Əlaqə Arxiv
news Image
2016.10.26
09:22
| A A A
Azərbaycanın iqtisadi göstəriciləri beynəlxalq miqyasda da yüksək qiymətləndirilir

Azərbaycanda ümumdaxili məhsul istehsalı (ÜDM) bu il 1% artacaq. Bu barədə Beynəlxalq Valyuta Fondunun "Qafqaz və Mərkəzi Asiya" ilə bağlı açıqladığı növbəti proqnozda deyilir. Proqnoza əsasən, 2017-ci ildə Azərbaycanda 2,4%-lik iqtisadi artım olacaq.

Maraqlıdır ki, bundan öncə BVF bu il üzrə Azərbaycanda 2,4%-lik iqtisadi azalma, gələn il üzrə isə 1,4%-lik artım proqnozlaşdırıb. Amma indi proqnozlar yaxşılaşdırılıb. BVF tərəfindən Azərbaycanın iqtisadi göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını iqtisadçılar müxtəlif rakursdan izah edirlər.
İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, Beynəlxalq Valyuta Fondunun bu il üçün verdiyi proqnozla Azərbaycan hökumətinin verdiyi rəsmi rəqəmlər arasında bir qədər fərq yaranıb: “Bəlkə də BVF-nin tarixində ilk belə hadisədir. Belə ki, hökumətin verdiyi rəsmi rəqəmlərə görə, car ilin doqquz ayında ÜDM-də bir qədər azalma var idi. İlin son üç ay müddətində neftin qiymətinin bir qədər yüksəlməsini və Azərbaycanda iqtisadi aktivliyin sürətlənməsini nəzərə alsaq, ÜDM-də vəziyyət dəyişə bilər. Amma göründüyü kimi, BVF bu il Azərbaycanda ÜDM-də 1 faiz artımın olacağını proqnozlaşdırır.
Qeyd edək ki, ilk dəfədir BVF-nin verdiyi proqnoz daha optimisdir. Gələn il üçün verilən proqnoz isə daha ağlabatandır. Azərbaycanda ÜDM-nin artımı gözlənilir. Hökumət gələn il üçün 1.5 faiz ÜDM artımını proqnozlaşdırır. Ancaq BVF burada da daha optimistdir. BVF gələn il Azərbaycanda daha böyük artımın olacağını bildirir. Amma burada obyektiv səbəblər var. 2017-ci ildə neftin qiymətinin 60 dollar olacağı gözlənilir. Əgər belə olacaqsa, Azərbaycanda ÜDM artacaq”.
Digər iqtisdçı-ekspert Cəfər İbrahimli bildirdi ki, BVF mütəmadi olaraq Qafqaz və Mərkəzi Asiya ölkələri ilə bağlı hesabatlarını verir: “Ancaq bu il Azərbaycan üçün verilən proqnoz diqqəti çəkir. Çünki, rəsmi açıqlamalara görə, cari ildə iqtisadi daralmalar var. ÜDM-də təxminən 4 faizə qədər azalma qeydə alınıb.
İlin 4-cü rübündə isə ÜDM-in 1 faiz artımını necə proqnozlaşdırıdıqları maraqlıdır. Böyük ehtimalla bundan sonrakı dönəm üçün kənd təsərrüfatı məhsullarının yığımından əlavə olunacaq dəyərin müsbət qatqısını gözləyirlər. İkinci səbəb kimi onu göstərmək olar ki, iqtisadiyyatda mütəmadi olaraq aşağı və yuxarı trendlər yaşanır. Amma heç bir ölkədə trendin daim aşağı və ya daim yuxarı gedəcəyi baş vermir. Müəyyən nöqtədən sonra trendin dəyişməsi hiss olunur. Son zamanlar hökumətin apardığı islahatları, özəl sektor və biznes mühitində təkmilləşmənin həyata keçirilməsini ciddi müsbət amil kimi göstərmək olar. Dövlət şirkətlərində şəffaflığın artırılması ilə bağlı bir neçə sərəncamlar verildi. Əlavə olaraq özəl sektor şirkətlərində də bu mühit yaradıldıqca iqtisadiyatda böyümə tendensiyanın saxlanılacağı gözləniləndir. BVF-nun qiymətləndirməsi böyük ehtimalla bu aspektdəndir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz