Əlaqə Arxiv
news Image
2016.12.06
09:30
| A A A
Türkiyədə dollardan imtina olunur
Ekspert: "Cəmiyyət milli valyutanın gücləndirilməsi istiqamətində aparılan fundamental işləri görməlidir"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əhaliyə müraciət edərək milli valyuta olan lirəyə dəstək verməyi çağırıb. Türkiyənin "Hürriyet" qəzetinin verdiyi xəbərə görə, İstanbulda çıxış edən ölkə başçısı qeyd edib ki, milli valyutaya dəstək verənlər zərərlə üzləşməz: "Yastığınızın altındakı xarici valyutanı lirəyə və qızıla çevirin. Bizi yıxmaq istəyənlərə qarşı çıxın və milli valyutamıza dəstək verin. Milli valyutımız sizə zərər verməz". 

Məlumat üçün bildirək ki, artıq İstanbul birjası  Türkiyə prezidentinin çağırışına dəstək verib.  Birja bütün nağd vəsaitləri lirəyə çevirməklə türk lirəsi hesablarında saxlanmasına qərar verib. İstanbul birjasının rəhbərliyi bununla bağlı bildirib: "Ölkənin dövlət başçısının açıqlamalarından sonra rezerv olaraq yer alan, ehtiyac duymadığımız vəsaitləri türk lirəsinə olan güvənimizin göstəricisi olaraq lirəyə çevirdik. Şəbəkəmizə daxil olan bütün qruplarla bərabər sektorla bağlı hər cür  fəaliyyətimizdə istifadə olunan dollar, avro ifadəli tariflərimizin də hamısını lirəyə çevirmək üçün  geniş, əhatəli bir iş gördük. Türkiyədə yaşayırıq və bizim kimi qurumların lirəni yüksək tutması lazımdır". 
Qeyd edək ki, artıq əhali tərəfin də analoji addımın atılması müşahidə olunur. Çağırışdan sonra lirənin dollar qarşısında möhkəmləndiyi müşahidə olunur. İqtisadçı-ekspert Cəfər İbrahimli bildirdi ki, Ərdoğan zaman-zaman həm də xarici ticarətdə milli valyutadan istifadəni səsləndirir: “Bu mümkün variantdır, amma bunun üçün texniki məsələlər həll edilməlidir. Yəni, müddət tələb edən məsələdir. Həmçinin həmin ölkələr öz valyutalarında ciddi inamı təmin etməlidirlər. Digər tərəfdən bu cür çağırışlar iqtisadiyyatda elmi metod hesab olunmur. İqtisadiyyatın öz işləmə prinsipləri var. Bazarı da onlar tənzimləyir”.
İqtisadçı əlavə etdi ki, Azərbaycanda da manata inamın təsis olunması üçün konkret addımlar atılır: “Bununla yanaşı, cəmiyyət milli valyutanın gücləndirilməsi istiqamətində aparılan fundamental işləri görməlidir. Vətəndaş o təminatı hiss etməlidir”.
Ekspertin sözlərinə görə, xarici ticarətdə milli valyutanı işə salmaq üçün bu valyutanı tanıyacaq mərkəzi sistemin olması lazımdır: “Necə ki, Avropada Avropa Mərkəzi Bankı var. AMB avroya aid məsələləri tənzimləyir. Bizdə də manatın xarici ticarətdə işləyə bilməsi üçün o gücə gəlməlidir. Bir də bunun üçün onun tələb etdiyi sistemi qurmaq lazımdır. Məhsullarımızı manatla satsaq, bizə o manatı kim verəcək? 
Məhsulu adətən dövlət yox, biznes strukturları alır. Ən yaxın Türkiyədir. Amma bu gün Türkiyənin heç bir bankında manat yoxdur. Eyni zamanda lirə də bölgədə işləyəcək hala gəlməlidir”.
Digər iqtisadçı-ekspert Yaşar Əsədov bildirdi ki, əhaliyə bu cür çağırış etmək olar: “Dövlətin ağır zamanında bu cür çağırışların edilməsi mümkündür. Amma mövcud iqtisadi şərait insanları buna sövq etməlidir. Çünki, çağırışlar müvəqqəti dövrdə effekt verə bilər. 
Rusiyada sanksiyalardan sonrakı dövrdə rubl dollara nisbətən iki dəfədən çox ucuzlaşdı. İlkin aylarda Rusiya daxilində narahatçılıq yaranmışdı. Ancaq artıq Rusiya daxilində dollar söhbəti yoxdur. Rusiyada rublun məzənnəsindəki dəyişiklik daxildə qiymətlərə təsir etmir. Əhali də buna vərdiş edib. Yəni, artıq heç nəyi dollarla ölçmürlər. Məsələn, bəzən xəbər çıxır ki, hansısa məmur 1 milyon rubl dövlət vəsaitini mənimsəyib. 1 milyon böyük rəqəmdir. Halbuki, dollarla ifadəsində təxminən 15 minə yaxın vəsaitdir. Rublla ifadə edildiyindən böyük görünür. Yəni, onlar dolları unudublar. 
Azərbaycanda da iqtisadi şərait elə formalaşdırılmalıdır ki, insanlar dolların məzənnəsi söhbətini unutsunlar. Daxili bazarda dollar olmamalıdır”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz