Əlaqə Arxiv
news Image
2016.10.28
07:00
| A A A
BVF-nin Azərbaycana pul tövsiyəsi əsassız sayıldı

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan dövlətinə pul-kredit siyasətini sərtləşdirməyi tövsiyə edib. Bu barədə BVF-nin yaydığı bəyanatda qeyd olunub. Sənədə əsasən, Fond ölkədə inflyasiyanın nəzarətdə saxlanılması və manata olan tələbatın artırılması məqsədilə sərt pul siyasətinin həyata keçirilməsini zəruri hesab edir.

Həmçinin, BVF Azərbaycanın iqtisadi siyasət prioritetlərinə çoxillik büdcə konsolidasiyası planının hazırlanması və əvvəlcədən elan edilməsi, qaydalara əsaslanan fiskal çərçivənin tətbiqi və daha geniş məzənnə çevikliyinə yol açmaq üçün pul və məzənnə siyasəti çərçivələrinin gücləndirilməsini məsləhət görür. Bəs, pul-kredit siyasətinin sərtləşdirilməsi ölkəyə nə vəd edir?
İqtisadçı-ekspert Rəşad Həsənov pul-kredit siyasətinin sərtləşdirilməsinə ehtiyac görmür. Onun fikrincə, əksinə, bu istiqamətdə yumşaq siyasət yürüdülməlidir: “Azərbaycanda hazırda onsuz da sərt pul-kredit siyasəti həyata keçirilir. Uçot dərəcəsi 15 faizə qədər artıb ki, bu da il yarım burdan əvvəlki dövrlə müqayisədə 4-5 dəfə artım deməkdir. Eyni zamanda, il ərzində bankların kredit portfeli 1 milyard manat, yaxud da 22-23 faizə qədər azalıb. Belə bir şəraitdə dövlət büdcəsinin xərcləmələrinə də diqqət yetirsək görürük ki, burada da azalmalar var. Belə bir şəraitdə hansısa formada pul-kredit siyasətinin sərtləşdirilməsinə ehtiyac yoxdur.
Təbii ki, burada hökumət və Mərkəzi Bank daha çox inflyasiya və manatın məzənnəsini müəyyən səviyyədə qoruyub saxlamaq cəhdini nümayiş etdirir. Amma eyni zamanda, bunun digər sferalara yaratdığı mənfi təsir və zərərlərin həcmi də nəzəər alınmalıdır. Daha yaxşı olar ki, yumşaq pul-kredit siyasəti yürüdülsün”.
İqtisadçı alim Oqtay Haqverdiyev də düşünür ki, pul-kredit siyasətində sərtləşdirməyə getmək yolverilməzdir: “Azərbaycan hökumətinin onsuz da indi apardığı pul-kredit siyasəti sərt olması ilə seçilir. Mərkəzi Bank manatın məzənnəsini tənzimləyən bir orqandır. Bütün dünyada milli valyutanı sərbəst buraxırlar və onun da məzənnəsi valyuta bazarında tələblə təklif əsasında müəyyən olunur. Azərbaycanda Mərkəzi Bank hansı məzənnəni istəyirsə, onu uyğun da məzənnə siyasəti aparır. Bunun özü də sərt pul-kredit siyasətidir. Bu fonda BVF-nin sərt pul-kredit siyasəti aparmağı tövsiyə etməsi boş sözlərdən başqa bir şey deyil. Onun əməkdaşları yüksək əmək haqqı alıb, ayda bir dəfə iqtisadiyyatla bağlı fikirlərini bölüşürlər.
Bankların əsas funksiyası kənarda qalıb, boş işlərlə məşğuldurlar. 50 milyon manatlıq nizamnamə kapitalının müəyyən edilməsilə ölkədə bank sisteminin mövcud olduğunu demək olmaz. Nizamnamə kapitalı Azərbaycan üçün azı 200 milyon manat civarında olmalıdır ki, bankların sayı azalmaqla yanaşı, kapital da bir yerə cəmləşsin. Bu halda bir yerə cəmləşən kapitalla nəsə etmək olar”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz