Əlaqə Arxiv
news Image
2016.10.29
10:00
| A A A
Avropadan Azərbaycaan gələn məhsullar ucuzlaşacaq

Artıq bir neçə gündür dünya bazarlarında avronun məzənnəsi düşməkdədir. Oxşar tendensiya ölkəmizdə də müşahidə olunur. İqtisadçıların fikrincə, avronun ucuzlaşması Avropadan Azərbaycana daxil olan bir sıra məhsulların qiymətini aşağı salacaq. Bunun üçün isə avronun ucuzlaşması uzun müddət davam etməlidir.
İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, son 10 gündür dünya bazarında avronun dollar qarşısında ucuzlaşır: “Bu, gözləntilərlə bağlıdır ki, FES uçot dərəcəsini qaldıracaq və dollar bahalaşacaq. Bununla əlaqədar avro digər valyutalara, o cümlədən dollara nisbətən qismən ucuzlaşıb. Avronun ucuzlaşması Avrozonadan Azərbaycana gələn məhsulların qiymətinin dəyişməsində müəyyən dərəcədə özünü büruzə verə bilər. Sadəcə, bu dəyişmə məhsul növündən asılıdır. Çünki, Avropadan Azərbaycana gətirilən məhsulların bəzilərinə tətbiq olunan vergi, gömrük rüsumları fərqlidir.
Son dövlər gömrük rüsumlarına edilən dəyişikliklərdən çxış edərək onu demək mümkündür ki, quş ətində ciddi dəyişiklik olmayacaq. Çünki, Avrozonadan Azərbaycana quş əti az gəlirdi. Gömrük rüsumlarının artırılması ilə əlaqədar avronun ucuzlaşmasına baxmayaraq, quş ətinin qiymətində hətta artım da qeydə alına bilər. Amma Avrozonadan gələn digər məhsul növlərində müəyyən dərəcə ucuzlaşma mümkündür. Bu, həm də Azərbaycanda manat-avro nisbətinin hansı səviyyədə olacağından asılıdır. Avro manata nisbətən ciddi ucuzlaşacaqsa, daxil olan məhsulların qiymətində də ciddi ucuzlaşma baş verə bilər. Əgər məzənnədə böyük dəyişillik olmayacaqsa, qiymətlərə birbaşa təsiri minimum olacaq”.
Ekspert əlavə etdi ki, avronun bundan sonrakı məzənnəsi də təxmini proqnoz etmək mümkündür: “Avropanın FES toplantısına qədər gözləntiləri var. Eyni zamanda Avropa Mərkəzi Bankının sədri Mario Draqinin son çıxışı onu deməyə əsas verir ki, avronun müəyyən qədər zəifləməsində özlərinin də marağı var. Avronun zəifləməsi Avrozonaya daxil olan ölkələrin ixracatının artması ilə müşahidə olunur. AMB bazarlara ayda təqribən 80 milyard yaxın əlavə likvid vəsait daxil edir ki, monetar genişləndirmə proqramını davam etdirsin. Bu, avronun ucuzlaşmasına təsir göstərən amillərdən biri olacaq. Avropanın bu marağını, FES qərarlarının gözləntisini nəzərə alsaq, yaxın gələcəkdə avronun davam şəkildə ucuzlaşmasını söyləmək mümkündür”.
Digər iqtisadçı-ekspert Kənan Aslanlı bildirdi ki, idxal edilən məhsulların idxal dəyəri ifadə olunduğu valyutanın məzənnəsinə bağlıdır: “Amma bu ümumi qayda bəzən özünü doğrultmaya bilər. Əgər ucuzlaşma trendi davamlıdırsa, ən azı bir neçə ay sürürsə, o zaman həmin bölgədən idxal edilən məhsulların qiymətində məzənnəyə uyğun dəyişiklik gözləmək mümkündür.
Avrozonanın özündən yaranan səbəb deyilsə, ucuzlaşma adətən qısamüddətli xarakter daşıyır. Ancaq avronun gələcək məzənnəsi barədə proqnoz vermək üçün bir neçə məqama diqqət etmək lazımdır. Məsələn, Böyük Britaniyanın Avropa Birliyindən çıxmasına görə, uzunmüddətli dövrdə avronun məzənnəsində ucuzlaşma gözlənilir. Amma avro həm də dolların məzənnəsindən asılıdır. FES-in gözlənilən faiz dərəcəsində artım qeydə alınmasa, dollarda bir qədər yumşalma baş verəcək ki, avroda ucuzlaşma yox, bahalaşma trendi özünü göstərə bilər”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz