Əlaqə Arxiv
news Image
2016.10.25
10:06
| A A A
İdxaldan asılılıq azalır, ərzaq məhsullarında isə….

Aparılan hesablamalar göstərir ki, 2016-cı ilin ilk 9 ayında ölkəmizə idxalın həcmi ötən ilin eyni dövrünə nisbətən 5,9 faiz azalıb. Bir çox əsas mal qrupları üzrə idxalın dəyəri xeyli azalsa da bəzilərində artıb ki, bu da idxalın daha çox azalmasının qarşısını alıb. İdxalda maraq doğuran məqam ərzaq məhsulları ilə bağlıdır. Azərbaycana yeyinti məhsullarının idxalının həcmi illik müqayisədə 31,86% artaraq 2016-cı ilin yanvar-sentyabr aylarında 949 158,78 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ət idxalı 88,2% artaraq 24 300,21 min dollar, kərə yağı və süddən hazırlanmış digər yağlar – 2,4 dəfə artaraq 38 437,38 min dollar, meyvə-tərəvəz – 2,1 dəfə artaraq 91 267,24 min dollar, çay – 2,7 dəfə artaraq 30 211,16 min dollar, süd idxalı 34,87% artaraq 5 750,53 min dollara çatıb. Bu müddətdə buğda idxalı isə 7,29% azalaraq 208 407,42 min dollar olub.

Hesabat dövründə Azərbaycanın cəmi idxalının 15,31%-i məhz yeyinti məhsullarının payına düşüb. Qeyd edək ki, cari ilin ilk 8 ayı ərzində cəmi idxalda yeyinti məhsullarının payı 14,81% təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 10,76% olub. Mraqlıdır ki, bu il yerli ərzaq məhsullarının istehsalında əhəmiyyətli artım olub. Bel əvəziyyətdə mütəxəssislər ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə ərzaq məhsullarının idxalındakı artımı müxtəlif səbəblərlə izah etməyə çalışırlar.
Aqrar məsələlər üzrə ekspert Çingiz Fərəcov bildirdi ki, bütövlükdə 2016-cı ilin hava şəraitini kənd təsərrüfatı üçün əlverişli hesab etmək olmaz: “Xüsusən də aprel-iyun aylarında yağan intensiv yağış nəticəsində aqrar sahəyə ciddi ziyan dəydi. Bundan başqa pomidor və xiyar məhsulları fuzariyoz xəstəliyi tutdu. Ona görə də cari il xüsusən tərəvəz bitkilərinin azlığı ilə yadda qaldı.
Hətta nəzərə alaq ki, Azərbaycanda heç vaxt pomidor 2.5 manat olmamışdı. Hazırda mağazalarda ən çox istixana pomidorları satılır. Eyni zamanda xiyar 1.2 manata qədər yüksəldi. Həmçinin ölkə ərazisində meyvə istehsalı da istədiyimiz səviyyədə olmadı. Bütün bunlar ölkə daxilində meyvənin qiymətini ötən illərə nisbətən yüksəltdi. Ona görə də idxalda ötən ilin müvafiq dövrü ilə müqayisədə 32 faizə yaxın artım qeydə alınıb. Hazırda bazarlarda xarici məhsullar üstünlük təşkil edir. Xarici məhsulları isə iş adamları aldıqlarından daha baha qiymətə satmağa çalışırlar. Odur ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti fəaliyyətini gücləndirməlidir. Yəni, daxildə istehsal azaldığı üçün idxalın həcmində artım var”.
Ekspert əlavə etdi ki, daxildə məhsul qıtlığının bir səbəbi iqlim şəraitidirsə, digər səbəbi ixracın artmasıdır: “Belə ki, iş adamları xüsusən də Rusiyada məhsullarını daha baha qiymətə sata bilirlər. Ancaq ilk növbədə daxili tələbat ödənilməlidir”.
İqtisadçı-ekspert Anar İbrahimov bildirdi ki, ümumiyyətlə, 2016-ci ilin ilk 9 ayını ötən ilin müvafiq dövrü ilə müqayisə etsək, ərzaq məhsullarının idxalında artımları görmək mümkündür: “Bunun bir çox səbəbi var. Onlardan birinci və ən əsas amil kimi son iki ildə investisiya bazarlarında durğunluğu göstərmək olar. Belə ki, ötən dövrdə fermerləriaqrar sahəyə investisiya yatırımında fəal olmadılar. Nəticədə gündəlik istehlak məhsullarının istehsalında ciddi azalma müşahidə olundu. Bütün bunlar ərzaq məhsullarının idxalının artmasının rəvac verdi.
Bundan əlavə idxalın artması gündəlik istehlak məhsullarının qiymətində ciddi artımlara səbəb olub. Təsadüfi deyil ki, 2016-cı ilin ilk 9 ayı ərzində infilyasiya dərəcəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4%-dən çox olub. Yerli məhsulun istehsalındakı azalmalar olmasına baxmayaraq istehlakın həcmində artımın olması xaricdən daha baha idxala səbəb olub. Bütün bunlar həm qiymətlərin, həm də idxalın həcminin artımına səbəb olub”.
Yeyinti məhsulları çıxmaqla digər mal qruplarının hamısında idxalda azalma baş verib. Maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələrinin idxalı 102 milyon dollar, qara metallar və onlardan hazırlanan məmulatların idxalı 280 milyon dollar, nəqliyyat vasitələri və onların hissələrinin idxalı 465 milyon dollar azalıb. Üç mal qrupu üzrə idxal 847 milyon dollar daralıb. Yeyinti mallarının idxalında isə 230 milyon dollar artım var. Əsas mal qrupları üzrə 617 milyon dollar idxalın azalması qeydə alınıb.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz