Əlaqə Arxiv
news Image
2016.10.22
09:30
| A A A
Azərbaycan aqrar məhsulların əsas ixracatçılarından birinə çevriləcək

Qeyri-neft sektorunun inkişafı Azərbaycanın kənd təsərrüfatında daha çevik və sürtətli dəyişikliklərə səbəb olur. Ölkənin hər bir regionunda yeni-yeni təsərrüfat subyektləri yaradılır. İstehsal ildən-ilə genişlənir və yüksəlir. Texnologiyalar müasirləşir, əl əməyi yüngülləşdirilir.

Bu günlərdə Prezident İlham Əliyevin Qazax rayonuna səfəri zamanı işə salınan obyektlər bu sahədə görülən işlərin böyük miqyasını təsəvvür etməyə imkan yaradıb.
Rayonun “Birinci Şıxlı” kəndli-fermer təsərrüfatının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə dövlət başçısı deyib: “Nəzərə almalıyıq ki, bir çox torpaqlarımızda hələ suvarma işləri təşkil edilməyib. Növbəti illərdə əsas diqqət bu sahəyə göstəriləcək ki, bu gün suvarılmayan, yəni, heç bir iş aparılmayan torpaq sahələrində müasir kənd təsərrüfatı müəssisələri yaradılsın. Biz buna nail olacağıq. Gələcəkdə soyuducu anbarın da tikintisi nəzərdə tutulur. Bu da çox lazımdır ki, burada yetişdirilən məhsul xarab olmasın, daxili bazara göndərilsin. Eyni zamanda, burada məhsul artımı böyük ixrac potensialı yaradacaq”.
Belə görünür ki, hökumətin bu istiqamətdə gördüyü işlər Azərbaycanı önəmli kənd təsərrüfatı ölkəsinə çevirəcək. Bu istiqamətin ən xarakterik cəhətlərindən biri yeni texnologiyaların tətbiqidir.
Konstitusiyaya bu yaxınlarda edilmiş dəyişikliklərdə əks olunmuş müvafiq müddəaya əsasən əkinə yararlı torpaqlardan istifadənin keyfiyyətini artırmaq mümkün olacaq. Təkcə bu il 80 min hektar torpaq sahəsi istehsal dövriyyəsinə cəlb edilib. Sonrakı illərdə də bu proses davam edəcək. Hökumətin aqrar siyasətdə qarşıya qoyduğu vacib məsələlərdən biri dövlətin torpaq fondundan ən səmərəli şəkildə istifadəyə nail olmaqdır. Bu sahədə israfçılıq halları çoxdur və bunun qarşısının alınması məhsul artımında yaxşı nəticələr əldə edilməsinə səbəb olacaq.
Heyvandarlıq sahəsində torpaqdan istifadə aktual məsələdir. Məlumdur ki, bizdə heyvanları yayda yaylağa, qışda arana aparırlar. Vaxtilə bu proses şəraitə uyğun şəkildə formalaşıb və faydalı olub. Lakin müasir dövrdə texniki vasitələrin və texnologiyaların inkişafı şəraitin dəyişdirilməsini tələb edir. Məsələn, heyvanların qışda aran torpaqlara daşınmasının böyük bir əhəmiyyəti varmı? Heyvandarlığı yalnız dağ rayonlarında, həm də ilboyu bəsləmək olmazmı? Bizcə, olar. Əvvələn, otlaqların sahəsini artırmaq üçün ölkəmizdə kifayət qədər imkan mövcuddur. Dağ regionlarındakı dəmyə torpaqlarda müasir suvarma sistemi yaratmaqla “mədəni otlaqlar”ın təşkili torpaq fondundan qənaətlə və səmərəli istifadəyə əhəmiyyətli töhfə verə bilər. Qışda isə müasir tövlələr heyvanları soyuqdan qorumağa, silos və digər güclü yemlərlə bəsləməyə imkan verər. Aran zonadakı qışlaq yerləri isə əkin sahələrinə çevrilər. Bundan başqa, il ərzində iki dəfə yüz minlərlə heyvanın olduğu mal-qara sürülərinin 100-150 km arana-dağa daşınması problemi aradan qalxar. Əgər bu proses heyvanları yük maşınları ilə yox, sürüb aparmaqla baş verərsə, yolların zədələnməsi, torpaq yolların dağılması da baş verməz.
İnkişafın daha bir istiqaməti yüksək məhsuldar toxum növlərinin əkilib becərilməsi yolu ilə istehsalı artırılmasıdır. Daim yüksək keyfiyyət uğrunda çalışmaq eyni zamanda yüksək texnologiya və texniki vasitələr tələb edir. Bu isə ölkədə kənd təsərrüfatının sənayeləşməsi deməkdir. İxrac imkanlarının genişlənməsində bu faktorun rolu böyükdür. Çünki, sənayeləşmə məhsuldarlığın artırılmasının, başqa sözlə, daxili tələbatı ödəyərək ixracata da bəs edəcək bol məhsula başlıca zəmanətdir.
Beləliklə, proses başlayıb, iş gedir. Zamanın ölkə qarşısında qoyduğu vəzifələr uğurla icra edilir. Azərbaycanın nümunəvi kənd təsərrüfatı ölkəsinə çevrilməsində və əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsində məmurlar və sahibkarlar birgə səy göstərirlər.

N.NOVRUZ

Sizin Reklam Yeriniz