Əlaqə Arxiv
news Image
2016.12.06
11:34
| A A A
Marketlərdə vitrin qiymətləri kassa qiymətləri ilə üst-üstə düşmür

Bəzi hallarda marketlərin vitrinə düzülən malların üzərindəki qiymətlərin kassa qiyməti ilə üst-üstə düşməməsi alıcıların daha çox narazılıq etdiyi məqamlardandır. Alıcılar demək olar ki, iri supermarketlərin bəzilərində bu cür hallarla tez-tez rastlaşdıqlarını söyləyirlər.  Müəyyən  alıcılar isə qiymət fərqini evdə kassa çekinə diqqətlə baxdıqdan sonra hiss etdiklərini söyləyirlər. Esmira Nuriyeva adlı alıcı deyir ki, marketdən 67 manatlıq bazarlıq edib evə gəldikdən sonra anlayıb ki, aldığı malların çoxunun vitrin qiyməti ilə kassa qiymətində fərq var: “Bir qutu şorun üzərində vitrin qiyməti 1 manat 50 qəpik göstərilmişdi. Fikirləşdim ki, qiymət əvvəlki kimidir, bahalaşmayıb yəqin. Alıb evə gətirib kassa çekinə baxanda gördüm ki, 1 manat 60 qəpiklə hesablayıblar. Qab şampununda isə daha çox fərq vardı. Vitrində hər zaman aldığım qab şampununun qiyməti 1 manat 70 qəpik göstərilsə də, evdə çekə baxanda gördüm ki, qiyməti iki manat olub”.

Həmsöhbətimiz deyir ki, iri supermarketlərdə məhsulların vitrin qiyməti ilə kassa qiymətindəki bu fərq onların daha ucuz məhsul almaq imkanını da məhdudlaşdırır: “Onsuz da biz marketə məhsulun qiymətini bahalaşdırmasına görə irad tuta bilmirik. Amma görsək ki, qiymət bahalaşıb, cibimizə uyğun olanı seçərik. Vitrindəki qiymətə baxıb aldanıb alırıq. Evə gələndə görürük ki, 7-8 manat, bəzən 15-17 manat artıq ödəmişik”.
Pərakəndə xidmət üzrə ekspert Tural Abdullayev Movqe.az-a açıqlamasında deyib ki, bəzən alıcılar bunu marketlərin fırıldağı hesab etsə də, əslində, vəziyyət belə deyil: “Firmalar dolların qiyməti artanda marketlərə qiymət dəyişikliyi ilə bağlı  gün ərzində müraciət  edirlər. Qiymət dəyişikliyi ilə bağlı müraciət firmaların baş ofisinə daxil olur.     Bu zaman baş ofis qiymətlərdə dəyişiklik edir. Həmin əməliyyat ofisin bütün marketlərinin, filiallarının kassasında dərhal icra olunur. Buna görə də bəzən iri marketlərdə vitrin qiymətləri ilə kassa qiymətləri üst-üstə düşmür. Marketlərin kassasında əməliyyat qiymət dəyişikliyi aparılarkən marketlər mütləq vitrindəki qiymətlərdə də dəyişiklik etməlidirlər. Amma bəzən bunu marketlərdə fiziki baxımdan çatdırmaq mümkün olmur. Qiymət dəyişikliyi əməliyyatı bütün kassalarda birdən, eyni vaxtda icra olunur. Marketlərə isə bu dəyişikliyi vitrinlə uyğunlaşdırmaq üçün xeyli müddət vaxt tələb olunur. Bəzi marketlərdə işçi sayı az olduğundan, qiyməti operativ dəyişmək mümkün olmur. Bu zaman da kassa qiyməti ilə vitrin qiymətlərində fərq yaranır. Bu da təbii ki,  alıcının narazılığına səbəb olur”. 
Tural Abdullayevin sözlərinə görə, iri marketlərdə daha çox təsadüf olunan bu qiymət fərqinin aradan götürülməsi üçün kassa qiymətində dəyişiklikdən sonra, dərhal qiymətlər çap edilərək marketlərdə şöbələrin işçilərinə verilməli, onlara bu işi maksimum çevik şəkildə icra etmək tapşırılmalıdır.
Həmsöhbətimiz deyir ki, xüsusilə paytaxtda iri supermarketlər arasında rəqabət var: “Heç bir market müştəri itirmək istəməz. Bu məqam onlardan asılı olmayan səbəbdən baş verir. İri supermarketlərdə işçi sayı az olduğundan, qiymət dəyişikliyinin vitrin qiymətlərinə yansıması vaxt aparır”. 
T. Abdullayev deyir ki, kassa qiyməti vitrin qiymətində də göstərilməyibsə, alıcının vitrindəki qiyməti ödəməyə tam hüququ var. 

Zülfiyyə QULUYEVA  

Sizin Reklam Yeriniz