Əlaqə Arxiv
news Image
2016.12.21
08:00
| A A A
Vergi amnistiyası sahibkarlara dövlətin yeni mühüm dəstəyi olacaq
Vüqar Bayramov: “Vergi amnistiyası sahibkarlara öz fəaliyyətlərini genişləndirmək imkanı verəcək”

Azərbaycanda vergi amnistiyasının elan olunması gözlənilir. Ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə bununla bağlı müvafiq qanun layihəsi Milli Məclisə daxil olub. Sənədə əsasən, vergi amnistiyası 2017-ci ilin yanvarın 1-dək vergi borcu olan hüquqi və fiziki şəxslərə şamil olunacaq. Belə ki, qeyd edilən dövrədək vergi borcu olan şəxslər 2017-ci ilin yanvar ayında borcunun 30%-i, fevral ayında 50%-i, mart ayında isə 70%-i ödəyərsə, borcun qalıq hissəsi amnistiya olunacaq. Layihə beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanıb. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, vergi amnistiyasının tətbiqi ilə sahibkarlar daha geniş fəaliyyət imkanı əldə edəcəklər: “Vergi amnistiyası fonunda ondan bəhrələnən sahibkarlar özlərinin biznes fəaliyyətini genişləndirmək imkanı qazanacaqlar. Fəaliyyətlərinin genişlənməsi isə sahibkarlar üçün əlavə gəlir mənbəyi, yeni investisiya imkanlarının tətbiq edilməsi, yeni iş yerlərinin yaradılması deməkdir. Güman edirəm ki, atılan addım ilk növbədə sahibkarlara, xüsusən də vergi borcu olan, amma ödəmə qabiliyyəti olmayan və ya zəif olan iş adamlarına kifayət qədər ciddi dəstəyin olması anlamına gəlir. 
Vergi amnistiyasının tətbiq edilməsi həm də dövlətin sahibkarlara dəstəyini nümayiş etdirməsi kimi də xarakterizə olunur. Çünki dövlət vergi amnistiyasına gedirsə, nəticə etibarı ilə bir daha onu nümayiş etdirir ki, bu istiqamətdə sahibkarları dəstəkləyir. Xüsusən də postneft dövründə sahibkarların xərclərinin azaldılmasında maraqlıdır. O baxımdan dövlətin sahibkarlara dəstəyi mənasında vergi amnistiyasının tətbiq edilməsi məqsədəuyğundur. Vergi amnistiyasının tətbiqi eyni zamanda vergi nəzarətinin gücləndirilməsi baxımından da mühüm əhəmiyyətlidir. Bu amnistiyanın tətbiqi ondan sonra vergi ödənişlərinin vaxtlı-vaxtında həyata keçirilməsi və yüksək vəsaitlərin vaxtında cəlbilə bağlı vergi nəzarətinin gücləndiriləcəyinə də bir mesajdır. Çünki «ölmüş vergilər» və yaxud vergi borcları vergi qurumlarının işini də çətinləşdirir. Sahibkarın vəsaiti yoxdur, amma vergi qurumu da həmin vəsaiti əldə etməyə çalışır. Nəticə etibarı ilə proses vergi qurumlarının fəaliyyətinin yeniləşməsi və vergi nəzarətinin gücləndirilməsi baxımından vacibdir. 
Belədə vergi amnistiyasının tətbiq edilməsindən bütövlükdə Azərbaycan iqtisadiyyatı qazanacaq. Ona görə də atılan addım alqışlanılır. Onu da qeyd edim ki, vergi amnistiyası heç də büdcəyə gələn vergilərin azalması anlamına gəlmir. Vergi amnistiyası «ölmüş» və ya qaytarıla bilinməyən vergilərə amnistiyanın verilməsindən ibarətdir. Vergilər Nazirliyi monitorinqlər aparır və məlumatı var ki, hansı vergilərin qaytarılması ya mümkün deyil, ya da olduqca çətindir. Yəni praktik olaraq, həmin vəsaitləri büdcəyə almaq mümkünsüzdür. Söhbət də alınması mümkün olmayan və ya olduqca çətin olan vəsaitlərdən gedir. Oa görə də sözügedən amnistiya dövlət büdcəsinin gəlirlər hissəsinə heç bir təsir göstərməyəcək. Bu addım həmçinin bəzi sahibkarların prosesdən yararlanaraq  sui-istifadə hallarına yol verməsi anlamına da gəlmir. Çünki həmin amnistiya ancaq verilə bilməyən keçmiş vergilərə şamildir. Bu halda isə sahibkarlar prosesdən sui-istifadə edəbilməyəcəklər”.
İqtisadçı-ekspert Cümşüd Nuriyev düşünür ki, vergi amnistiyası ilk növbədə ölkədə qeyri-neft sektorunun inkişafına stimul yaradacaq: “Vergi amnistiyası sahubkarlara öz fəaliyyətlərini daha da genişləndirmək, iqtisadiyyatı dirçəltmək üçün  yeni şərait yaradır. Həmçinin, gələcəkdə vergilərin yığılması prosesini daha da yumşaldır. Vergi amnistiyasının tətbiq edildiyi ölkələrdə iqtisadi tənəzzül dayanır və tədricən inkişaf başlayır. Ona görə də vergi amnistiyasının müsbət tərəfləri çoxdur. Azərbaycan 1992-ci ildə də belə bir amnistiyaya getmişdi. O zaman investisiya ilə bağlı olaraq insanların əlində olan vəsaiti Azərbaycan iqtisadiyyatına qoymaq üçün belə bir amnistiya tətbiq edilmişdi. Amma vergi güzəştlərinin tətbiqi ölçülü-biçili olmalıdır. Yəni o sahələrə tətbiq olunmalıdır ki, ölkəyə həmin sektor daha tez gəlir gətirmək gücündə olsun. Hazırda bu istiqamətdə Azərbaycan üçün mühüm sahə kənd təsərrüfatıdır. Azərbaycanda bunun üçün hər cür şərait var. Aqrar sahə torpaq vergisindən azaddır. Taxıl və taxıl məhsulları əlavə dəyər vergisindən azad edildi. Ümumiyyətlə, vergi amnistiyası Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verəcək. Bu istiqamətdə iqtisadi komandanın güclü işləməsi də vacibdir”.
Rüfət NADİROĞLU 

Sizin Reklam Yeriniz