Əlaqə Arxiv
news Image
2016.12.06
09:00
| A A A
Azərbaycan məhsulları ABŞ bazarlarında
Çingiz Fərəcov: “ABŞ-da keyfiyyətə, qablaşdırılmaya, çeşidlənməyə ciddi diqqət yetirilir”

Azərbaycan öz kənd təsərrüfatı məhsullarını ABŞ bazarına çıxarmaq üçün kifayət qədər potensiala malikdir.

Bunu ABŞ-ın ticarət katibinin Avropa, Yaxın Şərq və Afrika üzrə müavininin köməkçisi Maykl Lalli Bakıdakı mətbuat konfransında deyib: "Bu tədbirlər Azərbaycana yeni investisiya gətirə bilər. Biz özümüz də şahidi oluruq ki, amerikalı biznesmenlərin Azərbaycana marağı artmaqdadır".
ABŞ rəsmisi bildirib ki, iki ölkənin 25 illik iqtisadi əməkdaşlığı genişlənməkdədir: “Azərbaycandakı Amerika Ticarət Palatası iki ölkə arasında ticarət əlaqələrinin inkişafı üçün 16 tövsiyədən ibarət sənəd hazırlayıb”. 
Mütəxəssislər də Azərbaycanın öz kənd təsərrüfatı məhsullarını ABŞ bazarına çıxara bilməsini istisna etmirlər. Aqrar məsələlər üzrə Çingiz Fərəcov bildirdi ki, Azərbaycanda müxtəlif növdə kənd təsərrüfatı məhsulları istehsal olunur: “Günəşli günlərin çoxluğu, kifayət qədər yağışın yağması, torpağın münbit olması nəticəsində Azərbaycanda kənd təsərüfatı məhsullarının çeşidini də bol edə bilib.  Bu məhsulların ABŞ-a göndərilməsi isə ciddi əziyyət tələb edən işdir. Əvvəla bu, yüksək həddə nəqliyyat xərcləri tələb edir. 
Eyni zamanda, burada əsas üç problemə diqqət yetirilməlidir. İlk növbədə Azərbaycanda kənd təsərrüfatı məhsullarının qablaşdırılmasında çatışmazlıqlar var, onlar həll edilməlidir. Məhsullarımız yüksək səviyyədə qablaşdırılımır. İkincisi, Azərbaycanda kənd təsərrüfatı məhsullarının çeşidlənməsi sahəsində də nöqsanlar qalmaqdadır. Ancaq bəzən xarici bazarlara standarta uyğun olmayan məhsullar gödəririk.  Qablaşdırma, çeşidləşmə problemləri həllini tapmalıdır. Bunun üçün kəndlilər, sahibkarlar maarifləndirilməlidir. Üçüncü problemi isə ABŞ-ın Azərbaycandan məsafəcə çox uzaqda yerləşməsidir. Ora məhsulun daşınması böyük nəqliyyat xərcləri tələb edir”.
Ekspertin sözlərinə görə, Azərbaycandan ABŞ-a əsasən tərəvəz məhsulları göndərmək olar: “Bu xüsusda xiyar, pomidor, qarpız və yemişi göstərə bilərik. Xüsusi ilə də Kürdəmirdə yetişdirilən «Kolxozçu» yemiş sortumuz var. Hansı ki, həddindən artıq dadlı yemişdir. Amma hər kənd təsərrüfatı məhsulunu ABŞ-a göndərmək də düzgün deyil. Çünki, ABŞ-da keyfiyyətə, qablaşdırılmaya, çeşidlənməyə ciddi diqqət yetirilir. 
Nəzərə alaq ki, ABŞ-da bütün məhsullar laboratoriyalarda yoxlanılır. Nitratın miqdarına ciddi diqqət edilir. Ona görə də əgər Azərbaycan ABŞ-a məhsul ixrac etmək istəyirsə, bütün tələblərə əməl etməlidir. Məhsul göndərməklə iş bitmir. Həmin məhsulların standarta uyğun olmasına çalışmalıyıq. Məhsul ixracının davamlı olması vacib şərtdir. Əgər bu standartlara riayət edəriksə və nəqliyyat xərcləri də nəzərə alınarsa, ABŞ və Kanadaya da məhsul göndərmək olar. Amma indiki vaxtda bu, bir qədər çətin görünür. Çünki, Azərbaycanda hələlik o qədər məhsul istehsal olunmur ki, ABŞ-a göndərə bilək. Bizdə kənd təsərrüfatı məhsullarına böyük ehtiyac var. Göründüyü kimi, bu sahədə qiymətlər ucuz deyil. Avqust ayında pomidorun kiloqramı 2.5, xiyarın kilosu 1.5 manata qədər yüksəldi. Əgər məhsul bolluğu yaranarsa, qiymətlər düşər. 
Diqqət etsək, görürək ki, hazırda mağazalarda xarici məhsullar üstünlük təşkil edir. Düzdür, xarici ölkəyə məhsul ixrac yaxşı amildir. Bu, ölkəyə gəlir gətirir. Amma bunun üçün ciddi hazırlıq görülməlidir. Əvvəla standartalara ciddi əməl olunmalıdır. Məhsullar aqrotexniki qaydalar əsasında becərilməlidir. Əks halda xaricə keyfiyyətsiz məhsul göndərməklə bunu davamlı edə bilmərik”.
Çingiz Fərəcov əlavə etdi ki, əgər Azərbaycandan ABŞ-a məhsul ixrac olunacaqsa, dövlətimiz buna dəstək verməlidir: “Dövlət nəqliyyat xərclərinin 50 faizini üzərinə götürməlidir. ABŞ-a məhsul göndərən sahibkara subsidiya verilməlidir. Əks halda sahibkar bu qədər xərcin öhdəsindən gələ bilməz. Dövlət bu işdə yardımçı olarsa, bunun müsbət tərəflərini görə bilərik”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz