən TAP, TANAP qaz kəmərləri şəbəkəsi enerji daşıyıcıları kimi mühüm məıhsullar üzrə Azərbaycanın dünyadakı mövqeyini gücləndirən iqtisadi layihələrdir. Avropa kimi tələbkar və imkanlı bazara çıxmaq heç də hər istehsalçıya yaxud ixracatçıya nəsib olmur. Sumqayıt Yüksək Texnologiyalar parkı, Neftçala Sənaye məhəlləsi, Gəncə, Mingəçevir, Şəki və digər şəhərlərdə yaradılan sənaye mərkəzləri istehsal etdikləri məhsulların çeşidi və keyfiyyəti ilə dünya standartlarına tam cavab verir.
Kənd təsərrüfatı sahəsində inkişaf çox böyük sürətlə davam edir. Ölkənin ərzaq təhlükəsizliyini qarşıya bir məqsəd kimi qoyan hökumət fermerlərə hər cür kömək edib və məqsədinə çatıb. Azərbaycan bu sahədə tədricən idxalçı ölkədən ixracatçı ölkəyə çevrilir. Azərbaycan brendi ilə buraxılan məhsullara dünya bazarında tələbat ildən-ilə artır.
İqtisadi yüksəlişin əsas qollarından biri ölkəyə valyuta axınını təmin edən sektorların inkişafıdır. Bu baxımdan fəxrlə deyə bilərik ki, artıq Azərbaycan öz tərəfdaşları üçün etibarlı nəqliyyat dəhlizini, bunun üçün lazım olan bütün müasir infrastrukturu yaratmağa nail olub. Qədim İpək yolunun bərpası və işə salınması uğurla davam edir. Tezliklə Şərqlə Qərbi birləşdirəcək Bakı-Tbilisi-Qars dəmiryolu istifadəyə veriləcək. Şimal Buzlu okeanından Hind okeanına qədər nəhayətsiz bir ərazini əhatə edəcək Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ən yaxın gələcəyin işidir.
Bütün bu saydıqlarımız Azərbaycan Respublikasının parlayan iqtisadiyyatının kiçik, amma daim zənginləşən, genişlənən və gözəlləşən panoramıdır.

N.NOVRUZ

Sizin Reklam Yeriniz