Əlaqə Arxiv
news Image
2016.10.22
10:00
| A A A
İcra başçılarının işi sahibkarların fəaliyyətinə görə qiymətləndiriləcək

“Sahibkarlara bu günə qədər bir milyard manat məbləğində güzəştli kreditlər verilib. Ancaq hər bir rayonun rəhbər orqanları özləri çalışmalıdır, şərait yaratmalıdır, sahibkarları cəlb etməlidir və onların fəaliyyətinə buna görə qiymət veriləcək”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağstafada “Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında müəssisənin işçiləri və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

Mütəxəssislərin fikrincə, ölkə rəhbəri tərəfindən icra başçılarının qarşısına qoyulan bu vəzifə regionlarda sahibkarlığın daha dinamik inkişafına yol açacaq. “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirir ki, ölkədə dərin iqtisadi islahatların aparıldığı yeni dönəmdə icra hakimiyyəti orqanları qarşısında yerli iqtisadiyyatın inkişafını təmin etməklə bağlı yeni – daha ciddi vəzifələrin qoyulması tam məntiqə uyğun bir addımdır: “İndi yerli iqtisadiyyatda əldə edilən nəticələr icra hakimiyyəti orqanlarının fəaliyyətinə qiymət verməyin yeganə ölçüsünə çevrilir. Bu, o deməkdir ki, yerli icra strukturları artıq üzlərini iş adamlarına çevirməli və onlara yardımçı olmalıdırlar. Bu sahədə dönüşün yaranması ilə bütövlükdə ölkə iqtisadiyyatında, onun qeyri-neft sektorunda ciddi nəticələr əldə ediləcək.
Son bir ildə ölkə başçısı tərəfindən qəbul edilən qərarlarla sahibkarlığın qarşısında olan bütün maneələr aradan qaldırılır. Ona görə də bu gün Azərbaycanın bütün bölgələri həm daxili və həm də xarici investisiyaları cəlb etməyin münbit məkanına çevrilir. İndi yerlərdəki iqtisadi durum daha çox yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin bu sahədə aparacağı işin səmərəliliyindən asılı olacaq”.

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz