Əlaqə Arxiv
news Image
2016.12.16
09:40
| A A A
Lüks avtomobillərdən tutulan vergilər artırılacaq
Natiq Cəfərli: “Qərarın nə vaxt və hansı mexanizmlə qəbul olunacağı vacib şərtdir” Azər Allahverənov: “Tək iqtisadi qurumlar yox, digər təşkilatların da mövqeyi öyrənilməlidir”

Azərbaycana idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə görə aksiz dərəcəsi artırılır. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında vergilər naziri Fazil Məmmədov məlumat verib. Onun sözlərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişikliyin edilməsi nəzərdə tutulur. 

Qanun layihəsinə əsasən, mühərrikin həcmi 2000 kubsantimetrədək olan minik avtomobilləri üçün aksiz dərəcəsi dəyişməyib. Mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 400 manat və əlavə olaraq mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 3 manat aksiz dərəcəsi müəyyənləşdirilib. Buna qədər belə avtomobillərin idxalı zamanı 400 manat və əlavə olaraq mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 1,5 manat aksiz dərəcəsi ödənilirdi. Mütəxəssislərin fikrincə, qəbul ediləcək qərar lüks avtonəqliyyat vasitələrindən büdcəyə gələn gəlirləri cüzi də olsa, artıra bilər.
İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, lüks, mühərrik həcmi böyük olan avtomobillər üçün aksiz vergilərinin artırılması elə də ciddi vergi cəlbi sayılmayacaq: “Həmin avtomobillərin xüsusi alıcısı var, amma elə də çox deyillər. Onu da nəzərə alaq ki, xaricdən avtomobil idxalı kəskin azalıb. 
Son bir ildə Azərbaycana avtomobil idxal yeddi dəfəyə qədər azalıb. Təbii ki, bunun da müəyyən hissəsi lüks avtomobillərdir. Odur ki, bu cür dəyişiklikdən sonra büdcəyə böyük həcmdə vəsaitin gəlməsi haqqında danışmaq hələ tezdir. Çünki, hazırda lüks avtomobillər kifayət qədər az idxal olunur. Yəni, qərar həcm olaraq büdcəyə ciddi effekt verməyəcək. Təbii ki, qərar, qəbulundan əvvəlki lüks avtomobillərə tətbiq edilməyəcək. Qanunun geriyə qüvvəsi yoxdur. Odur ki, qərarın nə vaxt və hansı mexanizmlə qəbul olunacağı vacib şərtdir”. 
Nəqliyyat məsələləri üzrə mütəxəssis Azər Allahverənov hesab edir ki, lüks avtomobillər üçün aksizlərin qaldırılması ilk baxışda mümkün görünür: “Amma burada başqa bir məsələ ortalığa çıxır. Lüks avtomobil dedikdə hansılar nəzərdə tutulur? 10 il əvvəl istehsal olunmuş avtomobil bu gün lüks avtomobil hesab olunurmu? Halbuki, o, 10 il ərzində istismar olunub. Bu baxımdan həmin avtomobilin xərcləri də artıb. Yəni, faktiki olaraq 10 ilin maşını ilə 1 il əvvəl istehsal olunmuş avtomobil arasında böyük fərqlər var. Əgər bu, mümkündürsə, aksiz vergiləri arasında differensiallaşdırmanın hansı mexanizm əsasında həyata keçirilməsi vacib məsələdir. Mühərrikin gücü, avtomobilin istehsal ili, yaxud da modelimi əsas götürüləcək? 
Digər tərəfdən, bu hal avtomobil bazarında qiymətlərin artımına zəmin yarada bilər. Onsuz da bu gün avtomobil bazarı elə də yaxşı vəziyyətdə deyil.  Bu qiymət artımı da ona daha pis təsir edəcək. Düzdür, ola bilsin, büdcənin kiçik bir hissəsi həmin axın hesabına doldurulsun. Lakin avtomobil bazarı, avtomobil satışı ilə məşğul olan dilerlər üçün müəyyən çətinliklər yarada bilər. Qərar bazarlarda qiymət artımı yaradarsa, onların gətirdikləri avtomobillər əllərində qala bilər. Bu da büdcəyə digər vəsaitlərin daxil olmasının qarşısını almış olar. Çünki, ticarət olmadıqda müvafiq qaydada vergi də ödənilmir. Tək iqtisadi qurumlar yox, digər təşkilatların da mövqeyi öyrənilməlidir. Prosesin xoşagəlməz hallara gətirib çıxmasına yol verilməməlidir. Yəni, hansısa qurumun təklifi digər qurumun işini ləngitməməlidir.  Təbii ki, ilk növbədə dövlət maraqlarıdır. Ancaq sahibkarların da maraqları nəzərdən qaçırılmamalıdır. Bu gün avtomobil satışı ilə məşğul olanlar büdcəyə konkret vəsait ödəyirlər. Nəzərə alaq ki, vaxtı ilə avtokreditlərin dayandırılması maşın bazarını çətin vəziyyətə salmışdı. İl ərzində 110 mindən artıq avtomobil satıldığı halda 2015-ci ildə 16 minə qədər düşmüşdü”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz