Əlaqə Arxiv
news Image
2016.10.27
09:30
| A A A
Bir ədədi 10 manat olan alça

Hər il bu vaxtlar olduğu kimi, yenə də Bakının bir neçə marketində fantastik qiymətə alça satılır. 1 kiloqram alçanın qiyməti 450- 500 manat civarında dəyişir. Bundan əlavə, qablarda 10-11 ədəd alçanı 110 manata satışa çıxarıblar.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirirki, adətən, satıcılar mövsümü olmayan məhsulun qiymətini hiper səviyyədə artırmağa çalışırlar: “Ancaq mövsümi olmadığına görə, hər elə məhsulların çox alıcısı da tapılmır. Yalnız çox imkanlı şəxslər 500 manatlıq alçanı almaqda maraqlı ola bilərlər. Elə nadir alıcısı olduğuna görə də satıcı bu şəkildə baha qiymətə təklif edə bilir. Ancaq vəziyyətin bu cür olmaması üçün müəyyən kənd təsərrüfatı məhsullarını anbarlarda dondurulmuş şəkildə saxlamaq olar.
Nəzərə alaq ki, aztəminatlı ailələr alçanın əvəzedicisi kimi alça turşularından əvəz edirlər. Amma əsl məhsulun qışda qiymətinin bu qədər şişməsini istəmiriksə, yayda yetişən zaman anbarlarda saxlanılması ilə onu qışa çatdırmaq mümkündür”.
Kənd təsərrüfatı sahəsi üzrə mütəxəssis Çingiz Fərəcov bildirdi ki, hər bir məhsulun yetişdirilmə dövrü var: “Təbii olaraq alça həmişə yaz aylarında açıq məkanda yetişir. Əgər başqa dövrdə alça yetişirsə, o, genetik modifikasiya olunmuş bitki məhsuludur. Həmin alça xarici ölkələrdən gətirilib. Ona görə də alçalar laboratoriyada yoxlanılmalıdır. Ancaq təəssüflər olsun ki, bizdə GMO yoxlayan laboratoriyalar yoxdur.
Göründüyü kimi, indi alça çox baha qiymətə satılır. Həmin məhsulları hər kəs ala bilmir. Yalnız imkanlı şəxslərin alması mümkündür. Ancaq bu məhsuldan istifadə məqsədəuyğun deyil. Həddindən artıq iri məhsul olur. Hansı ki, təbii alça o həcmdə ola bilməz”.
Ekspert əlavə etdi ki, adətən meyvələri 6-7 ay saxlamaq mümkün deyil: “Hər bir bitkinin özünün saxlanma texnologiyası var. Ən çox pomidor və xiyarı saxlamaq mümkündür ki, onun da müddəti bir ay yarımdır. Alça fevral-mart aylarında yetişən məhsuldur. O vaxtı yetişmiş alçanı oktyabr ayına qədər saxlamaq olmaz. Bunların hamısı istixanalarda yetişmiş məhsullardır, xarici ölkələrdən gətirilib. O alçanın da indi istifadəsi yolverilməzdir”.

Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz