Əlaqə Arxiv
news Image
2016.12.13
09:15
| A A A
Azərbaycanın neft gəlirləri artacaq
İlham Şaban: “Yanvar ayında neftin ən yüksək qiymətini görə bilərik”

Xəbər verildiyi kimi, noyabrın 30-da OPEC üzvü olan ölkələrin Vyana sammitində neft bazarında qiymətlərin sabitləşməsi məqsədilə hasilatın gələn ilin yanvarından 1.2 milyon barrel azaldılaraq, 32.5 milyon barrel səviyyəsinə çatdırmaqla əlaqədar razılıq əldə olunmuşdu. İndi isə bura OPEC-ə üzv olmayan dövlətlər qoşuldu. Belə ki, neft ölkələrinin Vyanada keçirilən sammitində OPEC-ə üzv olmayan dövlətlər hasilatı gündəlik 600 min barrel həcmində azaltmaqla bağlı razılığa gəliblər. 

Bildirək ki, OPEK-ə üzv olmayan ölkələrin neft hasilatını azaltmasına dair dəqiq məlumatlar da açıqlanıb. Razılığa əsasən, Malayziya neftin  səviyyəsini sutkada 20 min, Ekvatorial Qvineya 12 min, Bəhreyn isə 10 min barrel  azaldacaq. Cənubi Sudan hasilatı sutkada 8 min barrel, Sudan və Bruney isə hər biri 4 min barrel aşağı salacaq. Azərbaycan, Rusiya, Meksika, Qazaxıstan və digər ölkələr üçün hasilatın azaldılması həcmləri barədə məlumatlar da bəllidir. Belə ki, Rusiya sazişə görə hasilatı 300 min, Meksika 100 min, Oman 45 min, Azərbaycan 35 min, Qazaxıstan isə 20 min barrel  azaldacaq. Ümumilikdə kartelə daxil olmayan 11 ölkə neft hasilatını sutkada 558 min barrel azaltmış olacaq.
Qeyd edək ki, qərar gələn ilin yanvar ayından qüvvəyə minsə də, elə indidən qiymətlərin artımı müşahidə olunur. Bazar ertəsi səhər hərraclar başlayan kimi “Brent” markalı neftin bir barreli 57 dollara yaxınlaşıb. Neft Araşdırmaları Mərkəzinin sədri, iqtisadçı İlham Şaban hesab edir ki, bu amil neft bazarına pozitiv siqnallar gönədərəcək: “Çünki, neft bazarı həmişə pozitiv siqnallara özünün adekvat reaksiyasını verib. Necə ki, noyabr ayının 30-da OPEC-ə üzv ölkələrin qərarından sonra neftin qiyməti faktiki olaraq 20 faiz bahalaşmışdı. Əgər noyabr ayı üzrə “Brent”  markalı neftin orta qiyməti 45 dollar idisə, artıq dekabr aylarının ilk günlərində neftin qiyməti 9 dollar artaraq, 54 dollara qədər yüksəlib. Odur ki, dekabrın 10-dan sonra OPEC-ə üzv olmayan ölkələrin görüşünün qərarı da bazara öz müsbət təsirini göstərəcək. Nəzərə alaq ki, dekabr ayının 10-u şənbə gününə təsadüf edib. Hansı ki, həmin vaxt birjalar işləmirdi. İndi isə iş həftəsi başlayıb. Artıq neftin qiyməti 56 dollardan çoxdur. Çox güman ki, bu artım davam edəcək. Odur ki, bunları bazara təsir edən müsbət amillər hesab etmək olar”.
İlham Şaban əlavə etdi ki, hələlik bütün bu qərarlar kağız üzərindədədir: “O baxımdan bazarlardan (qeyri-OPEC- 600 min, OPEC-1.2 milyon barrel) 1.8 milyon barrel neft yığışdırılmayıb. Amma nəticədə olaraq noyabr ayı ilə müqayisədə hazırda neftin qiyməti 20 faizdən çox artıb. Buna bazarın süni qızdırılması deyilir. Hansı ki, bu süni qızdırılma da bazara gələn müsbət informasiyaların təsirindədir. Digər tərəfdən, nəzərə alaq ki, qərar gələn ilin yanvar ayından qüvvəyə minəcək. Yəni, 2017-ci ilin yanvar ayında qiymətlər daha da bahalaşacaq. Ona görə də hələlik treyderlər bazara nefti əvvəlki kimi böyük miqdarda çıxarıb satmaq niyyəti güdmürlər. Bazarın öz qaydaları var. 
Məhsul adətən qiyməti bahalaşan anda yox, bir qədər gözlənilib satılır. Digər tərəfdən, hazırda qış mövsümüdür. Nəzərə alaq ki, neftin qiymətinə mövsümi faktor da təsir göstərir. Şimal yarımkürəsində cari qış nisbətən soyuq keçir. Bu fonda neftə tələbat artır. Bunun nəticəsində növbəti yaxın dövrdə neftin qiymətində artımların olması qaçılmazdır. Yanvar ayında ölkələr kvotaları tətbiq etməyə başlayacaqlar. Bu da bazara yenidən pozitiv informasiyaların gəlməsinə səbəb olacaq ki, o da neftin qiymətinin artması deməkdir. Odur ki, yanvar ayında neftin ən yüksək qiymətini görə bilərik. Ancaq yanvar ayına qədər qiymətlərdə müəyyən korrektələr olması mümkündür. Amma neftin hazırki qiymətində siyasi amilin rolu yoxdur. Nəzərə alaq ki, hasilatın dondurulmasına qərarına Rusiya, Qazaxıstan, Azərbaycan qoşulub. Hansı ki, onların siyasi amil ilə qoşulduqlarını demək olmaz. Yəni, bu gün proseslər sırf iqtisadi səbəblər üzrə gedir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz