Əlaqə Arxiv
news Image
2016.12.15
09:15
| A A A
Neftin qiymət artımı manatı da bahalaşdıracaq
Fikrət Yusifov: “Qiymətlər müəyyən bir həddə qədər qalxıb orada sabitləşərsə, onda ölkənin valyuya gəlirləri arta bilər və bu da öz növbəsində milli valyutanın məzənnəsinin sabitləşməsinə əsas yaradar” Yaşar Əsədov: “Neftin qiymətinin artımı manatı dollar qarşısında möhkəmləndirəcək”

Məlum olduğu kimi kimi, OPEC və qeyri-OPEC ölkələri hasilatın azaldılması ilə bağlı razılığa gəliblər. Qərarlardan dərhal sonra neftin qiyməti artmaqda davam edir. Hətta proqnozlar səslənir ki, qiymətlər 60-70 dollara qədər arta bilər. Bu fonda isə manatın gələcək məzənnəsi maraqlıdır. İqtisadçılar neftin qiymətində müşahidə edilən yüksəlişin davamlı olacağı təqdirdə manatın məzənnəsinin möhkəmlənəcəyini deyirlər.

Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirdi ki, neftin qiymətlərində OPEC-in son qərarından sonra baş verən artımların nə qədər davamlı olacağına təminat vermək mümkün deyil: “Əgər neftin qiymətlərinin aşağı düşməsi doğrudan da təkcə bazarda olan 1,5-1,8 milyon barrel nef artıqlığı hesabına baş versəydi, onda problemin OPEC-in son qərarından sonra həll ediləcəyinə güvənmək mümkün idi. Lakin neftin qiymətlərində son iki il yarımda baş verən proseslər məsələnin siyasi tərəflərinin kifayət qədər ciddi olduğunu sübut etdi. 
Kimlərsə bu gün nefin qiymətlərinin  55-60 dollar arasında sabitləşəcəyini, kimlərsə bunun 60-70 dollar arasında dəyişəcəyini yazır. Ancaq biz hesab edirik ki, qiymətlərin siyasi tərəfləri kifayət qədər ciddi olduğundan, qiymətlərin artaraq müəyyən bir səviyyəyə çatacağı və o səviyyədə sabitləşəcəyi inandırıcı görünmür. Əlbəttə ki, Azərbaycan hökuməti neftin qiymətlərinin yüksəlməsində çox maraqlıdır. Çünki qiymətlərin kəskin şəkildə aşağı düşməsi ölkəmizin vayuta gəlirlərinin əsaslı şəkildə azalmasına səbəb olub. Keçən il manatın iki dəfə kəskin devalvasiyaya məruz qalması və bu gün valyuta bazarında yaşanan gərginliklər məhz ölkədə möhkəm valyuta çatışmazlığı ilə bağlı olan məsələlərdir. Əgər OPEC-in son qərarından sonra qiymətlər doğrudan da müəyyən bir həddə qədər qalxıb orada da sabitləşərsə, onda ölkənin valyuya gəlirləri arta bilər və bu da öz növbəsində milli valyutanın məzənnəsinin sabitləşməsinə əsas yaradar”.
Digər iqtisadçı-ekspert Yaşar Əsədov bildirdi ki, manat-dollar münasibətlərinə əsaslansaq, neftin qiymətinin artımı manatı dollar qarşısında möhkəmləndirəcək: “Bunun üçün isə neftin qiymətinin artım tendensiyasının sabit və davamlı olması vacibdir. Bizdə üzən məzənnə müəyyən edilib və məzənnə hərraclarda müəyyən olunur. Amma neftin qiymətinin artımı nə qədər davamlı olacağı bəlli deyil. Neftin qiyməti əgər 60 dollara çatarsa, bazara şist nefti çıxacaq. Hansı ki, o neftin hasilatı çətin başa gəlir, daha dərində yerləşir və onun maya dəyəri daha bahalıdır.  
ABŞ-da şist neftinin yeni böyük ehtiyatları aşkar olunub. Neftin qiyməti aşağı olan vaxltlar şist nefti çıxaran mədənlər işini dayandırmışdı. Çünki, həmin  qiymətə nefti satmaq sərf etmirdi. İndi isə OPEC və qeyri-OPEC ölkələri hasilatı “dondurmağa” razılıq veriblər. Amma ABŞ neftçiləri həmin həcmdə (1.8 milyon barrel) şist nefti bazara çıxarmağa hazırdılar. Hansı ki, başqa ölkələrdə də belə yataqlar var və bu nefti çıxarmağa hazırdılar. Ona görə də neft qiymətlərinin 60 dollardan yuxarı qalxmağı real görünmür. Odur ki, manatın məzənnəsində nəzərəçarpacaq dərəcədə artımların olacağını proqnoz etmək çətindir”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz