Əlaqə Arxiv
news Image
2016.12.27
08:00
| A A A
Sahibkarların xarici bazarlara çıxışı asanlaşır
Rəşad Həsənov: “İxrac assosiasiyaları yaratmaqla Azərbaycan məhsulunun tanıtımını, xarici istehlakçılarla istehsalçılarımız arasında kommunikasiyanın inkişaf etdirilməsini təmin edə bilərik” Cümşüd Nuriyev: “İxracın artırılması üçün əsasən aqrar sektor və xidmət sahəsini gücləndirmək vacibdir”

Azərbaycanda ixrac assosiasiyaları yaradılacaq.  Bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə deyilir.  Bu, xüsusən kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin xarici bazara çıxışı üçün həyata keçirilir. İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, ixrac assosiasiyaları xarici istehlakçılarla Azərbaycan sahibkarları arasında kommunikasiyanın inkişaf etdirilməsinə gətirib çıxaracaq: “Ümumiyyətlə, Azərbaycan brendinin ən böyük problemlərindən biri ölkədə istehsal olunan məhsulların dünya bazarlarına çıxışında zəif kommunikasiyanın olmasıdır. Yəni, azərbaycanlı sahibkar, xüsusilə də kiçik və orta biznes nümayəndələri istehsal etdikləri məhsulun dünya standartlarına uyğunlaşdırılmasında, məhsulun istehsal prosesində beynəlxalq standartların tətbiqində müvafiq standartlaşmanı təsdiq edən sənədlərin əldə olunmasında ciddi problemlərlə üz-üzədirlər. Bu baxımdan da yaranacaq ixrac assosiasiyaları  belə texniki məsələlərin həllində sahibkarlara kömək ola bilər.  Burada ikinci mühüm bir problem ondan ibarətdir ki, sahibkarlar istehsal zamanı ixracın istiqamətləri barədə az məlumatlıdırlar. Onlar hansı məhsullara mövcud imkanlar daxilində çıxış imkanının mümkün olduğu, bazarlarda tələbatın olması ilə bağlı az məlumatlıdırlar. Bu baxımdan çox hallarda istehsal edilən məhsulların dünya bazarlarında tələbatlılıq səviyyəsi çox aşağı olur və hətta bir sıra hallarda ümumiyyətlə, mümkün olmur. Düşünürəm ki, ixrac assosiasiyaları bu istiqamətdə sahibkarların məlumatlandırılması və yönləndirilməsinə müəyyən töhfə verəcəklər. Üçüncü problem ondan ibarətdir ki, hazırda istehsal olunmuş məhsulların mövcud bazarlara çıxarılması yol və qaydaları, onun təşkili məsələsində sahibkarlar ciddi çətinliklərlə üz-üzədirlər. Bu kiçik və orta sahibkarlar üçün başlıca problemlərdən biridir. Məsələn, «Made in Azərbaycan» brendinin təbliği və təşviqi sərgilərinin keçirilməsi kampaniyası da daxil olmaqla, ixrac assosiasiyaları bütövlükdə götürəndə 

prosesi təşkil etməklə Azərbaycan məhsulunun tanıtımını, eyni zamanda xarici istehlakçılarla istehsalçılarımız arasında kommunikasiyanın inkişaf etdirilməsini təmin edə bilərlər. Bütün bunlar da son nəticədə Azərbaycan məhsulunun xarici bazarlara çıxış imkanlarına müəyyən köməklik verə bilər”.
İqtisadçı-ekspert Cümşüd Nuriyev ixracın artırılması üçün əsasən aqrar sektor və xidmət sahəsini gücləndirməyin vacib olduğunu bildirdi: “Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün qeyri-neft sektorunda əsasən də kənd təsərrüfatına və xidmət sektoruna fikir vermək lazımdır. Ölkələr var ki, büdcəsinin yarısından çoxunu xidmət sahəsi, turizmdən götürür. Məsələn, Avropa ölkələrinin əksəriyyətində xidmət sahəsi üstünlük təşkil edir. Azərbaycan da bunu edə bilər. Yəni, xırda və orta sahibkarlığı ilk növbədə bu sahəyə meylləndirmək gərəkdir. 
Hazırda ölkənin qeyri-neft sektoru sahəsində xaricə satacağı məhsullar ancaq ərzaq məhsullarından ibarətdir. Alkoqollu içki və şirələrin xaricə ixracı sahəsində müəyyən irəliləyişlər əldə etmişik. Onların satışını təşkil etmək üçün firmalar var. Belə olan halda digər istiqamətdə əlavə qurum yaratmaq ixrac həcmini artıracaq”. 
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz